Zahid Oruc: ”Türk mediası Vətən Müharibəsində xalqımızla çiyin-çiyinə döyüşdü”

Azərbaycanlılar Türkiyə mediasında ön mövqelərə çıxarsa və Qarabağ Zəfərinə həsr olunan filmi birgə çəkməyə gecikmədən başlayarıqsa…
Azərbaycan Parlamentinin müzakirəsinə təqdim edilən razılaşma aktı tarixi əhəmiyyət kəsb edir. Onu mühüm dövləti anlaşmalar sırasına aid edənlər haqlıdırlar.Əvvəlcə sənədin hüquqi şərhini və qısa təfsirini sizinlə bölüşmək istərdik:

“Azərbaycan və Türkiyə respublikaları arasıda media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu 2020-ci il dekabrın 10-da iki dövlət rəhbərləri prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı şəhərində keçirilən böyük Hərbi Zəfər Paradından sonra rəsmi nümayəndə heyətləri arasında keçirilən görüş zamanı imzalanıb. Türkiyə Prezidentinin İlətişim Başkanı Fahrettin Altun və Azərbaycan Respublikası Prezdentinin köməkçisi Hikmət Hacıyev tərəfindən imzalanan sənəd iki ölkənin media sahəsində əlaqələrini inkişaf etdirmək və onu yeni hədəflərə çatdırmaq ideyasına xidmət edir.Bu məqsədlə yaradılan Birgə Media Platforması Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini gücləndirməklə strateji media ortaqlığının qurulmasını nəzərdə tutur.

6 maddədən ibarət sənədin məramı monitorda əks olunub. Qısa desək, media əlaqələri üçün sağlam infrastrukturun yaradılması, məlumat, bilik, təcrübə və mənbələr mübadiləsi, iki ölkənin media sahəsində çalışan rəsmi qurumlarının birgə araşdırmalar həyata keçirməsi əsas fəaliyyət istiqamətləri kimi nəzərdə tutulur. Təlim və mübadilə proqramlarının təşkil olunması, eləcə də fikir liderləri arasında rabitə körpüsünün qurulması da əməkdaşlığın müddəaları sırasındadır.

Platformanın əhatə dairəsi, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün məsul qurumlar və digər hüquqi öhdəliklər də sənəddə əksini tapıb. Anlaşma Memorandumunun hüquqi qüvvə qazanmasından sonrakı 3 ay ərzində Tərəflər arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaqdır.

Qeyd etməliyik, Anlaşmanın müddətinin 1 il olması göstərilsə də tərəflərdən biri AM-nun ləğv edilməsi barədə qərarı digərinə 3 ay öncədən bildirmədiyi təqdirdə avtomatik olaraq, o növbəti bir illik müddətə də uzadılacaqdır.

İndi isə sənədin siyasi, mənəvi əhəmiyyəti, eləcə hazırki kommunikasiya, yüksək texnologiyalar və sürətli xəbər axınları şəraitində istənilən dövlətin bir nömrəli məqsədlərinə xidmət edən informasiya sahəsində işbirliyinin töhvələrini qiymətləndirmək istərdik.

Azərbaycan müstəqillik qazanandan sonra istər Ulu Öndər Heydər Əliyev, istərsə də İlham Əliyevin və Racəb Tayyib Ərdoğanın liderliyi ilə iki ölkənin münasibətləri iqtisadi, siyasi və hərbi baxımdan ən yüksək səviyyəyə çatıb. 2010-cu ildə yaradılan Strateji Tərəfdaşlıq Şurası dövlətlərarası münasibətlər tarixində zirvə sayılır və indi Parlamentə təqdim olunan razılaşma nəticəsində yaradılan Vahid Media İttfaqı da hərbi-siyasi müttəfiqliyimizi gücləndirən ən mühüm vasitədir. Çünki hazırda ölkələrin təhlükəsizliyi təkcə Silahlı Qüvvələrdən deyil, eləcə də informasiya vasitələrinin peşəkarlığından, xarici və daxili təhlükələrə qarşı operativ cavab vermək bacarığından, milli informasiya məkanını qorumaq və beynəlxalq rəqabətlə ayaqlaşmaq potensialından birbaşa asılıdır. Ordular arasındakı ittifaq nə qədər vacibdirsə, informasiya müharibəsini aparmağa qadir olan Media Güclərinin də bir araya gətirilməsi bir o qədər əhəmiyyətlidir. Razılaşmanın müddəaları sırasında dezinformasiyalara qarşı birgə mübarizənin mövcudluğu da Türkiyə ilə Azərbaycana qarşı informasiya savaşı aparanların eyni olması ilə bağlıdır. Yalnız birgə dirənişlə onlara qalib gəlmək mümkündür. Burada ayrıca vurğulayaq ki, Türkiyə yazılı mediası həftəlik tiraj sayı milyondan yuxarı olan Sabah, Hürriyet, Sözçü, Milliyət, Posta qəzetləri, o cümlədən, Kanal D, ATV, Star tv, TRT 1 və digər kanallar təkcə milli deyil, dünyəvi audoriyaya malikdilər, böyük iqtisadi dayaqlara, kadr korpusuna və güclü təsir dairəsinə yiyələniblər.

44 günlük Vətən Müharibəsində Türkiyə və Azərbaycan qardaşlığı əsrlər boyu olduğu kimi çox uğurla tarixi sınaqdan çıxdı və təkcə iki dövlətin elitası, hökumətlərinin deyil, eləcə də sayı 100 milyonları keçən türklər-azərbaycanlıların, həmçinin dünya ictimaiyyətinin mövqeyini formalaşdıran mətbuatın, televizyanın, virtual medianın fədakarlıqla, igidliklə çalışan uniformalı döyüşçülərin igidliyi hesabına oldu. Biz 44 gündə Türkiyə və Azərbaycanın informasiya məkanının birləşdiyini, vahidliyini gördük. Onlar Vətən Müharibəsinin hər gününü bizimlə bərabər yaşadılar, kədərmizlə və sevincimizlə bir oldular. Türkiyənin aparıcı televiziya kanalları Ali Baş Komandanla geniş müsahibələr apardılar, onu dünyanın gündəminə çevirdilər, haqq səsimizi yaydılar, eyni zamanda döyüş bölgələrindən, səngərdən 44 gün ərzində daim reportajlar verdilər, faktiki olaraq savaşdılar, peşəkarlıq, operativlik və fədakarlıq nümunələri yaratdılar.

Demək olar bütün televiziya, radio, çoxmilyonlu tiraja, eləcə də fərqli audoriyalara malik olan qəzetlər, virtual media resurslarının mütləq əksəriyyəti Azərbaycanı birinci planda daim ən müxtəlif formatlı müzakirələrin baş mövzusuna çevirdilər, bütün arsenalları ilə Qarabağ və Azərbaycan üçün döyüşdülər, təkcə xəbər yayıcıları kimi qalmadılar, eləcə də bütün dövlət-hökumət adamlarını aktiv diskussiyalara, analitik proqramlara cəlb etdilər, universitet rektorlarından bilim adamlarına, peşəkar hərbi-siyasi ekspertlərdən sadə ictimaiyyət nümayəndələrinə qədər hamısını savaş üçün səfərbər etdilər.

Bunlar qürur doğuran, unudulmaz səhifələrdir və biz özümüzə borc bilirik ki, bütün Türkiyə mediasına göstərdikləri cəfakeşliyə görə öz hörmət və ehtiramımızı bildirək, onlara təşəkkür edək və xüsusi vurğulayaq ki, onlar Azərbaycan dövlətindən gələcəkdə müxtəlif təltiflərə, orden və medallara layiq görülmələri ilə bərabər, xalqımızın tükənməz sevgisni qazanıblar və hazırki Memorandumun da məhək daşları məhz 44 günlük müharibədəki səlnamədir.

Azərbaycan mətbuatı özünü kadr potensialı, proqram siyasəti, janr, üslub və redaksiya siyasəti, peşəkarlıq baxımından yeni çağırışlar və tələblər qarşısındadır. Dövlət siyasətini həyata keçirməyə məsul əvəlki qurum ləğv edilib, yeni Medianın İnkişafı Agentliyi yaradılıb. Ümidvarıq ki, hər iki ölkənin mətbuat və informasiya qurumları dünya arenasına çıxmaq, öz yerlərini və mövqelərini uğurla təmsil etmək sahəsində daha sistemli, planlı və hədəfli bir şəkildə çalışacaqlar. Biz ümidvarıq ki, azərbaycanlı jurnalistləri Türkiyə media quruluşlarının rəhbərləri, aparıcı status və proqram siyasətinin müəllifləri statusunda görəcəyik. Bunun üçün heç bir dil, təhsil və inzibati baryeri yoxdur. On minlərlə tələbələrimizin gələcək karyeralarını məhz Türkiyə media sektorunda quracaqlarına inanırıq. Eləcə də əksinə, Türkiyə media təmsilçilərinin Azərbaycanda.

Ortaq Media Platformasının əhatə dairəsi Kütləvi informasiya vasitələrinin çərçivəsini aşır, dünyada daha böyük auditoriya və tərəfdara malik olan, “yumşaq güc” siyasətinə xdimət edən, eləcə də böyük maliyyə resurslarının dövr etdiyi kino sahəsinə də aid edilir. Anlaşmanın 2-ci maddəsinin “d” bəndi bundan söz açılır. Bu çox vacib sahələrdən biridir. Azərbaycan tamaşaçılarının 80 faizindən yuxarı hissəsi xarici fllmlərlə üz-üzə qalıblar. Bunun ideoloji və mənəvi baxımından hansı təsirlərinin olduğunu söyləməyə ehtiyac yoxdur. Ümid edək ki, yeni yaradılan Kino Agentliyi tarixi ənənələrimizi bərpa edə biləcəkdir. Bu rəqəm Türkiyədə 40 faizə düşüb. Çünki orada son illər film sənayesi dövlət və millət quruculuğuna daha yaxından cəlb olunub, eləcə də böyük kommersiya əsaslarına sahib olaraq, rəqabətli dünyada mövqelər qazanaraq böyük inkişaf yolu keçib. İndi təsadüfi deyil ki, bir müddət öncə “Möhtəşəm Yüz il” filmi, o cümlədən, ən yaxşı ekran əsərlərindən biri olan “Diriliş Ərtoğrul” və digər əsərlər bizim televiziyalarda nümayiş olunur. Biz ümidvarıq ki, “Böyük Qayıdış” siyasətinə türk şirkətləri cəlb olunduğu kimi, Qarabağ salnaməmiz, Ordumuzun Şuşa Zəfəri də Türkiyə ilə birgə çəkiləcək filmlərdə ən parlaq bədii ifadəsini tapacaqdır. Bu işə gecikmədən başlamaq gərəkdir. Şəhid oğullarımızın igidliyini filmlərə daşımaq onu dünyaya çıxarmaq bizim siyasi və mədəni məqsədlərimizin önündə getməlidir.

Memorandum başqa dövlətlərin media vasitələrinin də bura qoşulması üçün açıqdır. Prezident Ərdoğan 11 dekabr 2020-ci ildə demişdir – “kommunikasiya başkanlarımız ölkələrin buraya qatılaraq onu gücləndirməsi siyasətini yürüdəcəklər”.

Anlaşmanın faydalı və uğurlu olacağına inanırıq!

Zahid Oruc, millət vəkili, Komitə sədri