Jurnalistlərin yardımına böyük ehtiyac var

Vaksinasiya uğurlu olarsa üçüncü dalğa bizim üçün təhlükə yaratmayacaq

Rusiyada tibb elmləri namizədi Natalya Eysmont və professor Vasiliy Vlasov pandemiyanın üçüncü dalğasının nə vaxt olacağı barədə əhaliyə xəbərdalıq ediblər. Həkimlərin sözlərinə görə növbəti dalğa yaz aylarına doğru yaxud  martın sonu qığılcımlana bilər.  Virusun mutasiyaya uğraması da üçüncü dalğanın bir qədər güclü olacağını təxmin edir. 

Bununla bağlı “Şərq”'ə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla düşünür ki, vaksinasiya uğurlu olarsa üçüncü dalğa bizim üçün təhlükə yaratmayacaq: 

"Dünyada epidemioloji vəziyyət stabilləşməyib. Dünyanın bir sıra ölkələrində azalma tendensiyası müşahidə olunsa da, bəzi ölkələrdə virusun yeni mitogen formaları meydana çıxır.  Ayrı-ayrı ölkələrdə vəziyyətin müxtəlif olması hər ölkəni özü üçün çarə tapmağa vadar edir. Ölkəmizdə Abreşon yarımadası və digər rayonlarda kollektiv immunitet yaratmağa, demək olar ki, yaxınlaşmışıq. Əgər vaksinasiya prosesi uğurlu keçərsə, biz tezliklə müsbət nəticələrə nail ola bilərik. Belə olan halda üçüncü dalğa bizdən yan keçəcək, müşahidə olunmayacaq". 

 Həkim düşünür ki, vaksinasiya məsələsində media işçiləri də iştirak etməli, bunun üçün əhalini məlumatlandırmalı, mənfi düşüncələrin əsassız olduğunu insanlara inandırmalıdırlar: 

"Vaksinasiya ilə bağlı çox ciddi tərəddüdlər mövcuddur. Bunlar isə olduqca zərərli və mənfi tendensiyadır. Düşünürəm ki, jurnalistlər bu yöndə tibb sahəsinə kömək etmək məqsədilə əks düşüncələrə qarşı maarifləndirmə və təbliğat işləri aparsalar yaxşı olar. Beləliklə virusdan tez bir zamanda canımı qurtarmış olarıq".

Aytac Ali