İlk addımlar atılır:“Türkiyə ilə birgə vahid media resursu yaradılır”

“Ümidlərimiz çoxdur, amma gələcəkdə də eyni sürətlə, eyni templə davam etmək lazımdır”


Bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub. Təqdimatda çıxış edən Trend İnformasiya Agentliyinin nümayəndəsi Sahil Kərimli bu il fevralın 18-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiqlədiyini qeyd edib. 

S.Kərimli deyib ki, ilk dəfə həyata keçirilən layihənin məqsədi türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və dil dəyərlərini əsas götürərək, türk dünyasının ortaq kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevirməkdir. Nadir proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir.

 BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli bu addım barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Azərbaycan və Türkiyə cəmiyyətlərinin yaxınlaşması üçün illərdir ki, müxtəlif addımlar atılırdı. Vahid media resursunun yaranması isə artıq sosial tələbata çevrilib. Əlbəttə, təqdirediləsidir. Fikrimcə, bu əməkdaşlıq Azərbaycan media nümayəndələrinin peşəkarlığının artırılması istiqamətində müstəsna əhəmiyyət kəsb edəcək. Hələlik ilk addımlar atılır. Ümidlərimiz çoxdur. Amma gələcəkdə də eyni sürətlə, eyni templə davam etmək lazımdır”.