63 yaşlı jurnalist 7 müharibənin şahidi olub : "Bizə atəş açırdılar, əllərim titrəyirdi" - FOTOLAR

Şahvələd Ayvazov: "Şevardnadze qəflətən dönüb mənə dedi ki, Şah, çək, bu son kadr ola bilər"



"... Mən bu çəkilişləri edə də bilməzdim, sadəcə onlarla yaşamağa alışmışam"



Şahvələd Ayvazov 1956-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə anadan olub. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında 2 il xidmət edib. 1977-ci ildə “Gürcüstan”qəzetində fotomüxbir kimi işləyib. 1983-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-1992-ci illərdə Gürcüstan Dövlət Teleqraf Agentliyinin (QRUZİNFORM- TASS) fotomüxbiri olub. Şahvələd Ayvazov 1992-ci ildən indiyədək Amerikanın "Assoşeyted Press" xəbər agentliyinin (Associated Press) Qafqaz üzrə fotomüxbiridir.
63 yaşındadır, 7 müharibənin şahidi olub. Şahvələd Ayvazov Abxaziya, Çeçenistan, Tsxinvali, Dnestryanı, Qarabağ, Əfqanıstan və Tacikistandakı döyüşlər zamanı müharibə görüntülərini lentin yaddaşına köçürüb. Gürcüstanın və dünyanın çox təsiredici fotolarını çəkib.

- Vəziyyət elə gətirdi ki, mən müharibə jurnalisti oldum. Kaş heç vaxt müharibə olmayaydı. Həmişə düşünmüşəm ki, əgər insanlar bir müharibənin iştirakçısı olubsa, onda heç vaxt əllərinə silah almayacaq, ancaq hər dəfə də səhv etmişəm, çünki belə olduğu halda yenə də müharibənin dəhşətləri ilə üzləşirdim. Məndən həmişə soruşurlar ki, bu və ya digər müharibələrdə hansı tərəf daha güclü olub. Əgər hər gün insanların son ölüm saniyələrini, qadınların, uşaqların ölümünü görürsənsə, belə sual vermək, təbii ki, absurd bir yanaşmadır.

Heç bir müharibənin qalibi olmur, hər iki tərəf insan üçün əziz olan həyatını itirir.



- Fotoqrafiyaya necə başladınız?

- 7-ci sinifdə atam mənə "Smena 6" adlı bir kamera aldı və mən 52-ci məktəbdə fotoqrafiya dərnəyinə getdim. Sonra lentlər üzərində işlədik. İndi tələbələrimə tez-tez deyirəm ki, şəkil yalnız kadrı çəkmək deyil. Bu sənət istedad tələb edir. Belə bir ustalığa ancaq mərhələ-mərhələ, püxtələşərək zirvələri fəth etmək olar. Bu gün hər kəsin fotoaparatı var, ancaq mahir foto çəkmək hər kəsə nəsib olmur.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırıldım və Xmelnitskdə xidmət etdim. Fotoqraf olduğum üçün daim əsgərlərin gündəlik həyatından şəkillər çəkirdim...

- Yəqin ki, əvvəllər bütün şəkillər filtrasiya olunurdu…

Bəli, sovetlər dönəmində artıq hərəkətlərə yol vermirdilər, bütün şəkillərdə yeni binalar, hərbi bazalar və “xoşbəxt” həyat öz əksini tapmalı idi. Hərbi xidmətdən sonra sənədlərimi jurnalistika fakültəsinə verdim.

Həmin illərdə Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova Tbilisi konservatoriyasına konsert verməyə, qastrol səfərinə gəlmişdi. Mən də konsertdə iştirak edib dahi sənətkarın çoxlu sayda şəkillərini və foto portretlərini çəkdim. Konsertdə bir kişi mənə yaxınlaşıb soruşdu ki, fotoqrafsan? Dedim ki, bu peşəyə təzəcə başlamışam. O dedi ki, "Azərbaycan qəzeti", “Sovet Gürcüstanı”nın əməkdaşıyam, “bizə də şəkillər çəksən yaxşı olardı”. Şəkilləri çıxarıb bu adama aparıb verdim. O, şəkillərə baxıb “bizdə işləyə bilərsən?” deyə soruşdu. Dedim ki, Azərbaycan dilini məişət səviyyəsində bilirəm. “Sovet Gürcüstanı”nın əməkdaşı “bizə sənin əsas şəkillərin lazımdir” dedi. Bu hadisə 7 may 1977-ci ildə baş verdi.


"Dilemma qarşısında qalırsan, ya kadrı çəkməli, ya da insana kömək etməlisən. Bütün hallarda insanın həyatını xilas etmək haqqında düşünmüşəm"


Bu hadisə heç vaxt yadımdan çıxmaz... tez tez eşidirəm ki, biz Abxaziya muharibəsini uduzmuşuq. Mənə görə bu müharibədə qalib yoxdur. Ölümü hamı gördü... kim nə qədər adam öldürüb, bu statistikadır. Müharibəni yaşayanların hər iki tərəfi faciə ilə uzləşir. Mən əzab çəkən abxazları və gürcüləri gördüm. Hər iki xalq bu bəlalardan əziyyət çəkirdi.

Belə bir vəziyyətdə bir jurnalist məndən əl çəkmədi ki, hadisələri çəkmək istəyirəm. Ona xəbərdarlıq etdim ki, aeroportun ərazisini tərk etməsin. Səhərisi günü o qayıdanda saçlarımın bir gün ərzində necə ağardığının şahidi oldum, üzündəki cizgilər yox olmuşdu, o mənə yaxınlaşıb “ bu mənim işim deyil” dedi. Sonradan öyrəndim ki, bizim əməkdaşlar onu ölümün pəncəsindən saniyələr hesabına xilas ediblər.

- Əfqanıstan müharibəsində də olmusuz, eləmi?

- Bəli, bu səfər bir neçə jurnalistə nəsib oldu. Oraya düşən kimi bir hərbiçi özünə kömür və su gətizdirdi. Kömürü suya atıb içdi. “Sən də iç” dedi, sonra başa salaram... Sonra üç litrlik banka gətirdilər, içində ağ rəngli bir çey vardı. Elə bildim almadır. Sən demə, arağa atılmış kömür imiş. "Bu arağı içmək olarmı" deyib, mənə də süzdü. Sonradan öyrəndim ki, əfqanlar əsgərlərimizi zəhərlənmiş araqla öldürürlərmiş, əgər kömür mavi rəng alırdısa, deməli o, zəhərlidi, yox ağ rəng alırdısa, hər halda içmək olardı. Burada bir əfqanla tanış oldum. O mənə dedi ki, əfqan xalqı heç zaman heç bir düşmənə məğlub olmayıb,” sovetlər ölkəsi belə bizə qalib gəlməyəcək” dedi.
-Öləcəyik, ancaq təslim olmayacağıq.

- Çeçenistanın iki müharibəsindən reportaj hazırlamısız, elədirmi?

Elədir. 1994-cü ildə Çeçenistandan Qroznıya getdim və 9 ay burada qaldım. Burada gördüklərimdən sonra daha heç nəyə təəccüblənmirdim. Gördüklərim isə qeyri-adi qəddarliqlar idi. Toqquşmaların birindən sonra ölüləri bir çuxura töküb dəfn etdilər. Bir neçə gündən sonra qəbirləri yenidən açdılar. Ölüləri bir sıraya düzmüşdülər, burada yüzlərlə insanın meyiti vardı, onların içərisində qadın və uşaqlar gördüm. Dizlərim əsirdi. Gördüklərimdən başım fırlandı, dizi üstə çökdüm. Kimsə məndən soruşdu, ”çəkmək istəyirsən?” Buna baxmayaraq fotoları çəkməliydim. Çox müharibələr görmüşdüm, ancaq belə dəhşətli qarşıdurma ilə rastlaşmamışdım. Ruslar elə bilirdilər ki, ölənlərin əksəriyyəti çeçendir, ancaq ölənlərin arasında çoxlu sayda rus əsgərləri də var idi.

Buna baxmayaraq, Qroznı həmişəki kimi öz həyatını yaşayırdı. Binalar, küçələr mərmi atəşlərinə məruz qalırdı, ancaq bazar işləyirdi. Küçədə insanlar dua edirdilər. Ruslar “namaz vaxtı biz atəş açmırıq” desələr də, elə müsəlmanların ibadət etdiyi vaxt da onlara atəş açırdılar.Adətən izdihamlı mitinqlərdə yüksək səs-küy eşidilmirdi, ancaq ağsaqqallar çıxış edirdi, digərləri sakitcə qulaq asırdılar. Ailə üzvləri öz doğmalarının ölümünü sükut içərisində qəbul edirdi. Çeçenistanda olduğum müddətdə "Assoşeyted Press" agentliyindən zəng edib bildirdilər ki, yenə emosional fotolar istəyirik, Gürcüstandakı münaqişə ocaqlarından göndərdiyin fotolar kimi... Mən də dedim ki, bu adamlar heç bir emosiya ifadə etmirlər, öz kədər və iztirablarını daxillərində çəkirlər. Mən nə edə bilərəm? Tanrı da bunları belə yaradıb...



Cövhər Dudayev barədə mübahisəli şayiələr gəzirdi. Onun ya öldüyünü, ya diri olduğunu heç kim bilmirdi. Jurnalistlərə Dudayevin Qroznıdan 100 km aralıda Vedeno şəhərciyində mətbuat konfransı keçirəcəyi haqqında məlumat verdilər. Konfransda Dudayev öz planları barədə geniş məlumat verdi. Qəflətən binanın arxa tərəfində maşın karvanı dayandı. Çeçenlər maşından düşüb bizə gizlənməyi əmr etdilər və bildirdilər ki, yaxın vaxtlarda ərazi mərmi atəşinə tutulacaq. Adamları ərazidən çıxarmağı tapşırıb özləri də yox oldular. Bizə bildirdilər ki, ətraf sahələr minalanıb, özümüz də heç yana tərpənməyək. Konfrans zalında jurnalist və fotomüxbirlər qaldı. Bir müddətdən sonra çeçenlər qayıdıb bizi minalanmamış cığırla ərazidən çıxardılar.

- 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsində də iştirak etmisiniz?

Avqust ayının 8-də Gürcüstanda olmamışam, münaqişə zonasında isə 9-da oldum. Qori yolunda qorxu içərisində dinc əhali ilə rastlaşdım. Onlar dedilər ki, bağda, öz torpaq sahələrində işlədikləri zaman qəfil atəş səsləri eşidiblər. Bütün işlərini atıb yola çıxıblar. Bəziləri məndən hərbi hissələrin yerini, digərləri orada oğlunun xidmət etdiyini və taleyinin necə olacağını soruşurdu.

Daim fikirləşirəm, insan bu dəhşətlərə nə qədər dözməlidir - övladını, atasını, qardaşını, öz doğma ailə üzvlərini itirdikdən sonra yenə bir, iki, üçüncü dəfə yaşamalıdır.

- Elə bir vaxt olub ki, ya fotokadr, ya da insan həyatını xilas etmək üçün seçim etməli olmusuz?

Bəli, belə anlar olub. Dilemma qarşısında qalırsan, ya kadrı çəkməli, ya da insana kömək etməlisən. Bütün hallarda insanın həyatını xilas etmək haqqında düşünmüşəm. Öz həyatımda kifayət qədər ölüm görmüşəm. Mənə beynəlxalq jurnalistika mükafatları lazım deyil, bir insanın həyatını xilas edib ondan təşəkkür almaq daha qiymətlidir. Müharibədə çox vaxt insanları xilas etdiyim zaman fotoaparatı gizlətmişəm, bəzən məni izləyərkən kameranı qadınlara verib saxlamağı xahiş etmişəm, beləliklə çəkdiyim kadrları beləcə qoruyub saxlamışam.

- Deyirlər, müharibədə iştirak etmiş adamlar bu sindromla yaşayırlar?

Elədir, müharibəyə gedəndə ən böyük mürəkkəblik ailənə qayıdıb-qayıtmayacağın barədə düşünürsən... Bütün hərbi müxbirlərdə müharibə sindromu var, bu da sağalmaz bir yaradır. Həyat yoldaşım deyir ki, gecələr qışqırır, isteriyaya qapanır və əsəbilik keçirirəm... mən bilmirdim ki, belə olacaq, ancaq fotoqraf olmaq özlüyündə bir xəstəlikdir. Əgər bir dəfə “zəhərlənsən” bir daha ondan əl çəkməyəcəksən...

Siqaret çəkməyi dəfələrlə tərgitmişəm... və yenidən başlamışam. Çəkdiyim kadrlara heç nə edə bilmirəm, sadəcə olaraq onlarla yaşamağa öyrəşmişəm.

Gürcüstanda “Assoşeyted Press” informasiya agentliyinin Tbilisi ofisinin fotomüxbiri Şahvələd Ayvazovu gürcü həmkarları və media nümayəndələri “Şax” deyə çağırırlar.

27 sentyabr, 2019 “Kviris palitra” qəzeti
Tərcüməçi: Nəriman Əliyev