Üzeyir Hacıbəyli - Cəfər Bünyadzadə ixtilafı

  Azərbaycan anadilli mətbuatın inkişafına xidmət göstərən publisistlərdən biri də XX əsrin əvvəlində Cəfər Xocabəy oğlu Bünyadzadə (1886-1918) olub. C.Bünyadzadənin publisistik fəaliyyəti daha çox " Səda" və "Hümmət" qəzeti redaktoru olduğu "Tuti" satirik jurnalı ilə bağlıdır. XX əsrin əvvəllərində uşaqlar üçün ilk notsuz nəğmələr dərsliyinin müəllifi də məhz C.Bünyadzadə olub. Hal- hazırda oxuyacağınız məqalə də Üzeyir Hacıbəylinin bu dərslik haqqında olan tənqidi fikirlərini özündə əks etdirir. O dövrün bir çox ziyalısı kimi, C.Bünyadzadə də Üzeyir Hacıbəylinin operalarına tənqidi münasibət nümayiş etdirib və bu iki tarixi şəxsiyyətin bir-birinə davamlı tənqidi yazılarını, çıxışlarını mətbuatın saralmış nüsxələrində görürük. 
"Şərq"in oxucularına bildirmək istəyirəm ki, Cəfər Bünyadzadənin həm qardaşı nəticəsi, həm də onun yaradıcılıq irsinin tədqiqatçısıyam - Xəyal Bayramlı. 

ORDAN-BURDAN
Tənqid əvəzinə

Kitabları araşdırırkən balaca bir kitab diqqətimi cəlb etdi: adı “Kəşkül” və yaxud nəğmələr məcmuəsi, came və naşiri “Səfa” məktəbinin müəllimi Cəfər Bünyadzadə.
Deməli, bu kitabça cürbəcür havacat və nəğəmat kitabıdır ki “milli məktəblərdə də” istifadə oluna bilinər.
Bu kitabçada həman nəğmələrin ancaq sözləri yazılıbdır.
Bəs havaları?
Havalarını bilmək və öyrənmək üçün də Cəfər Bünyadzadə cənabları yol göstəribdir.
Mələsən, “Mədhi-Rəsulullah”, üç dənə marş, “Xitab”, “Elmə tərğib” və sairə və sairə və sairə; bunların havalarını öyrənmək xüsusunda müəllif cənabları diyor ki: “Havaları məlum olmayan hər nəğməni təlim almaq və ya məktəbində təlim etdirmək istəyən möhtərəm arqadaşlarımıza məlum edirəm ki, bən həman nəğmələri məccanən təlim etməyə hazıram”.
Müəllif əfəndini hava öyrənmək üçün axtarmaq çətin olmasın deyə adresini də yazıb bildiribdir: “Bakı, Böyük Çənbərəkənd küçəsi, “Səfa” məktəbində”.
Şübhəsizdir ki, müəllif cənablarının bu fədakarlığı şayani-təqdirü təhsindir. Doğrudan da, nəğmələri basan bir kitab qayırasan, havalarını da bilməyənlərə öyrədəsən və pul da almayasan — çoq böyük xidmətdir.
Ondan əlavə, bu nəğmələrin havalarını öyrənmək üçün göstərilən yol özü də çoq asandır. Bu gün, məsələn, fərz edək ki, Lənkəran məktəbinin müəllimi bu nəğmələrin havalarını öz şagirdlərinə öyrətmək istiyor. Axşam minər paroxoda, səhər olar Bakıda, sonra fayton tutub böyük Çənbərəkənd küçəsinə gedər, Cəfər Bünyadzadə cənablarını tapar, istədiyi nəğmələrin havalarını ondan təlim alıb öyrənər, heç pul da verməz, sonra yenə paroxoda minib Lənkərana qayıdar və öyrəndiyi hava yolda yadından çıxmamaq üçün yol uzunu oxuyar və sair miniklərə də ləzzət verər. Həmçinin Gəncə, həmçinin Şirvan, Şəki, Quba, Dərbənd müəllimləri bir-bir növbətlə Bakıya gəlib havaların hamısını Bünyadzadə cənablarından məccanən öyrənərlər və əvəzində müəllif cənablarının ömrünə dualar oxuyarlar ki, dünya durduqca yaşayıb gəlib-gedənlərə hava öyrətsin.
Qərəz, hava öyrənmək üçün bu bir yol. İkinci yolsa bundan da asandır.
Məsələn, “Bəsdir bu qəflət!” nəğməsi.
Bilirsinizmi bu nəğmə nə hava üstündədir?
““Fərhad və Şirin” operasında olan ən sevimli bir təranə” var, o təranənin havası üstündədir.
“Xalqdan ibrət”, “Analara xitab”, “Vətən əhlinə xitab” — bunlar da hamısı “Fərhad və Şirin” operasındakı havalar üstündədir.
“Fərhad və Şirin” operasının havaları da o qədər məşhurdur ki onları bilməyən adam tapılmaz. Bu barədə müəllif əfəndinin heç şübhəsi yoxdur və haqqı da var; “Fərhad və Şirin” operasındakı “ən sevimli bir təranə”ni hər kim bilməsə, eyibdir ki.
Bir para nəğmələr dəxi vardır ki “Leyli və Məcnun” operasının havaları üstündədir. Məsələn: marş: “Göz aç oyan, ey millət!” hər bir yerdə məşhur olan “Söylə bir görək, ərəb!” havası üstündədir. Ancaq “Söylə bir görək” havası üsulu ilə yazılmış bir marş oxunanda nə sayaq yerimək lazım olduğunu da mütləqa Cəfər Bünyadzadə cənablarının özündən öyrənməlidir. Mən o havanı bilirəm, amma o hava çalınanda yeriyə bilmirəm. Halbuki marş havası yerimək üçün yazılar. Bunu “came və naşir” əfəndi özü yaxşı bilər.
Yenə də hərgah bir şəxs milli opera əleyhinə duran “Tuti” jurnalını oxuyub da operaya qulaq asmağa getməyibdirsə və havalardan xəbəri yoxsa, o halda məcmuənin içində bəzi nəğmələr var ki toylarda oxunan havalar üstündədir, onu öyrənsin. Məsələn, əzcümlə, birisi budur: “Məktəbə get, hər səhər, oğlum!”: o saat məlumdur ki, “Çayda balıq yan gedər, Tello!” havası üstündədir. Müəllif cənabları da öyləcə yazıbdır. Bu nəğmənin adı “Ata nəsihəti”dir. Ancaq yaxşı olardı ki, müəllif cənabları qeyd edəydi ki, görək ata oğluna “Tello” havası üstündə “nəsihət” edərkən çırtıq vurub oynayan atası olmalıdır, yoxsa oğlu. Zənni-acizanəmcə, çırtığı oğlu vurub da oynayan atası olsa, daha müvafiq olar, yoxsa əks surətdə “mütrüb” oyunu çıxar. “Came və naşir” əfəndi, yəni milli musiqi əleyhində olan “Tuti” jurnalının müdiri Cəfər Bünyadzadə cənabları “övladi-vətənə xidməti-musiqiyyə”sini daha da artırmaq üçün bir böyük “qüsurumuzu” da düzəltməyi vədə eyliyor və diyor ki: “Toylarda, küçələrdə və bəzi məclislərdə oqunan bir çoq gözəl mahnılar ki sözləri ədəb dairəsində olmadıqdan məktəblərdə və başqa ədəbi məclislərdə oqunamıyorlar. İştə, bu qüsuru da düzəltməyə bir çoq möhtərəm şairlərimiz bana söz veribdirlər, həman havalara da milli sözlər qoşub “Kəşkül”ə hədiyyə edəcəklər”.
Görünür ki, musiqişünas əfəndimiz “övladı-vətənin tərbiyeyi-musiqiyyəsi”ni tək bir sözlərin “ədəb dairəsində” olmağında bilib havanın öz xüsusi təsirini nəzərə almıyor, yaxşı da eyliyor. Hava havadır, nə təfavütü var; istər “sümüyə düşüb” oynadan olsun, istər ləhvü ləb artıran olsun, istər şəhvətəngiz olsun, zərər yoxdur, təki sözləri “ədəb dairəsində” olsun.
Bünyadzadə cənabları “möhtərəm şairlərimizin” köməyi ilə bu “qüsurumuzu” düzəltsə, “övladi-vətənə çoq böyük xidmət” göstərmiş olar. Odur ki, özünə “Allah-Təala həzrətlərindən tövfiq” diləyən kimi, bizim də borcumuz məhz budur ki, ona “tövfiq” diləyib “xidməti-musiqiyyə”sinə qarşı təşəkkürlər edək, vəssalam.
Filankəs
Əski əlifbadan çevirən: Tural Əlizadə
"İqbal" qəzeti,
Düşənbə, 11 rəbiüləvvəl sənə 1334/4 yanvar 1916, nömrə 199