Azərbaycan kitabı reanimasiyadan çıxacaqmı? - Ziyalıların POLEMİKASI

Ziyalıların polemikaları göstərir ki, bu məsələ çox uzun zaman alacaq
Müzakirələrdə Azərbaycanda kitabın reanimasiyaya düşməsində birbaşa “Qanun”nəşriyyatını günahlandıranlar da var

  “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu mədəniyyət nazirinə açıq məktub yazıb və konkret təkliflər səsləndirib. Bu sahədəki real vəziyyətin göründüyündən və danışılandan daha qorxunc olduğunu qeyd edən Ş.Xuduoğlu deyib ki, Azərbaycan kitabı reanimasiyadan çıxmalıdır: “Kitabların rəngli qapaqlarına baxmayın, bu sahədə çalışan insanların həyatı ağ-qaradır. İstər kitabı yazanlar, istər onu çap edənlər sosial müdafiədən məhrumdur. Ölkəmizdə il ərzində kitabı 1000 nüsxədən çox satılan nadir yazıçılarımız var və bunun keyfiyyətlə heç bir əlaqəsi yoxdur, sadəcə, hökumətin yeni əsərləri dəstəkləyən proqramı yoxdur. Azərbaycanın kitab mədəniyyətini inkişaf etdirmək missiyasını talelərinə biçən insanlar o min nüsxənin ümidinə yaşayırlar. Çap etdiyi kitabların və keçirdiyi sərgilərin sayına görə ölkənin ən böyük nəşriyyatı olan “Qanun” Nəşrlər Evinin timsalında müstəqil nəşriyyatların ayaq üstə qalmaqdan ötrü necə böyük çətinliklər yaşadığını görə bilərsiniz.
 Qeyd edək ki, Ş.Xuduoğlunun məktubu və qeyd etdiyi konkret təkliflər ədəbi cameədə müsbət qarşılanıb. Əksəriyyət sosial media hesabında sözügedən müraciəti paylaşaraq dəstək nümayiş etdirib.
  Yazıçı Cəlil Cavanşir də mədəniyyət nazirinə ünvanlanan
məktubu və təklifləri dəstəkləyən şəxslər sırasındadır. Bu barədə
 “Sherg.az"a danışan yazıçı deyib ki, Azərbaycan kitabının inkişafı üçün Şahbaz Xuduoğlu ciddi təkliflərlə çıxış edib:

 “Mədəniyyət Nazirliyi bu təklifləri nəzərə alsa, təbii ki, inkişaf olacaq. Kitab sənayesinin və ədəbiyyatın hazırkı vəziyyətə düşməsinin, yəni reanimasiyada olmasının yeganə günahkarı dövlətdir. Dövlət istəsə, bütün problemləri çox asanlıqla həll edə bilər. İnkişaf üçün səsləndirilən təkliflər nəzərə alınmalı, dövlət ədəbiyyatın və kitabın yanında olmalıdır”.
  Professor Telman Cəfərov isə deyib ki, ümid edirəm bu olduqca ciddi, əsaslandırılmış, emosiyadankənar müraciət Mədəniyyət Nazirliyində ətraflı öyrəniləcək, göstərilən istiqamətlərdə addımlar atılması üçün müvafiq Dövlət Proqramının təsdiqi təklif olunacaq ki, nəşriyyatlara maddi, təşkilati və mənəvi dəstək göstərilsin: 

“Bu qədər kitabxanası, ali və orta məktəbi olan ölkədə nəşr olunan kitabların alınması qanunauyğundur. Nəşriyyatlar ən azından öz yaradıcı və texniki heyətini saxlamaq üçün normal əməkhaqqı verə bilməlidir ki, kitabların məzmununa, keyfiyyətinə diqqət yetirə bilək”.
  Qeyd edək ki, sosial şəbəkələrdə gedən müzakirələrdə Azərbaycanda kitabın reanimasiyaya düşməsində birbaşa “Qanun”nəşriyyatını günahlandıranlar da var.
  Ənvər Əhmədi adlı istifadəçi yazıb ki, Şahbaz Xuduoğlu kitabı komaya salıb, indi nazirliyə deyir ki, gəl bunu reanimasiyadan çıxart: “Dərd orasındadır ki, o adam saya işləyir. Heç vaxt düşünmür ki, 13 min adda kitabın hərəsi 100 nəfəri məyus eləyəndə bu bəs eləyər ki, bu sahə komaya düşsün. Qüsurdan getmir söhbət, oxucunun qarşısına qoyulan əmtəədən gedir. Özünə hörmət eləyən naşir bu qədər tənqiddən çoxdan nəticə çıxarmalı idi. Məktubu dəstəkləməyə gəlincə, mən naşir deyiləm, amma olsaydım, heç vaxt dəstəkləməzdim. Çünki Şahbaz bəy kitabın elçisi kimi çox uğursuz seçim olardı”.
Şahbaz Xuduoğlu özü də polemikaya qoşulub:
"Sizin hansı kitabdan şikayətiniz var? Mənim işimdə sizi nə qane etmir?".
  Ənvər Əhmədi isə cavab olaraq yazıb ki, məsələn, Corc Oruelin "Paris və Londonda qara qəpiksiz"indən: “Səmimi soruşursunuzsa, bir-bir səhvləri sadalayım, amma siz də araşdırıb bir-bir cavab verin elə burada. İkinci sualınıza cavab olaraq deyirəm: Sizin işinizdə məni qane etməyən cəhət odur ki, siz bazarı zay kitablarla doldurursunuz və ümumilikdə kitab işinə zərbə vurursunuz. Sonra günahkarı başqa yerdə axtarmağa başlayırsınız və hətta çıxış yolu kimi Azərbaycan dilindən imtina etməyi, Türkiyə türkcəsinə keçməyi məsləhət görürsünüz.
Şahbaz Xuduoğlu:
- Dediyiniz kitab ingilis dilindən tərcümə edilib və yaxşı tərcümədir, baxmayaraq 10 il əvvəl olub. Corc Oruelin öz həyatından bəhs edir. "Zay kitablar" ağır ittihamdır. "Qanun" hər gün bir kitab nəşr edir. Əksəriyyət mükafat almış kitablar, dünya çapında adlı-sanlı müəlliflərdir. Üstəlik, bu kitablar Azərbaycan dilində ilk dəfə nəşr edilir. O ki qaldı dildən imtinaya, tısbağanı beli üstə aşır, ya da öldür, heç fərqi yoxdur. Bu dil ciddi islahatlara məkumdur, əks halda inkişaf etməyəcək. Bunu bilənlər bilir.