Qulu müəllim 65 yaşında da gənc, dinamik, yeni ideyalarla zəngin ziyalıdır
Noyabrın 2-də Əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professor Qulu Məhərrəmlinin 65 yaşı tamam oldu. Yubiley yaşına qədəm qoyan görkəmli professor jurnalistika elminin bünövrəsini qoymuş böyük alim kimi xarakterizə olunur. İstedad, ləyaqət və mərdlik mücəssəməsi hesab olunan Q.Məhərrəmli milli dəyərlərimiz, o cümlədən ana dilimiz uğrunda mübarizə aparan fədakar ziyalıdır. Dəyərli alim millət, dövlət və ictimai əxlaq məsələlərində qeyri-obyektivliyi qəbul etməyən, haqqın və vicdanının səsinə qulaq asan, incə zövqü və peşəkarlığı ilə seçilən nadir şəxsiyyətlərdəndir.
Bütün bu keyfiyyətlərinə görə hamı tərəfindən sevilir və fəaliyyəti yüksək dəyərləndirilir. Cəmiyyət Qulu müəllimin adı arxasında vicdanlı, məsuliyyətli, istedadlı və əməksevər bir şəxsiyyət görür. Həmkarları, qələm və əqidə yoldaşları da yubilyarı 65 illiyi ilə münasibəti ürəkdən təbrik edir, sözün həqiqi mənasında ziyalı olduğunu vurğulayırlar.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, Qulu Məhərrəmli ahıl jurnalistlərlə gənclər arasında bir körpüdür. Baş redaktorun sözlərinə görə, Q.Məhərrəmli nə dərəcədə klassik mediamızı, uzun illər formalaşan mətbuat ənənələrini mühafizə edirsə, bir o qədər də müasir medianın gətirdiyi yenilikləri qəbul edən və onu ümumiləşdirən müəllim, ziyalı və alimdir:
“Qulu müəllimin mətbuatımızla bağlı yazdıqları kifayət qədər dəyərli əsərlərdir. Səhv etmirəmsə, əsərlərinin sayı 20-dən çoxdur. Q.Məhərrəmli televiziyanın nəzəriyyəsini yazmaqla bərabər, praktiki cəhətdən də televiziya məkanını dərindən bilən insandır. Ona görə də Qulu müəllimin Azərbaycan mətbuatında məxsusi yeri var. O, təkcə media sahəsində yazdığı yazıları, müxtəlif televiziya kanallarında apardığı proqramları və dərs vəsaitləri ilə jurnalistlər yetişdirmir. Eyni zamanda cəmiyyətimiz üçün zəruri olan problemləri açıq şəkildə dilə gətirir və həlli istiqamətini göstərir”.
A.Aşırlının fikrincə, Qulu Məhərrəmli həyatının ən gözəl, ən müdrik çağlarını yaşayır:
“65 yaşı ömrün ən məhsuldar dövrü hesab etmək olar. Qulu müəllim sanballı ziyalımız, əməksevər və fədakar insandır. Biz onu hər zaman məhsuldar, sosial şəbəkələrdə fəallıq göstərən biri kimi görmüşük. O, həm də gənclərin sevimli müəllimidir. Mən BDU-da bunun şahidi olmuşam. İndi də müşahidə edirəm ki, Qulu müəllimin fikirlərinə dəyər verən, onu mükəmməl müəllim obrazında görən kifayət qədər tələbələr var. Bu da əsl xoşbəxtlikdir. Biz ona ağsaqqal deyirik. Həqiqətən də ağsaqqal titulu ona yaraşır. 65 illik yubileyini təbrik edirəm. Qulu müəllimin görəcək işləri hələ qabaqdadır”.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə bəyan edib ki, o, Qulu Məhərrəmlini daha yaxından 23 günlük ABŞ səfərində tanıyıb:
“O vaxta kimi Q.Məhərrəmlini qiyabi olaraq tanıyırdım və verilişlərinə baxırdım. Yəni müsbət münasibətim var idi. Amma yaxın dostluğumuz yox idi. 23 günlük Amerika səfərində Qulu müəllimi bir insan, yol yoldaşı və dost, jurnalist, alim və politoloq kimi kəşf elədim. Ondan sonra müxtəlif yerlərdə görüşlərdə olduq. Qulu müəllim həmişə öz zəngin biliyi ilə əsl rəhbər kimi çıxış edirdi. Səfərlərdə çox olmuşam, amma Qulu müəllim kimi yol yoldaşı görməmişəm. Onun kimi rahat müsahib yoxdur. O, jurnalistikamızda çox az rast gəlinən nadir professorlardan, alimlərdəndir. Q.Məhərrəmli siyasi icmalçı kimi də öz dəsti-xəttini qoruyub saxlaya bilib. Gözəl ailəsi, nəvələri var. Hesab edirəm ki, Qulu müəllim 65 yaşında da gənc, dinamikdir, yeni ideyalarla zəngin və dopdoludur. Arzu edirəm ki, həmişə belə qalsın”.
Millət vəkili, yazıçı Aqil Abbas da bildirib ki, Qulu Məhərrəmli Azərbaycanda televiziyanı mükəmməl bilən böyük mütəxəssislərdən biridir:
“Gözəl alimdir, minlərlə tələbə yetişdirib. Həm televiziyada, həm də yazılı mətbuatda çalışanların əksəriyyəti Qulu müəllimin tələbələridir. O, televiziya məkanında bir çox ilklərə imza atıb. Xeyli yeniliklər Q.Məhərrəmlinin adı ilə bağlıdır. Qulu müəllimdən sonra onun etdiklərini edə bilməyiblər. Çox yaxın dostumdur, hamımızın əzizidir. Yaşından asılı olmayaraq ağsaqqalımızdır. Təbrik edirəm və can sağlığı arzulayıram”.