Ən böyük məsuliyyət valideynlərin üzərinə düşür

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Qız övladlarını məktəbdən yayındıraraq erkən nikaha cəlb edən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir

Bu günləri erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Azərbaycan qanunvericiliyə əsasən,18 yaşına çatmış vətəndaşlarımız evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında çox danışılıb. Lakin çox təəssüflər olsun ki, bütün maarifləndirmə tədbirlərinə baxmayaraq ölkəmizdə belə hallara yenə də rast gəlinir. Belə ki, Şəkinin Kiçik Dəhnə kəndində 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı aşkarlandı.

Daha öncə də Azərbaycanın müxtəlif bölgələrində oxşar durumlar olub, hətta etnik azərbaycanlıların yaşadığı Gürcüstanın müxtəlif bölgələrində də erkən nikah mövzusu tez-tez gündəmə gəlib. Aparılan araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir. Nəticədə cəmiyyətə inteqrasiya edilməkdən məhrum olunan qız uşaqları bəzən intihara əl atır, ağır psixoloji sarsıntı keçirirlər. Təbii ki, burada ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlərin bu addımı atmasına səbəb bəzən maddi durumun aşağı olması, bir sıra hallarda isə qız uşaqlarına “ağır yük” kimi baxmalarıdır. 



Mövzu ilə bağlı "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri Lamiyə İsazadə "Şərq"ə açıqlama verib. O qeyd edib ki, bu günləri Azərbaycanda erkən nikah hallarına rast gəlinməsi çox təəssüfedicidir:

"Erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və ən aktual problemi olaraq qalmaqdadır. Bilirsiniz ki, erkən nikah fizioloji olaraq qadınların istismar edilməsi, onların hüquqlarının pozulmasıdır. İlk növbədə valideynlər anlamalıdır ki, erkən yaşda nikaha girmək övladlarına potensial olaraq müxtəlif cür ziyan vura bilər. Çünki bu cür nikahların həm fizioloji, həm də psixoloji fəsadları olduqca böyükdür. Bilirsiniz ki, həyatı kifayət qədər dərk etməmiş yeniyetmələrin erkən ailə qurması sonradan onlarda müxtəlif travmalar yaradır. Çox təəssüf ki, son illər ölkəmizdə həm erkən nikahların, həm də yeniyetməlik dövründə dünyaya övlad gətirən qadınların sayının artdığını görürük. Təbii ki, bu, danılmaz faktdır. Amma nəzərə alaq ki, gələcək nəsillərimizin sağlamlığı  gələcək anaların sağlamlığından, psixoloji durumundan asılıdır. Məlumdur ki, yeniyetmə qızların orqanizminin inkişafda olan dövründə övlad dünyaya gətirməsi həm ana, həm də övlad üçün həyatı təhlükə daşıyır. Çox zaman bu kimi hallar həm ana, həm də körpənin ölümü ilə nəticələnir. Təəssüflər olsun ki, müasir dövrdə də əksər valideynlər övladlarının həyatını heçə sayaraq onları erkən nikaha məcbur edirlər. Erkən nikahı psixoloji aspektdən dəyərləndirsək görərik ki, həmin yeniyetmələr nikahdan və ya uşaq dünyaya gətirdikdən sonra onlarda obsessiv-kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları, panik ataklar və s. kimi psixoloji xəstəliklər təzahür edir".

L.İsazadə vurğulayıb ki, erkən ailə quran yeniyetmələrin təhsildən yayınması da olduqca ciddi problemdir:

"Məlumdur ki, təhsildən yayınan yeniyetmə gələcəkdə müxtəlif problemlər qarşısında aciz qalır və bu acizlik də onu intihara sürükləyir. Qızlarımız nə qədər təhsilli, dünyagörüşlü olarsa, onların yetişdirdiyi övlad da bir o qədər savadlı və cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızlarımızın kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır. Bu gün boşanmaların sayının pik həddə çatması, uşaq evlərində uşaqların və insan alverinin qurbanı olan qadınların sayının artması daha çox erkən nikahların təsirindən irəli gəlir". 

Birliyin sədri əlavə edib ki, bu gün əsas məsələ bu sahədə qanunun aliliyini təmin etməkdir:

"Qız övladlarını məktəbdən yayındıraraq erkən nikaha cəlb edən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki bu prosesdə iştirak edən valideynlər və əlaqədar şəxslər özlərində məsuliyyət hiss etməli və hüququn aliliyindən kənarda qalmamalıdırlar. Hesab edirəm ki, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir. Xüsusilə qızların təhsilə cəlb edilməsi istiqamətində vacib addımlar atılmalıdır. Gənclər üçün erkən nikahın fəsadlarını vizual şəkildə çatdıra bilən sənədli filmlər hazırlanmalı, sosialyönümlü reklam çarxları çəkilməlidir. Unutmamalıyıq ki, gələcəyimiz bu gün qurulan sağlam ailələrdən, sağlam övladlardan asılıdır. Ailə genefondumuzu qorumaq üçün bütün səylərimizi gücləndirməliyik".