İttifaqlar birləşdi!  - Mütəxəssislər danışır:"Gənclərə yol açın!"

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid ad altında birləşib. Dünən hər iki İttifaqın idarə heyətlərinin birgə iclası keçirilib və onların birləşməsi haqqında qərar qəbul edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin sözlərinə görə, iclasda ölkədəki kino sahəsinə dəstək məqsədilə hər iki qurumun birləşməsi ilə bağlı qərar qəbul edilib: "Yeni təşkilat Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təklifi ilə Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılıb. Hələ ki sədrlik məsələsi düşünülməyib, çünki ayrılma prosesi bir müddət, təxminən bir ay, ay yarım çəkəcək. Ona görə də heç bir təklif yoxdur. Yəqin ki, bununla bağlı daha sonra addım atılacaq. Onsuz da hər iki qurumun işi eyni idi və yekun olaraq ittifaqlar birləşdi. Bəzi sənədləşmə işləri var, yekunlaşdıqdan sonra birliyə kimin rəhbərliyi edəcəyi müəyyənləşəcək".

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar jurnalist Qulu Məhərrəmli isə  “Sherg.az"a açıqlamasında Kinematoqrafçılar İttifaqlarının  vahid ad altında birləşməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Onun sözlərinə görə, bu qərarı verməklə  hər iki tərəf çox ağıllı və  düşünülmüş addım atıb: 

“Mədəniyyət Nazirliyinin də bu birləşmədə rolu böyükdür. Bu İttifaqın çox dərin bir tarixi var. Uzun illər fəaliyyətdə olan   Azərbaycan Kinematoqrafçılar İttifaqına kinomuzun inkişafında çox böyük xidmətləri olan Rüstəm İbrahimbəyov rəhbərlik edib.  Məlum səbəbdən Rüstəm İbrahimbəyova  qarşı aparılan kampaniya nəticəsində İttifaq  parçalandı.  Biz dəfələrlə qeyd etmişdik ki,  bu söz güləşdirmələrini bir yana qoyub, vaxtilə Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını bərpa etmək lazımdır.
Bu səbəbdən indiki  qərarın  ümumi kino sahəsinə müsbət töhfə verəcəyini  düşünürəm. Milli kinomuz üçün atılan bu addım yaradıcılıq enerjisi və menecerlik düşüncəsinin birləşdirilməsidir.  Azərbaycanda kino sahəsinin vəziyyəti hər kəsə bəllidir. Maliyyə, kadr, ssenari  problemləri fonunda yaradıcı insanların da dağınıq enerji ilə fəaliyyət  göstərməsi heç bir halda  müsbət nəticə verməyəcəkdi. Qüvvələrin birləşdirilməsi və hədəfin  müəyyənləşdirilməsi son dərəcə  vacib məsələ idi.  Sənətkarlarımız  gərəksiz iddiaları bir kənara qoyub,  Azərbaycan mədəniyyəti və Azərbaycan kinosu naminə kino sahəsinin tərəqqisinə xidmət etməlidirlər”.
 Azərbaycan Kinematoqrafçılar Birliyinə kimin sədr seçiləcəyinə gəldikdə isə Q. Məhərrəmli  seçki prosesinin subyektiv olduğunu deyib:  “Proses nə qədər şəffaf olsa da, istəkləri reallaşmayan  insanlar  ədalət prinsipinin mütləq mənada pozulduğun iddia edir. Bizim mentalitetdə də vəzifəyə xüsusi həssaslıq var. Hamı birinci  olmaq istəyir. Ümid edirəm ki AKB-nin seçkiləri bu formatda olmayacaq. Bu cür müdrik addım atıb birləşmə qərarı verən adamlar  vahid rəhbər seçimində də eyni təmkin və həssaslığı göstərəcəklər”. 
Jurnalist, televiziya eksperti Azər Cabbarov isə  deyib ki, kino İttifaqları birləşsə də, ayrılsa da, məncə, bunun Azərbaycan kinomatoqrafiyasının inkişafına elə bir təsiri olmayacaq: 
“ Nədənsə həmkarlarım bu birləşməni mədəniyyətimiz üçün əlamətdar hadisə kimi qələmə verirlər. Əslində isə belə deyilməli idi: Ölkədə bir deyil,  iki kino ittifaqı olduğu halda belə müasir kinomuzun durumu acınacaqlıdır. Deməli, ittifaqların ikisi də gərəksizdir! Yoldaşlar, əvvəla, sovet təfəkkürlü insanların müasir biznes yönümlü film sənayesi yaratma ehtimalı sıfıra bərabərdir. Əgər ekran işi kinoprokatda satılmayacaqsa, yalnız festivallara göndərilib, sonra rəflərə qaldırılacaqsa, durum yenə dəyişməyəcək. Dövlətdən pul almaq, daha doğrusu pul silməklə bu işi görmək olmaz, xanımlar və cənablar! Ümumiyyətlə, dövlətdən maliyyələşən yaradıcılıq ittifaqları dövlət üçün əlavə yükdən başqa bir şey deyil və heç bir inkişafa zəmin yaratmır. Müasir vizual sənətin monetizasiyası onun yaradılması kimi mürəkkəb və bu sahədə böyük bilik, təcrübə tələb edən ciddi istiqamətdir. Bu işləri bizdə bilən nə qədər mütəxəssis var? Hər iki ittifaq nə vaxtsa müəyyən atıbmı? Təbii ki, yox. İttifaqlar yalnız bir-birini ittiham etmək, nüfuzdan salmaq və dövlətdən maliyyə almaq uğrunda mübarizə aparıblar. Kənara çəkilin və gənclərə yol açın! Əgər iş dünyasına nüfuz edə bilmirsinizsə, kino sənayesinə investisiyalar cəlb etmək təcrübəniz yoxdursa, ümumiyyətlə bu işləri biznes proseslərə çevirə bilməyəcəksinizsə, elə birləşdiyiniz kimi də özünüzü toplu şəkildə buraxın! İnanın bundan ancaq Azərbaycan kinosu qazanacaq!”