KİV diqqətli olmalı, düşmənə şans verməməlidir

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 

KİV ayıq-sayıqlığını itirməməlidir

Ermənistanın analitik mərkəzləri Azərbaycan mediasının monitorinqini aparır


"Azərbaycan jurnalistləri, sosial şəbəkə aktivləri bu mənada diqqətli olmalıdırlar. Xüsusən, hərbi mövzuda yazı yazarkən, informasiya paylaşarkən, hər bir cümləni diqqətlə ölçüb biçməlidirlər"


Müdafiə Nazirliyi bir sıra kütləvi informasiya vasitələrinə çağırış edib. Nazirlikdən bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur: "Ümumiyyətlə, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər. Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmədən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər çalmış qalib ordu haqda bu kimi məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir və əməliyyat şəraitində olan hərbi qulluqçularımızın həyatını təhlükə altına qoya bilər.

Bu kimi hallar eyni zamanda Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların ordumuza qarşı apardığı dezinformasiya və "fakenews" əməliyyatlarının asanlaşdırılmasına xidmət edir. Peşəkar, məsuliyyətli və vətənpərvər Azərbaycan mediasının daim və Vətən müharibəsi dövründə xüsusilə ordumuza göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Bununla belə, bəzi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Xalq-Ordu birliyinə xələl gətirə biləcək informasiya təxribatlarının və məlumatlarının tirajlamasının qarşısının alınmasında fəal olmağa və vətəndaş məsuliyyəti prinsipindən çıxış edərək orduya dəstək olmağa çağırırıq".

Mövzu ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Müdafiə Nazirliyinin çağırışına münasibət bldirib. O bildirib ki, kütləvi informasiya vasitələri ayıq-sayıqlığını itirməməli və xəbərlər yazarkən daha diqqətli olmalıdırlar:

“Ermənistan 44 günlük müharibədə məğlub olub kapitulyasiya aktını imzalasa da, Azərbaycan işğal altında olan torpaqlarını azad etsə də, iki ölkə arasında  sülh sazişi hələ ki, imzalanmayıb. Sərhədlərin delimitasiya və demarkasiyası başa çatmayıb. Ermənistanın revanşist qüvvələri hələ də toparlanmaq, qisas almaq haqqında düşünürlər. Bu proseslər başa çatmayınca, iki ölkə arasında sülh sazişi imzalanmayınca, ayıq-sayıqlığı itirməməliyik, düşmənə şans verməməliyik. Bilməliyik ki, düşmən pusqudadır, hər addımımızı izləyir. Xüsusi olaraq Azərbaycan mediasını, sosial şəbəkə platformalarının Azərbaycan seqmentini çox diqqətlə izləyirlər. Burada yayımlanan bütün  informasiyaları təhlil edirlər, həmin informasiyalar əsasında  ölkədəki durumu dəyərləndirirlər. Bəzən kontekstdən çıxarıb ölkəmiz haqqında yanlış rəy də formalaşdırırlar. Ötən həftə Ermənistanın analitik mərkəzləri tərəfindən yayımlanan hesabatı gördük. Azərbaycan mediasının son 3 aylıq monitorinqinin nəticələrinə həsr edilmişdi. Bu faktın özü göstərir ki, Azərbaycan mediası, sosial şəbəkə seqmenti düşmən tərəfindən necə diqqətlə izlənilir, müşahidə olunur. Azərbaycan jurnalistləri, sosial şəbəkə aktivləri bu mənada diqqətli olmalıdırlar. Xüsusən, hərbi mövzuda yazı yazarkən, informasiya paylaşarkən, hər bir cümləni diqqətlə ölçüb biçməlidirlər. Bu həm də qanunlarımızın tələbidir". 

M.Ələsgərli diqqətə çatdırıb ki, mövcud qanunlar hərbi mövzuda informasiya paylaşarkən, həssas yanaşmanı tələb edir:

"2014-cü ildən başlayaraq, informasiya təhlükəsizliyini ehtiva edən qanunlara əlavə və dəyişikliklər edilib, bütün nüanslara aydınlıq gətirilib. Həmçinin, Prezident İlham Əliyevin mövzu üzrə bir neçə sərəncamı olub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli  Sərəncamını bu baxımdan dönüş nöqtəsi hesab etmək olar. Bütün bu qanunlarda, sərəncamlarda çox aydın şəkildə göstərilir ki, xəbər istehsalçıları hərbi mövzuda informasiya hazırlayarkən, necə davranmalıdırlar. Çox təəssüf ki, əksər xəbər istehsalçıları, hətta bəzən jurnalistlərimiz də bu qanunları görməzdən gəlirlər, hərbi mövzuda informasiya yayarkən, dəqiqləşdirilməmiş, ehtimallar üzərində qurulan xəbərlərə üstünlük verirlər. Dünəndən etibarən Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları barədə çoxsaylı informasiyalar yayılır. Çox təəssüf ki, bu məlumatlar kontekstdən çıxarılır, təhrif edilir, ehtimallar üzərində qurulur. Bu, çox təəssüfedicidir. Bu baxımdan Müdafiə Nazirliyinin narahatlıq keçirməsi də başadüşüləndir. Jurnalistlərimiz, sosial şəbəkə istifadəçilərimiz nazirliyin müraciətini nəzərə almalı, bu yöndə informasiya paylaşımında dəqiqlik amilini gözləməli, rəsmi dairələrlə dəqiqləşdirmə aparmalıdırlar. Əlavə olaraq qeyd etmək istərdim ki, iki ölkə arasında mübahisələrin davam etdiyi şəraitdə “Hərbi informasiya mərkəzi”nin fəaliyyətinin davam etdirilməsini zəruri sayıram. 44 günlük Vətən müharibəsi günlərində formalaşdırılan “Hərbi informasiya mərkəzi”nin dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlər keçirməsi, jurnalistlərin suallarının operativ cavablandırılması çox faydalı idi. Jurnalistlərə imkan verirdi ki, istədikləri sualları operativ şəkildə dəqiqləşdirsinlər və Azərbaycan cəmiyyətini doğru, düzgün məlumatlarla təmin etsinlər”.