Şərtlər dəyişib: Medianı nələr gözləyir? - Akif Aşırlının şərhi

“Yeniliklər müxtəlif istiqamətlərdə yazılan məqalələrin daha kefiyyətli hazırlanmasına gətirib çıxaracaq”

 

Medianın İnkişaf Agentliyi növbəti yarım ildə çap və onlayn mediaya dövlət dəstəyi layihəsi təqdim edib. Ötən dövrlərdən bir çox fərqliliyi ilə seçilən layihə media caməesi tərəfindən birmənalı qarşılanmayıb. Yeniliklərin və media islahatlarının tərkib hissəsi olan bu layihənin mətbuatın gələcəyinə mühüm təsirləri barədə “Modern.az” saytının soğurusna cavab verən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı hər bir islahatın ağrılı, çətin olduğuna diqqət yönəldib: “Yeniliklərdən ən mühümü odur ki, klassik mətbuatla yanaşı, saytlara da dövlət dəstəyi bu layihədə əksini tapıb. Uzun illər idi ki, onlayn medianın maliyyələşməsi müzakirə mövzusu olub, çıxış yolları aranıb, demək olar ki, bu məsələ artıq öz həllini tapdı”.

Bəzi saytlarda 5-6 onlayn medianın maliyyələşdiriləcəyi barədə proqnozlara münasibət bildirən A.Aşırlı qeyd edib ki, tələsmək və öncədən qərar çıxartmağa, ictimai rəyi düzgün olmayan istiqamətlərə yönləndirməyə ehtiyac yoxdur: “Layihənin məzmunundan aydın olur ki, çap mətbuatı ilə yanaşı, xeyli sayda tələblərə cavab verən onlayn media maliyyələşdirəcək”.

 A.Aşırlı saytların yenidən peşəkarcasına qurulması, onların təhlükəsizliyinin təmini, redaksiyaların texniki imkanlarının artırılması üçün birdəfəlik 5 min manat ayrılmasını da müsbət qiymətləndirib. Çap mətbuatına veriləcək dövlət dəstəyindəki yeniliklərə münasibət bildirən A. Aşırlı deyib:

“Çap mətbuatının ayaqda durması, yaşaması, inkişafı və gələcək nəsillərə milli dəyər olaraq ötürülməsinin ağırlığı bütövlükdə dövlətin çiyinlərindədir. Bəziləri hesab edə bilər ki, çəkilən xərclər səmərəsizdir, ictimai rəyə təsir imkanları tamam itirilib. Bu, yanlış təsəvvürdür. Çap mətbuatının minimum itkilərlə yaşadılması, müasir formatlarda inkişafı da yeni layihədə öz əksini tapır”.

 Qəzetlərin dövrləri məsələsində edilən dəyişikliyi normal hal hesab edən A.Aşırlı qeyd edib ki, qəzetlərin ya gündəlik, ya da həftəlik nəşri daha məqbuldur:

“Günaşırı çap olunan qəzetlərin gündəlik, ya da həftəlik nəşri üçün optimal yollar layihədə əksini tapıb. Təkcə qəzetlər maliyyələşdirilməyəcək, həm də qəzetin eyni adlı saytına da ayrıca maliyyə dəstəyi göstərilir. Bu, müsbət haldır. İnanırıq ki, Medianın İnkişaf Agentliyinin rəhbərliyi günaşırı dərc olunan qəzetlərin daha keyfiyyətli formada gündəlik nəşrə çevrilməsində həmişə olduğu kimi növbəti dəfə də humanist və obyektiv yanaşmasını ortaya qoyacaq”.

 Müsabiqə şərtlərində demək olar ki, tam yeniliklərin tətbiqinə münasibət bildirən A.Aşırlı deyib:

“Şərtlər demək olar ki, tam dəyişdirilib. Əvvəllər tələb olunan sənədlər, yazılar, məqalər daha çox idi. İndi son üç ay ərzində çap olunan, hər ayda iki məqalə seçilib müsabiqəyə təqdim olunacaq. 19 istiqamət üzrə tələb olunan yazıların həcmi əvvəllər A3 formatında bir səhifəlik yazı idi. Bu da redaksiyalarda müəyyən yaradılıcılıq çətinlikləri yaradırdı, təkrarçıllıqlar var idi. İndi isə yalnız Agentliyin loqosu altında 500 sözdən ibarət məqalə tələb olunur. Müxtəlif istiqamətlərdə yazılan bu məqalələrin daha kefiyyətli hazırlanmasına gətirib çıxaracaq”.