Bu işdə xaricidilli mediamızın üzərinə daha böyük yük düşür
Mütəxəssislər hesab edirlər ki, həmin sahədə fundamental dəyişikliklərə ehtiyac var
Qlobal informasiya müharibəsinin gedişində xaricidilli mediamızın üzərinə böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır. Nəzərə alınmalıdır ki, məhz xaricidilli media sayəsində uzun illərdən bəri xaricdə güc toplamış erməni diasporunun birbaşa təsiri altında fəaliyyət göstərən, dövlətimiz əleyhinə hər zaman qarayaxma kampaniyası aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür. Beynəlxalq mediada Azərbaycana qarşı ədalətsiz kampaniyanın şahidi oluruq. Bəzi hallarda bunun səbəbi qərəzli dairələrin anti-Azərbaycan siyasəti olsa da, əksər hallarda bu kampaniyaların arxasında ermənilər durur. Bəzənsə bu, bixəbərlikdən irəli gəlir.
Təbii ki, hər kəsin qüsurları, başqalarının bəyənməyəcəyi cəhətləri və ya yanlış anlaşıla bilmə ehtimalı var. Bütün bunların qarşısının alınmasında xarici dildə fəaliyyət göstərən mətbu orqanların, xüsusilə də xaricidilli internet saytlarının üzərinə böyük iş düşür. Hər şeydən əvvəl erməni yalanlarının iç üzünü göstərməliyik. Ölkəmizdə baş verənləri öz dilimizdə çatdıran kifayət qədər nüfuzlu, savadlı xəbər saytlarımız, agentliklərimiz var. Ancaq nə vaxta qədər özümüz deyib, özümüz eşidəcəyik? Bu gün yalnız bir neçə xəbər agentliyinin xarici dillərdə fəaliyyət göstərən bölmələri var. Bu, çox azdır. Bütün bunlar nəzərə alınaraq ökəmizdə ana dilimizlə yanaşı bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılmalıdır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində yox, eyni zamanda rus, ingilis, fransız və alman, ərəb, hətta erməni dillərində fəaliyyət göstərir. Amma ekspertlər bunun kifayət etmədiyini düşünürlər. Xaricidilli KİV-in mövcudluğu və fəaliyyəti Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən hadisələri beynəlxalq səviyyədə yaymaq, ümumilikdə ölkəmizin təbliği baxımından çox vacib və əhəmiyyətlidir. Bu baxımdan ölkəmizdə xaricidilli medianın üzərinə həm də daha böyük yük düşür. Düşmən həmişə iş başında və pusqudadır. Təbii ki, bu cəhdlərin qarşısı alınmalı və daim ölkəmizin müsbət imicinə xələl gətirməyə cəhd edən hər bir hərəkət, hər bir paylaşım və ya şərhə layiqli cavab verilməlidir. Bütün bunlar tutarlı, əsaslandırılmış və jurnalist etikasına uyğun tərzdə yerinə yetirilməlidir. Bunun üçün isə xaricidilli media orqanlarında əməkdaşların yüksək dil biliyi, həmçinin tariximizi, milli-mənəvi dəyərlərimizi dərindən bilməsi, jurnalistlərin vətənpərvər olmaları da şərtdir. Azərbaycan hazırda informasiya müharibəsi ilə üz-üzə qalıb. Hər an hərbi münaqişəyə başlamaq üçün hazır olduğumuz kimi, informasiya müharibəsinə də hazır olmalıyıq. Heç şübhəsiz, hərbi münaqişələrin ilkin təzahürü informasiya müharibəsi fonunda baş verir. Lakin ekspertlər xaricidilli media orqanlarının fəaliyyətini hələlik qənaətbəxş hesab etmirlər. Onların fikrincə, bu sahədə ciddi islahatlar aparılmalıdır.
Məsələni “Şərq”ə dəyərləndirən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, Azərbaycan sovetlər dönəminin sonlarından, Qarabağ münaqişəsinin ilkin dövrlərindən etibarən tək hərbi təcavüzə deyil, həm də geniş informasiya hücumuna məruz qalıb.
Onun sözlərinə görə, istər SSRİ-nin mərkəzi nəşrləri, istərsə də ermənipərəst mövqeyi ilə seçilən Qərb ölkələrinin mətbuatı Azərbaycan əleyhinə informasiya müharibəsi aparırdılar: “Çox təəssüf ki, o zamanlar bu hücuma tutarlı cavab verilməsi istiqamətində ciddi addımlar atılmadı. Doğrudur, bəzi ziyalılarımız fərdi təşəbbüsləri ilə müəyyən işlər görürdülər, ancaq bu, əlbəttə ki, yetərli deyildi. Artıq dövr dəyişib, informasiya texnologiyaları öz inkişafının zirvəsindədir və bu vəziyyətdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimai rəyə oturdulması üçün ciddi platformalar mövcuddur. Belə bir şəraitdə ermənilərin və onları himayə edən beynəlxalq çevrələrin anti-Azərbaycan kampaniyalarını neytrallaşdırmaq üçün imkanlar var. Bununla belə, müşahidələrimiz onu göstərir ki, bu məsələdə işlər hələ də qənaətbəxş deyil. Əlbəttə, fəaliyyətdə olan saytların bir neçə əcnəbi dildə də yayımlanması yaxşı olardı. Amma saytların maddi durumu və kadr potensialı buna imkan verirmi? Təəssüf ki, yox. O baxımdan, məsələ yenə gəlib çıxır bu işlərin dövlət tərəfindən tənzimlənməsinə və dəstəklənməsinə. Fikrimcə, informasiya müharibəsində effektli olmaq istəyiriksə, dövlət səviyyəsində sistemli işlər görülməli, bu işi həyata keçirə biləcək media orqanlarına dəstək verilməlidir”.
“Milli.az” xəbər portalının baş redaktoru Anar İmanov da “Şərq”ə deyib ki, hər iki yolu sınamaq lazımdır:
“Həm ayrıca dillərdə xəbər portalları yaradılmalı, həm də bir çox saytlarda xarici dillərdə bölmələr açılmalıdır. Həmçinin, sözügedən bölmələrdə Qarabağ münaqişəsi ilə bağlı, Ermənistanın Azərbaycana qarşı soyqırımları ilə bağlı bir çox dillərdə məlumatlar yerləşdirilməlidir. Deməzdim ki, biz informasiya müharibəsində kiməsə uduzuruq və kimdənsə qeri qalırıq. Mən bu fikirlə razılaşmıram. Əksinə, tam əminliklə deyə bilərəm ki, son illərdə Azərbaycan mediası güclənib və informasiya müharibəsində çox fəaldır. Bir də düşünürəm ki, xarici dillərlə mediamız kifayətlənməməlidir. Hazırda mediamız sosial şəbəkələrdə çox fəaldır. Amma düşünmürəm ki, bu fəallıq daha da artmalıdır. İnsanların əksəriyyəti artıq xəbərləri saytlarda oxumaqla kifayətlənmir. Bir çox xəbərlər, əsasən telefon vasitəsilə oxunur. Və deməli, bu sahəyə də diqqət artmalıdır. Fikrimcə, xarici dillərdə informasiyanın yayılması ilə bərabər sosial şəbəkələrdəki fəaliyyətin gücləndirilməsinə də xüsusi diqqət yetirilməlidir”.
“Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli də “Şərq”ə vurğulayıb ki, xarici dildə olan media orqanlarına böyük ehtiyac var:
“Biz əslində dünya miqyasında tanınan bir neçə nüfuzlu media orqanı qurmalı idik. Lakin təəssüf ki, hələ də buna tam şəkildə nail ola bilməmişik. Əlbəttə, bizim bir neçə xəbər agentliklərimiz mövcuddur ki, bunlar həm də xarici dildə fəaliyyət göstərir. Amma gəlin qəbul edək ki, “Reuters”, “Frans Press”, “Anadolu Agentliyi” kimi tanınmış media quruluşlarımız mövcud deyil. Hesab edirəm ki, bütün ciddi agentlik və saytlar həm də xarici dillərdə fəaliyyət göstərsə daha yaxşı olardı. Təbii ki, buna maddi vəsait lazımdır. Eyni zamanda biz Azərbaycan mediasının dünyada tanıdılması və qəbul edilməsinə nail olmalıyıq. Azərbaycanın ən azı 3 agentliyi dünya mediasının istinad nöqtələrindən olmalıdır. Buna nail ola bilsək, dünyaya öz mövqeyimizi də asanca çatdıra biləcəyik”.
“Azxəbər.com” saytının baş redaktoru Əfsələddin Ağalarov isə bildirib ki, hazırda xaricidilli media orqanlarının sayında artım müşahidə olunur:
“Amma bu, kifayətedici sayda deyil. Təəssüflər olsun ki, yalnız rusdilli saytların fəaliyyəti gözə dəyir. Yaxşı olar ki, Azərbaycanda yeni nəsil jurnalistlər ingilis, fransız və alman dillərində informasiya portalları yaratsınlar. İnformasiya müharibəsi zamanında bir çox əcnəbi dillərdə xəbər saytının fəaliyyət göstərməsi daha geniş auditoriyaya çıxış imkanı əldə etməkdir. Erməni lobbisinin maliyyələşdirdiyi bir sıra media orqanları özlərinə geniş əlaqələr qururlar. Erməni uydurmaları məhz əcnəbi dillərdə fəaliyyət göstərən saytlar vasitəsi ilə dünya ictimaiyyətinə sırınır. Bu sahədə bizim də ciddi işlər görməyimizin vaxtı çoxdan çatıb”.
“Pia.az” saytının baş redaktoru Azər Qaramanlı hesab edir ki, Azərbaycanın Ermənistanla və digər ölkələrlə apardığı informasiya müharibəsində xaricidilli saytlara böyük ehtiyacı var:
“Açığı deyək ki, diaspora təşkilatlarımız nə qədər dişsiz və bəzən mahiyyətdən kənar mübarizə aparırsa, bir o qədər də əcnəbidilli mediamız dişsiz və şablon müharibə aparır. Bu mübarizənin və müharibənin isə effekti görünmür. Yəni əcnəbidilli mediamız hələ öz səngərindən çıxıb düşmən səngərinə hücum etmir. Azərbaycanda əcnəbi dilli media heç də az deyil. Lakin ortadakı nəticə təəssüf doğurur. Müxalifətin xarici dilli mediası hakimiyyəti qaralamaqla özünə xaricdən dividend qazanmağa çalışır. Yenə də informasiya savaşının əsas məqsədi bir kənara atılır və özümüz-özümüzə qarşı qərəz nümayiş etdiririk. Bu zaman da cılız görünürük. Bir çox hallarda isə xaricidilli mediadan daha çox pul qazanmaq üçün istifadə edirik və bu zaman qarşıya qoyulan məqsəd və mahiyyət bizim üçün artıq yükə çevrilir. Hesab edirəm ki, bu sahədə informasiya siyasətinə yenidən baxılmalı və fundamental dəyişikliklərə gedilməlidir”.