Oxucuları yenidən qəzetlərə qaytarmaq mümkündür

İlk növbədə köşklərlə bağlı ciddi islahatlar aparılmalıdır

Çap mediasını dirçəltmək üçün redaksiyalar özləri də bir sorğu keçirməlidir

Son illərdə Azərbaycanda çap mediasının üzləşdiyi ən böyük problemlərdən biri yayım siyasəti və satış məsələsidir. Küçə satışının yığışdırılması, qəzet köşklərinin sayının azaldılması, mövcud köşklərdə isə qəzetlərin satışının düzgün təşkil olunmaması baş redaktorlar tərəfindən dəfələrlə vurğulansa da, problemlər hələ də qalmaqdadır.

Çap mediası sahəsində  problemlər tək bununla bitmir. Oxucular arasında mətbuata inamın azalması, maddi çətinliklər, informasiya almaq üçün sosial şəbəkələrə üstünlüklərin verilməsi burada əsas rol oynayır. Bölgə əhalisinin qəzet oxumağa az maraq göstərməsi və rayonlarda qəzet satışının təşkil edilməməsi yenə də mətbuatın ağrılı problemlərindən biri olaraq qalır.

Bir tərəfdən işsizlik, digər yandan isə büdcədən maaş alanların məvaciblərinin aşağı səviyyədə olması mətbuata olan tələbata sarsıdıcı zərbə vurmaqdadır. Paytaxtda quraşdırıldığı ilk vaxtlarda qəzet-jurnal satışı məntəqələri kimi təqdim olunan köşklər indi min cür xırdavat, tütün məmulatları və başqa gündəlik tələbat mallarının satıldığı yerə çevrilib.

Bəs, qəzetlərin satışını yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır? "Kiosk-press"lərdə yayımı necə optimallaşdırmaq mümkündür?

Mövzu ilə bağlı "Şərq"in suallarını cavablandıran vaxtı ilə qəzetlərin yayım siyasətini quran, indi isə "Sağlamlıq" jurnalının baş redaktoru olan Qüdrət Hüseynov  köşklərdə xoşagəlməz halların mövcud olduğunu vurğulayıb. O, təəssüf hissi ilə qeyd edib ki, bu günləri köşklərdə qəzetlərin düzülüşü heç düzgün formada deyil:

"İlk növbədə köşklərdə qəzetlər üçün normal yerlər ayrılmalıdır. Təəssüf ki, qəzetlər bu günləri köşklərin künclərində asılır. Hətta müşahidə etmişəm ki, bir həftə ərzində qəzetlərin yerləri dəyişdirilmir. Buna görə də, hesab edirəm ki, ilk növbədə köşklərlə bağlı islahatlar aparılmalıdır. Bu yolla müəyyən qədər qəzetləri böhrandan xilas etmək olar".

Q.Hüseynov əlavə edib ki, bu gün informasiya bol olduğundan insanlar seçim imkanına malikdirlər:

"Düşünürəm ki, qəzetlər oxucuların istəyini nəzərə almalıdır. Yəni indi 90-cı illər deyil ki, qəzetlər istədiyi bir şeyi yazsın və oxucu da onu alsın. Bu gün o qədər informasiya bolluğudur ki, dünyada  oxucu seçim edir. Köhnə oxucuları qəzetlər özlərinə qaytarmaq üçün düşünürəm ki, sorğu keçirməlidir. Onlar oxucuları  maraqlandıran məsələlərə toxunmalıdırlar. "Oxucu nə istəyir ki, biz onu verə bilmirik? Onları nə maraqlandırır? Nələrin getməsini istəyirlər?" və s.  İlk növbədə qəzetlərdə araşdırma yazılara daha çox üstünlük verilməlidir. Düşünürəm ki, bəlkə bundan sonra bu sahədə hansısa müsbət nəticələr əldə edilə bilər".