Yeni media qanununun üstünlükləri çoxdur

Layihədə jurnalistlərin statusu və standartları barədə aydın təsəvvür formalaşır

"Daha təkmil qanun layihəsi ilə mediamızın sürətli inkişafına, həmçinin bu sahədə nizama şahid olacağıq"

Ötən gün Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc) “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirilib. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi, AzərTAc-ın İdarə Heyətinin üzvləri və struktur rəhbərləri iştirak ediblər. Yeni qanun layihəsi haqqında məlumat verən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qanunla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açıb. O, Azərbaycanın ilk informasiya agentliyi olan AzərTAc-ın təcrübəli jurnalistlərinin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğulayaraq, onları işgüzar fikir mübadiləsinə çağırıb. Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsinin təqdimatını edib.

Bildirilib ki, layihənin müddəaları Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, ölkə hüdudlarından kənarda olan və fəaliyyəti respublikamızın ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, habelə xaricdə yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunur. Departament direktoru tədbir iştirakçılarını media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), səlahiyyətli orqanlar, mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri, jurnalistlərin akkreditasiyası və qanun layihəsinin digər müddəaları barədə ətraflı məlumatlandırıb.

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında yeni qanunun əhəmiyyətindən danışıb. O, ilk olaraq bildirib ki, Azərbaycanda medianın inkişafı üçün tezliklə reallaşdırılması zəruri olan bir sıra addımlar atılır:



"Bu addımların bir qismi ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda  uzun müddətdir onlayn media inkişaf dövrü keçib və Azərbaycan informasiya məkanında çox böyük paya malikdir. Lakin buna baxmayaraq hələ ki, ölkəmizdə onlayn media quruluşlarının standartları, strukturları və hüquqi statusu barədə heç bir tənzimlənmə yoxdur. Bu baxımdan yeni media qanununun ən böyük üstünlüklərindən biri onlayn media quruluşlarının, xüsusi olaraq xəbər portallarının, sosial şəbəkələr üzərindən yayılan televiziyaların və digər bu kimi yeni media nümunələrinin fəaliyyətinin tənzimlənməsinə bağlıdır".

M.Ələsgərli əlavə edib ki, yeni qanun layihəsində onlayn, yəni internet media qurumlarının strukturları və statusları barədə çox aydın təsəvvür yaradılır:

"Və bu sahənin tənzimlənməsinə imkan verir. Qanunvericilikdə mövcud olan ikinci mühüm üstünlük jurnalistlərin statusu və standartları barədə anlayışın formalaşmasıdır. Bildiyimiz kimi, burda jurnalistlər üçün, yəni jurnalist adını daşıyan şəxslər üçün bir sıra standartlar müəyyən olunub. Həmçinin onların vahid formalı vəsiqə ilə təmin edilməsi nəzərdə tutulub ki, bu da jurnalist kimi peşəkar fəaliyyət göstərən şəxslərə müəyyən proqramların, sosial proqramların və layihələrin həyata keçirilməsi üçün şərait yaradır. Bu baxımdan qanunun üstünlükləri çoxdur. Eyni zamanda qanunda jurnalistika təhsili, peşəkarlığın artırılması ilə bağlı da bir sıra çoxsaylı hallar nəzərdə tutulub". 

Mətbuat Şurası sədrinin müavini qeyd edib ki, ən önəmli məsələlərdən biri də medianın vahid uçot sisteminin yaradılmasıdır: "Bildiyimiz kimi, indiyə qədər medianın ayrı-ayrı qolları üzrə, yəni elektron media, çap mediası və internet mediası üzrə uçot qeydiyyat sistemi ayrı-ayrı dövlət qurumlarında həyata keçirilirdi. Yəni Ədliyyə Nazirliyində, Vergilər Nazirliyində və Milli Teleradio Şurasında həyata keçirilirdi.

İndi bu qeydiyyat sistemi vahidləşdirilir və yalnız Media İnkişaf Agentliyi tərəfindən həyata keçiriləcək. Bu da Azərbaycanda medianın vahid uçot sisteminin hazırlanmasına, media və mediada çalışanlar barədə statistik informasiya bankının hazırlanmasına yardım göstərmiş olacaq. Beləliklə, yeni qanun layihəsi Azərbaycan mediasında çoxsaylı boşluqları aradan qaldıracaq ki, bu da Azərbaycan mediasının inkişafı naminə yeni proqramlar, layihələr hazırlanması üçün çox mühüm önəm daşıyır. Bu baxımdan yeni media qanun layihəsini alqışlayırıq. Arzu edirik ki, qanun tezliklə qəbul edilib icrasına başlanılsın". 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət  "Şərq"ə açıqlamasında bildirib ki, yeni və daha təkmil qanun layihəsi ilə mediamızın sürətli inkişafına, həmçinin bu sahədə nizama şahid olacağıq:



"Qanunla bağlı MEDİA-nın icraçı direktoru Əhməd bəylə fikir mübadiləsi aparmışıq. Əsas odur ki, bu qanun media sahəsindəki hərc-mərcliyə son qoymağa hesablanıb. Yəni kim gəldi - təsadüfi adamların özünü jurnalist kimi cəmiyyətə təqdim etməsinin qarşısı alınacaq. Jurnalist kimliyi bu qanunla konkret kriteriyalara söykənəcək. Ondan başqa, media qurumlarının da təsnifatı daha dəqiq aparılacaq".

Qanun barədə fikirlərini “Şərq”lə bölüşən BDU-nun professoru, tanınmış teletənqidçi Qulu Məhərrəmli bildirib ki, media qanunvericiliyi ümumi media fəaliyyətinin mühüm aspektidir:



“Bu qanunda medianın statusu, iş prinsipləri, məqsəd və vəzifələri öz əksini tapmalıdır. Ölkəmizdə media qanunvericiliyi prosesi 1992-ci ildən başlayır. Lakin köhnə qanunlarda o qədər ciddi dəyişikliklər aparılıb ki, həmin qanunlar tanınmaz hala düşüb. Bu baxımdan media qanununu yeniləmək, onu günün tələblərinə uyğunlaşdırmaq, müasirləşdirmək, sürətlənən texnoloji şəraitdə medianın rolunu və fəaliyyət prinsiplərinin hüquqi əsaslarını vermək lazımdır. Burada diqqəti cəlb edən əsas məqam odur ki, qanun müasir olmalıdır. Yəni bir tərəfdən cəmiyyətin informasiyaya artan tələbatı, digər tərəfdən medianın onu necə və hansı yollarla ödəmək üçün göstərdiyi fəaliyyət vacibdir. Digər ciddi məsələ çoxşaxəli jurnalist fəaliyyətinin hüquqi əsaslarıdır. Yəni mətbuat azadlığı şəraitində bu hüquq necə reallaşdırılmalıdır? Jurnalistin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi də qanunun əsasını təşkil edir. Jurnalistin peşə fəaliyyəti üçün təkcə yaradılan hüquqi şərait yox, həm də jurnalistin məsuliyyəti müəyyənləşdirilir”. 

Q.Məhərrəmli vurğulayıb ki, Azərbaycan qloballaşan dünyadakı proseslərdən təcrid olunmuş deyil:

“Bu, BMT-nin qəbul etdiyi insan haqlarına, Avropanın söz və mətbuat azadlığı ilə bağlı konvensiyasına tam uyğun olmalıdır. Belə bir hüquqi nüansların müəyyənləşdirilməsi medianın fəaliyyəti üçün şərait yaradır. Bu kimi məqamların sıralanması əlbəttə ki, medianın cəmiyyətdə yerini, statusunu göstərir və jurnalistin azad fəaliyyət göstərməsi üçün hüquqi şərait yaradır. Bu baxımdan media haqqında qanunun olması çox önəmlidir. Media haqqında qanun layihəsini hazırlayarkən informasiya fəaliyyəti ilə bağlı digər qanunların uzlaşdırılması düzgün aparılmalıdır. Məsələn, bizdə informasiyalaşdırma, reklam və digərləri barədə qanunlar var ki, onlar KİV haqqında qanunla toqquşur. Ona görə də bu nüansların nəzərə alınması çox vacibdir. Media haqqında qanunun olması bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Yəni jurnalistlər öz azadlıqlarının sərhədlərini, cəmiyyət qarşısında rollarını bilməlidirlər. Elə məsələlər var ki, onlar qanunla, elələri də var ki, etik qaydalarla tənzimlənir. Hüquqi sferanı məhz "KİV haqqında" qanun müəyyənləşdirir. Amma etika ilə bağlı olan məsələlər jurnalistlərin peşə və davranış qaydaları ilə tənzimlənir. Belə olduqda media çox harmonik fəaliyyət göstərə bilir. Yeni qanun layihəsi heç bir halda mətbuatda çalışan insanların mediada hüquqlarını məhdudlaşdıra, söz və mətbuat azadlığına xələl gətirə bilməz. Məhdudlaşdırıcı maddələr qoyularkən bu məsələ mütləq nəzərə alınmalıdır”.