Azərbaycan televiziyasının ilk yayım günü...

Arzu İsayeva: "Gənc aktrisa Nəcibə Məlikova efirdə məşhur "Diqqət, göstərir Bakı!" sözlərini səsləndirib"

"Xalq şairi Süleyman Rüstəm və yazıçı Mehdi Hüseyn yayıma başlayan televiziyanın cəmiyyətin və insanların həyatında oynayacağı rol barədə danışıblar"

14 fevral Azərbaycan televiziyasının müntəzəm yayıma başladığı gündür. Bəs, 66 il əvvəl bu yayım necə baş verib və Bakıda ilk dəfə işıqlanan ekranlarda tamaşaçılar nələrə baxıblar?

Bu barədə suallarımızı BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva cavablandırıb.

- Arzu xanım, efirə çıxmaq, müntəzəm yayıma başlamaq üçün o dövrdə ciddi hazırlıq işləri aparılmışdı...

- Əlbəttə, bu yayıma qədər təxminən iki il ərzində ciddi texniki və yaradıcılıq işləri görülüb. Tarixdən bəllidir ki, Bakıda televiziya mərkəzinin layihəsi hələ 1953-cü ilin sentyabrında hazırlanıb, bir il sonra onun təməli atılaraq sürətli tikinti işlərinə başlanıb. Artıq 1955-ci ilin axırlarında istifadəyə hazır olan studiyada texnoloji sistemləri sınaqdan keçirmək üçün ara-sıra sınaq-yoxlama verilişləri aparılıb.

- Yayım niyə məhz 14 fevralda başlanıb? Bu tarixin seçilməsinin bir səbəbi varmı?

- Əlbəttə, bunun səbəbi var idi, həm də çox ciddi səbəb. Ona görə ki, 1956-cı il fevralın həmin günü Sov.İKP-nin XX qurultayı açılırdı və Cənubi Qafqazın hər üç respublikasında TV studiyasının işə düşməsi bu tarixi hadisə ilə bağlı idi. Yəni bu, sövet dövrünün bir ənənəsi idi ki, qurultay başlanan gün onun şərəfinə əhəmiyyətli hadisələr baş verirdi. Bu mənada bizdə də 1956-cı il fevralın 14-ü Azərbaycan televiziyasının yaranış tarixinə çevrildi.

- Sizcə, bu hadisənin əhəmiyyəti nədə idi?

- Təbii ki, bu, sovet Azərbaycanının ictimai-siyasi və mədəni həyatında bənzərsiz hadisə sayılırdı. TV tariximizin görkəmli tədqiqatçıları olan professorlar Yalçın Əlizadə və Qulu Məhərrəmlinin yazdıqları kimi, həmin gün ölkə həyatında həm ictimai-siyasi əhəmiyyətinə, həm də mədəni, mənəvi-estetik dəyərinə görə müqayisəyəgəlməz bir tarix yaşanmışdı.

- Bəs, həmin gün yayım necə baş verdi, ekranda nələr göstərildi, o gündən nələr yadda qaldı?

- İlk veriliş günü ekranda əvvəlcə sınaq cədvəli göstərilib, sonra gənc aktrisa Nəcibə Məlikova efirdə məşhur "Diqqət, göstərir Bakı!" sözlərini səsləndirib, ölkədə müntəzəm yayımın başlanması münasibətilə tamaşaçıları təbrik edib. Sonra studiyada sonradan televiziyanın ilk sədri olmuş Teymur Əliyevin aparıcılığı ilə bir təbrik söhbəti olub. Həmin söhbətdə iştirak edən Xalq şairi Süleyman Rüstəm və yazıçı Mehdi Hüseyn yayıma başlayan televiziyanın cəmiyyətin və insanların həyatında oynayacağı rol barədə danışıblar. Söhbətdən sonra o dövrün məşhur xanəndəsi Sara Qədimovanın konserti olub. Həmin tarixi anlarda operator kimi kamera arxasında mühəndis Sərvər Quliyev, rejissor pultu arxasında isə məşhur Kamil Rüstəmbəyov dayanmışdı.

- Deyəsən, həmin gün “Bəxtiyar” filmi də göstərilib?!

- Bəli, konserdən sonra tamaşaçılar kibrit qutusundan bir az böyük olan ekranda "Bəxtiyar" filminə baxıblar, amma film efirə səssiz gedib. Buna səbəb kimi də yayımdan bir gün əvvəl studiyada yanğın baş verməsi və bəzi naqillərin zədələnməsi göstərilir. Hərçənd qüsurlar tezliklə aradan qaldırılıb və ertəsi gün Xalq artisti Hökümə Qurbanovanın təqdimatı ilə həmin film yenidən və heç bir texniki qüsur olmadan göstərilib.

- Həmin günün başqa hansı özəlliyi olub?

- 14 fevralda yadda qalan bir hadisə də o olub ki, teleqüllənin inşası sona yetmədiyi üçün studiya antenası 44 metrlik adi neft buruğunda quraşdırılıb. Lakin 2-3 aydan sonra hər şey yoluna qoyulub.

- Arzu xanım, çox maraqlıdır ki, həmin gün verilişlərə nə qədər adam baxıb, yayım bütün Azərbaycanı, yoxsa ancaq Bakını əhatə edib?

- Yayımın yeni başladığı ilk dövrdə Azərbaycan televiziyasının tamaşaçı auditoriyası Bakının və ətraf rayonların cəmi 60 min sakinindən ibarət idi. Verilişlər isə sınaq xarakteri daşıyırdı və studiya əvvəlcə həftədə 2, sonra isə 3 dəfə və təxminən 2 saat müddətində efirə çıxırdı.

- Bəs sonrakı günlərdə "Bakı" studiyası tamaşaçılarına nələr göstərib?

- İlk dövrlər ekranda əsasən kinofilmlər, kinojurnallar və çəkilmiş hazır konsertlər, ədəbi tamaşalardan parçalar nümayiş etdirilirdi. Moskvadan – Mərkəzi TV-dən də "Bakı" studiyasına xeyli hazır lentlər göndərilirdi. Bunlar əsasən təşviqat xarakterli ictimai-siyasi proqramlar, «Znanie» jurnalının buraxılışları, elmi-kütləvi filmlər idi.

Müntəzəm yayıma başladığı 6 ay ərzində "Bakı" studiyası xeyli faydalı iş görə bilmişdi. Həmin günlərdə "Ədəbiyyat və incəsənət" qəzeti (2 sentyabr 1956) yazırdı ki, bu müddətdə studiya efirdə 100-ə yaxın bədii film göstərib.

- Yəqin ki, ilk efir dövrünün çətinlikləri də olub?

- Əlbəttə, televiziya işi bunsuz olmur. Yayıma yeni başladığından telemərkəzdə lazımi aparatlar çatışmırdı. Burada yalnız bir studiya telekamerası, bir də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında yerləşən iki kamera vardı. Studiya 30 kvadratmetrlik iki otaqdan ibarət idi. Yarıya bölünmüş bu otaqların birində kinoaparatlar yerləşirdi, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Lakin bu çətinliklərə baxmayaraq studiyanın kiçik kollektivi maraqlı verilişlər yaradır və tamaşaçıların zövqünü oxşamağa çalışırdı.

- Arzu xanım, maraqlı məlumatlara görə təşəkkür edirik.

Söhbəti yazdı: Sona Məmmədova, 
BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi