Deputata etiraz: Rus və ingilis dillərində yeni kanallara ehtiyac yoxdur 

“Bu dillərdə yayımlanan kanalımız- CBC var”

“Özü də bu kanal bəlli standartlara cavab verir, kifayət qədər maraqlı, tarixi sənədli filmlər təqdim edir”

“Deputat, yəqin, həmin kanala baxmır. Amma belə bir kanalımız olduğu halda başqasını yaratmaq əlavə xərc deməkdir”



Dünən Milli Məclisin növbəti iclasında deputat Qüdrət Həsənquliyev maraqlı təkliflə çxış edib. O, bildirib ki, Azərbaycanda rus və ingilis dilində tv yaradılmalıdır: 
“Bizə ən azı MDB məkanında yayımlanacaq rus dilində televiziya lazımdır. Biz bu regionda yaşayırıq. İkincisi, bütün dünyada ingilis dilində yayımlanacaq televiziyaya ehtiyac var”.

 Media ekspert Zeynal Məmmədli parlamentarinin sözügedən təklifini “Sherg.az”a qiymətləndirdi: 

“Xoşniyyətli olmaq sadəlövh olmaq demək deyil. Məncə, səslənən fikirlər sadəlövh təklifdir. İndiki ağır vəziyyətdə dövlət maliyyəsini daha səmərəli xərcləmək olar. Ən azından ona görə ki, bizim rus və ingilis dilində yayımlanan kanalımız- CBC var. Özü də bu kanal bəlli standartlara cavab verir, kifayət qədər maraqlı, tarixi sənədli filmlər təqdim edir. Deputat, yəqin, həmin kanala baxmır. Amma belə bir kanalımız olduğu halda başqasını yaratmaq əlavə xərc deməkdir. Yeni proqram formatlarının hazırlanması, peşəkar kadrların dəvət edilməsi böyük maliyyə tələb edir. Təkrarlayıram, bu, sadəlövh və əsaslandırılmamış təklifdir”.