Ssenari təkrarlanır: O vaxt Nuru Paşaya, indi də Fulyaya qarşı... – “Su bulandırılır”

Aqil Camal: “Xalqımızın kəskin reaksiyası Fulya Öztürkə uzanan zəhərli dilləri susdurdu”

Qulu Məhərrəmli: “Fədakar bir reportyor haqqında film çəkilməsini təqdir edirəm”

Rəşad Məcid:”Elə bil, görünməz bir əl qəsdən suyu bulandırır, insanlar arasında bölücülük, ikitirəlik yaradır, kin-küdurət toxumu səpir”


Vətən müharibəsi dövründə Azərbaycan müharibə ilə bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək.  Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviçdir.
"Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalı olan layihədə Fulyanın və kamera operatorunun çəkdiyi, yayımlanmamış 11 saatlıq video materiallardan istifadə ediləcək.

Çəkilişlər İstanbul, “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək, Şuşada yekunlaşacaq.

Təəssüf ki, Vətən müharibəsində sözün əsl mənasında ürəyi Azərbaycanla olan qardaş ölkənin media təmsilçisi barədə çəkilən filmə tənqidi münasibət var. Əksəriyyət Fulya Öztürk haqqında film çəkilməsini düzgün hesab etmir. Maraqlısı budur ki, belə tənqidi fikirləri cəbhədə olmayan, müharibə faciələrinin canlı şahidinə çevrilməyən, o ağrıları dərisində yaşamayan media nümayəndələri səsləndirir. Təbii ki, bu münasibətin bir adı var: lazımsız, bir o qədər də utancverici qısqanclıq...

Öztürk haqqında filmin çəkilməsinə qarşı çıxanlar media nümayəndələrinin əksəriyyəti tərəfindən tənqidə tuş gəlib.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal:

Bu mövzuda neqativ münasibət sərgiləyənləri iki qrupa bölmək lazımdır. Biri, o qədər də məkrli məqsədi olmayan, sadəcə, şəxsi baxışını ifadə edənlər. İkincisi isə, məsələni Fulya üzərindən Türkiyəyə qarşı istifadə edən fürsətçilər. Hər iki qəbildən olanlar içərisində tanıdıqlarımız var. Mən birinci qəbildən olanların fikirlərinə görə çox təəssüf etdim. Onların bir çoxundan belə bir mövqe sərgilənməsinə inanmaq olmur, amma, oldu. Digər, qismin yalançı “təəssübkeşliyi” isə bu mövzunu bayraq edib əslində Türkiyəyə, Türkiyənin Azərbaycandakı nüfuzuna hücum cəhdi idi. Onların yanaşmasında Fulya sadəcə, bir bəhanə olaraq seçilmişdi. Baxın, onlar nə deyir? “Fulya Azərbaycana iş yerindən aldığı yüksək maaş, qonarar, həmçinin, burada ona yaradılan hansısa komfort səbəbindən gəlmişdi”. Eyni ittiham sizə tanış gəlmirmi?. Araz Əlizadə və onun kimiləri demirdimi “Nuru Paşa, Qafqaz İslam Ordusu Azərbaycana pul qarşılığında, neft qoxusuna gəlmişdi”. Eyni məzmunlu ittiham bu dəfə bir türkiyəli jurnalistin üzərindən irəli sürülür. Məqsəd Türkiyənin, türkiyəlinin etibarını toplumda zədələməkdir. Son 100 ildə Azərbaycanın 2 qalxınması olub. Hər ikisində arxamızda, yanımızda Türkiyəni, Türk dövlətini gördük. Məhz bu səbəbdən, Cümhuriyyət qura, onun sərhədlərinə sahib ola bildik. Ən sonuncu isə 44 günlük savaşımızda Türkiyə dövləti və xalqı bütün gücü ilə - Cumhurbaşqanı, Müdafiə, Xarici işlər nazirləri, Bayrakdarı, 80 milyonluq xalqı ilə yanımızda, səngərimizdə gəlib dayandı. Bu baxımdan, türkiyəli fədakar bir jurnalistin əməyini kiçiltməyə göstərilən cəhdin arxasında əslində, Türkiyəyə hücum cəhdi dayanırdı. Amma Azərbaycan xalqının kəskin reaksiyası o zəhərli dilləri susdurdu.

Tanınmış teletənqidçi, professor  Qulu Məhərrəmli:

“İkinci Qarabağ savaşının media qəhrəmanlarından biri olan Fulya Öztürk haqqında sənədli film çəkilməsi ilə bağlı ürəkbulandıran mübahisələrin predmeti aydın deyil. Biz nəyin üstündə mübahisə edirik? Şəxsən mən Azərbaycan media hadisəsi olmayan fədakar bir reportyor haqqında film çəkilməsini təqdir edirəm. Həmin filmin Tahir Tahiroviç kimi təcrübəli rejissora verilməsini də alqışlayıram!

Fikrimcə, “Fulya haqda niyə film çəkilir” sualı mübahisə predmeti ola bilməz. Amma “niyə bizdə olan reportyorlara yaxşı şərait yaradılmır, niyə mediamız ümumən asılı və fərsizdir, yaxud bizdə niyə yaxşı hərbi reportyorlar yetişmir” sualları üçün müzakirəyə həmişə açıqdır.

Mən eyni zamanda üzdə olan yaxşı reportyorlarımıza dəyər verilməsi kimi haqlı istəyi, müstəqillik dövrü mətbuat tariximizdə iz qoymuş Nəcəf Nəcəfov, Elmar Hüseynov, Çingiz və Vahid Mustafayevlər, Salatın Əsgərova və s. jurnalist-reportyorlarımız haqda film çəkilməsi ideyasını təqdir edirəm. Jurnalistikamızın indiki acınacaqlı durumunun ekranlara çıxarııması zərurətini deyənləri, büdcədən hər hansı film üçün vəsait ayrılarkən ictimai rəyin nəzərə alınmasını vacib sayanları da haqlı hesab edirəm”.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid:

“Fülya Öztürklə bağlı müzakirələr nə qədər cahil və xəbis adamların Feysbukda meydan suladığının növbəti təsdiqi oldu.

Elə bil, görünməz bir əl qəsdən suyu bulandırır, insanlar arasında bölücülük, ikitirəlik yaradır, kin-küdurət toxumu səpir. Bəsit düşüncəli, həyasız adamlara indiki kimi münbit şərait heç vaxt olmayıb. Ağzına gələni de, kimə istəyirsən şər at!..

Bunun qarşısını inzibati yolla almaq mümkünsüzdür. Yüz il öncəki kimi yenə də mədəniyyət, maarifçilik, ədəb-ərkan toxumları səpilməlidir. Cahil, savadsız, naqis, kin-küdürət püskürən profillər cavabın anındaca almalı, tənbeh olunmalı, sərrast arqumentlərlə susdurulmalıdır.

Yoxsa süni şəkildə yaradılan bu eybəcər, ürək bulandıran ab-havaya alışmaq, adət etmək vərdişi yaranacaq. Feysbukun saflaşmasına, təmizlənməsinə ciddi ehtiyac var. Səviyyəsiz və cahil adamların ara qarışdırmağa, su bulandırmağa cəsarət etmələrinə əsla yol vermək olmaz”.