Azərbaycan bir örnək ölkədir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Dövlət həmişə müxtəlif dini icmaların fəaliyyətinə dəstək verib


Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Uzun illərdir ki, Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği cəmiyyətin mənəvi zənginləşməsinə, dost və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Sərəncamda qeyd edilir ki, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılsın. Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlahiyyatçı alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında dövlət başçısının sərəncamını yüksək dəyərləndirib. O qeyd edib ki, prezidentin Azərbaycanda dini qurumlara ayırdığı maliyyə yardımı ilə bağlı sərəncamıyla yaxından tanış olub:


"Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu nümunəvi siyasəti onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Dövlətimizin başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, o cümlədən milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata  keçirilir. Qeyd edim ki, ölkədə din və dövlət münasibətlərinin bərpa olunması, eyni zamanda dini təminatlarının yerinə yetirilməsi üçün dövlətin bu cür qayğısı çox vacibdir. Həmçinin dövlətin göstərdiyi belə dəstəklər dini işlərin icrası üçün də çox əhəmiyyətlidir. Bu bir daha dövlətimizin məscidlərə, dini ibadətgahlara və dini dəyərlərə göstərdiyi qayğıdır, dəyərdir". 

İlahiyyatçı vurğulayıb ki, hər bir qurumun maliyyə dəstəyinə ehtiyacı olduğu kimi ölkəmizdə dini məscidlərin və dini icmalarının da maddi vəsaitə ehtiyacları var:

"Qeyd edim ki, həmin vəsait dinin inkişafına və icmalarda maariflənmə işlərinin aparılmasında, din xadimlərinin vəsaitlə təmin edilməsində, eyni zamanda hər hansı bir dini ibadətgahlarda çatışmazlığın aradan qaldırılmasında istifadə olunur. Bu da öz növbəsində çox əhəmiyyətli bir məsələdir. Biz dindarlar, eyni zamanda dini kütlə bu cür addımları hər zaman dəstəkləyirik. Təbii ki, bu məsələ dövlət rəhbərliyinin heç zaman qayğısından kənarda qalmayıb. Ələlxüsus da bu gün bizim işğaldan azad olunmuş torpaqlarımızda dini ibadətgahlar yenidən bərpa və təmir edilir. Təbii ki, bu çox əlverişli bir addımdır. Ümid edirəm ki, Dini İşlər üzrə Dövlət Komitəsi də vəsaiti bütün Azərbaycanda dini ibadətgahlara, dini camilərə məqsədyönlü şəkildə sərf edəcəklər. Bu, bir daha daxili dini resursların güclənməsinə, dini abidələrin daha da möhkəmlənməsinə, inkişafına çox böyük qayğı və böyük dəstəkdir. Ümid edirik ki, bu bizi din məsələlərində hər hansı bir təzyiqlərdən, eyni zamanda digər kənar qüvvələrin təsirindən də azaldacaq. Çünki dövlət nə qədər dini camilərə, dini ibadətgah yerlərinə qayğı və dəstək göstərirsə, o zaman artıq maariflənmə işləri güclənir, davam edir. Eyni zamanda digərlərdən də asılılıqlar tam azalır". 

Mövzu ilə bağlı Kənan Rövşənoğlu "Şərq"ə açıqlamasında bildirib ki, bu vəsait artıq uzun illərdir ki, prezident tərəfindən ayrılır. O qeyd edib ki, burada əsas məqsəd idarələrin fəaliyyətinin daha yaxşı qurulması, maddi-texniki imkanlarının, digər xərclərinin qarşılanmasıdır:

"Bir şəkildə dövlət dini idarələrin fəaliyyətinə dəstək verir. Bu ianə olduğu üçün xərclənməsi ilə bağlı hər hansı bir tələb yoxdur. Bu vəsaitə dini tədbirlər təşkil olunur, həmçinin işçilərə əməkhaqqı verilir və digər texniki xərclər qarşılanır. Dövlət başçımızın bu sərəncamı təqdirəlayiqdir".