Aktiv media orqanlarına böyük təhlükə var

Əsas kompüterlər format olunmalı, tamamilə təmizlənməli, bütün viruslar yoxlanılmalı, ən əsası isə VPN xidmətləri tamamilə ləğv edilməlidir

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan kibermühitdə ölkəmizə qarşı təxribatlarını davam etdirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası tərəfindən ölkəmizin bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunub. 

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən internet-media eksperti Səbuhi Abbasov bildirib ki, ümumiyyətlə, cəbhədə gedən döyüşlər qədər ən vacib döyüşlərdən biri də informasiya cəbhəsində gedən savaşlardır. Ekspert vurğulayıb ki, bu cəbhədə gedən döyüşlər daha təhlükəlidir:

"Çünki bu savaş daha böyük coğrafiyanı əhatə etmək gücünə malikdir. Əslində bizim saytların böyük əksəriyyəti kiberhücumlara müəyyən mənada hazır olmalı idilər, hətta deyərdim ki, hazır idilər. Ancaq bilirsiniz ki, düşmənin təxribat yönümlü addımları hər zaman olub, bu gün də var, gələcəkdə də olacaq. Biz mərd düşmənlə mübarizə aparmırıq, bu namərd bir qayda-qanunları bilməyən və ən iyrənc üsullardan istifadə edən düşməndir. Bu mənada media orqanlarına olan kiberhücumları da mən təsadüfi hesab etmirəm. Bəli, 27 sentyabrdan etibarən Azərbaycan media orqanlarına çox ciddi kiberhücumlar başlandı. Azərbaycan saytlarının bəziləri bu kiberhücumlardan qoruna bilsələr də, bəziləri qoruna bilmədilər. Çünki hərbi vəziyyətin elan olunmasından sonra Azərbaycanda internetə müəyyən məhdudiyyətlər qoyulmuşdu. Bu məhdudiyyətlərin nəticəsində saytların bir çoxu, xüsusən də paylaşımlar üçün VPN xidmətlərindən istifadə etməyə başladılar. Bilirsiniz ki, VPN də nəinki istifadəçi üçün, bütövlükdə kompüter texnikası, hətta şifrələrin oğurlanması baxımından çox mühüm bir zəmin yaradır. Bu mənada saytların bir çoxunun şifrələrinin deşifrə olmasında VPN-in dırnaqarası xidmətləri çox böyükdür. Bu boşluqdan istifadə edən düşmən kibercinayətkarları mütəmadi olaraq Azərbaycanın müxtəlif saytlarına hücumlar təşkil etdi. Daha sonra isə müxtəlif təxribat yönümlü, qeyri-peşəkar yazılar qoymağa başladılar. Bu yazıların bir məqsədi var idi. Yalnız və yalnız Azərbaycanda, cəmiyyətdə müəyyən çaşqınlıqlar yaratmaq, hərbi sahədə əldə olunan uğurlara kölgə salmaq və sair. Bu təbii və gözlənilən idi". 

İnternet-media eksperti hesab edir ki, bu gün Azərbaycanda xüsusən də aktiv fəaliyyət göstərən media orqanları bir çox nüanslara diqqət yetirməlidirlər:

"Nüanslardan birincisi, media qurumunun admin panelinin qoşulduğu əsas kompüterlər format olunmalı, tamamilə təmizlənməli, bütün viruslar yoxlanılmalı, ən əsası isə VPN xidmətləri tamamilə ləğv edilməlidir. İkinci məqam isə parolların sms xidmətə qoşulması və gündəlik olaraq yenilənməsi ilə bağlıdır. Hər gün parollar dəyişməlidir. Parol daxil olanda belə sms xidmətə qoşulmalıdır. Yəni buna ikitərəfli təhlükəsiz daxilolma mexanizmi deyilir. Sosial şəbəkələrdə bu təcrübə artıq var. Hesab edirəm ki, saytlar da bu təcrübələrdən yararlana bilərlər. Xüsusən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu prosesə təcili şəkildə müdaxilə etməlidir. Çünki hazırda bir çox saytlar, xüsusən informasiya savaşında öz sözünü deyənlər kiberhücuma məruz qalırlar.

O saytlar üçün güzəştli təhlükəsiz serverlərin verilməsi ilə bağlı təcili qərar qəbul edilməlidir. Nazirlik ilk növbədə həmin saytların proqramçılarını öz saytlarının proqramçıları ilə əlaqələndirməli, müvafiq problemlərin aşkarlanması və aradan qaldırılması üzərində müvafiq işlər görməlidir".