İnformasiya  ictimaiyyətə düzgün formada çatdırılmalıdır

Dövlət qurumları da məsuliyyətini doğru-dürüst dərk etməlidir

Cəbhə xəttində, sərhəd bölgəsində düşmən təxribatı reallaşan kimi dərhal ermənilər sosial şəbəkə vasitəsi ilə Azərbaycan dilində mesajlar yazmağa, hərbi sirlər əldə etməyə cəhd göstərirlər. Məsələn, Uğur Rzayev adlı şəxs ona ermənidən gələn mesajı belə şərh edib: “Öncə Ranar Cabbarov adlı şəxsdən mesaj gəldi. Azərbaycanlı olduğunu bildirib, cəbhədə vəziyyətin necə olduğunu soruşdu. Daha sonra “Ermənistana hücum olacaqmı” sualını verdi. Onun erməni olduğunu başa düşüb, bloka atdım. Yenidən ona mesaj yazmaq istəyirdim deyə blokdan çıxartdım. Çıxartdıqda isə həmin şəxsin adı Berik Koçaryan yazılmışdı. Xahiş edirəm, oyaq olaq, düşmənə hərbi sirr verməyək”. Dövlət qurumları da sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımıza mümkün qədər diqqətli olmağı, cəbhə və hərbi məsələlərlə bağlı heç bir şərh, mesaj yazmamalarını tövsiyə edirlər. 



Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli “Şərq”ə bildirib ki, sosial şəbəkələr hər kəsə açıq, geniş platforma olduğu üçün burada yayılan məlumatlar dövlət sirri olmaqdan çıxır. Ekspertin sözlərinə görə, sosial şəbəkədə bir məlumat geniş yayılıbsa, həmin informasiyanı Ermənistan, yaxud başqa ölkənin xüsusi xidmət orqanları rahat şəkildə əldə etmək imkanına sahib olurlar. Bunun üçün əlavə vəsaitə, xüsusi əməliyyat planına ehtiyac duyulmur:

“Əsas məsələ odur ki, hərbi aspekt baxımından dövlət sirri sayılan məlumatlar hər hansısa formada ictimaiyyətə yayılmasın. Son günlər bəzi rəsmi qurumların davranışları arzuolunan deyil. Məsələn, səfərbərlik xidməti ilə bağlı yayılan məlumat cəmiyyətdə çaşqınlığa səbəb oldu. Normalda ehtiyatda olan zabitlərin mütəmadi hərbi təlimlərə çağırılması qanunda olan prosedurdur.

Lakin müvafiq dövlət qurumu bu informasiyanı cəmiyyətə elə formada təqdim etdi ki, hər kəs “müharibə başladığını” düşündü və fərqli fikirlər yayıldı. Problemin kökü ilkin informasiya mənbəyi olan dövlət qurumlarının məsuliyyətini doğru-dürüst dərk etməməsidir. Belə məqamlarda informasiya düzgün formada ictimaiyyətə çatdırılmalıdır. Əsas problemi məhz bu sahədə yaşayırıq”. 

Hüquqşünas hesab edir ki, sosial mediada sıravi vətəndaşın nəsə yazması ilə dövlətin təhlükəsizliyinə zərər gəlməz:

“Dövlətin təhlükəsizliyi rəsmi qurumların məsuliyyətində və onların yaydığı ilkin informasiyadadır. Bugünlərdə “Pikap” maşınlarının müsadirə olunması ilə bağlı camaat arasında informasiyalar dolaşır. Axı bu söz-söhbəti çıxarmağa nə ehtiyac var idi? Azərbaycan müdafiə sahəsinə 3 milyard manat vəsait ayırır. Ordumuzun təchizatında heç bir problem yoxdur. Belə halda ayrı-ayrı fərdlərin xüsusi avtomobilinə ehtiyac duyulurmu? Əlbəttə yox. Ölkədə Prezident tərəfindən ümumi səfərbərlik elan olunmayıb, hərbi və fövqəladə vəziyyət yoxdur. Bu cür söz-söhbətlərin özü cəmiyyətdə ajiotaj yaradır. Məlumatsız adamlar isə sosial şəbəkədə yayılmış xəbərləri müzakirə etməyə başlayırlar. Əslində müzakirələrdən qorxmaq lazım deyil, çünki müzakirələr təhlükəsizliyə ziyan vurmur və son nəticədə reallığın ortaya çıxmasına imkan yaradır”.