Beynəlxalq jurnalistika qurumları susurlar!

“Sərhədsiz reportyolar təşkilatı” başda olmaqla beynəlxalq jurnalistika təşkilatları hələ ki reaksiya verməyiblər”


Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. AzTV-dən  verilən məlumata görə, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!" - AzTV-nin yaydığı başsağlığında qeyd olunub. AzTV hadisə ilə bağlı süjet yayıb. Bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb. Hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, avtobus sürücüsü və kənd sakini yaralanıb.

Bu terrakta münasibət bildirən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a danışdı: 

“Mina elə bir silahdır ki, müharibə bitəndən sonra işə düşür. Hədəf isə mülki əhalidir. Ermənistan tərəfi, demək olar, hər qarışı minalayıb. Bu isə humanizm prinsipinə ziddir. Əvvəllər müdafiə olunmaq adı ilə özlərinə bəhanə tapırdılar. Amma indi müharibə getmir. Yəni müdafiəyə ehtiyac yoxdur. Deməli, məqsəd sadəcə mülki əhalini həlak etməkdir. Minaların basdırılması Azərbaycan üçün maddi ziyandır. Biz onları təmizləməkdən ötrü 100 milyonlarla vəsait sərf etməliyik”.

S.Məmmədov, düşmənin niyə belə rahat davranmağının səbəbini də açıqladı:

“Ermənistan maddi və siyasi məsuliyyət daşıyır. Bu, öz yerində. Məsələ ondan ibarətdir ki, rəsmi İrəvan piyada əleyhinə minaların qadağasını nəzərdə tutan Ottava sazişinə qoşulmayıb. Ona görə də beynəlxalq öhdəliyi yoxdur. Və həm minaları istehsal edir, həm də yerləşdirir. İkinci bir tərəfdən, həmin ərazidən dəfələrlə ağır texnika keçsə də, partlayış olmayıb. Ola bilsin, erməni diversantları minaları sonradan basdırıblar. “Sərhədsiz reportyolar təşkilatı” başda olmaqla beynəlxalq jurnalistika qurumları isə, təəssüf ki, hələ ki, reaksiya verməyiblər”.