Göstərir Bakı... ! - “Televiziya xalqın mötəbər informasiya mənbəyidir”

Bu gün Azərbaycanda televiziyanın yaranmasından 66 il ötür. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.
Bu gün Azərbaycan televiziyaları geniş tamaşaçı auditoriyasına malikdir.

Qeyd edək ki, bu gün həm də “Mədəniyyət TV” kanalının yaranma günüdür.2011-ci ilin 14 fevralında saat 21:00-da fəaliyyət başlayan kanalın 11 yaşı tamam olur.

Televiziya işçiləri günü ilə bağlı "Sherg.az"a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru,  Əməkdar jurnalist Qulu Məhərrəmli televiziyanın yaranmasını cəmiyyətin həyatında böyük inqilab olduğunu vurğulayıb. Onun vasitəsilə insanların davranışları, dəbləri, şüurları dəyişir:

"Qərb ölkələrində insanların formalaşmasında televiziyanın rolu böyükdür. 

Sosial şəbəkələr dağınıq formada insanlara təsir göstərir. Lakin televiziya nizamlı şəkildə edir. Avropalılar arasında keçirilən sorğuya əsasən 70 faiz insan düzgün informasiyanı televiziyadan alır. Azərbaycanda da televiziya xalqın mötəbər informasiya mənbəyidir. Vətən müharibəsi bunun sübutudur.

Televiziyanın özünə tənqidi yanaşması mühümdür. Onun əsas rolu maarrifçilik olmalıdır. Lakin bu gün televiziyalarda aydınlanma azalıb. 

Çünki maarrifləndirici proqramlar televiziyaya pul gətirmir. İnsanları informasiya ilə təmin etməyin ən maraqlı üsulu əyləncəylə informasiyanı birləşdirməkdir. İnsanların televiziyadan əsas gözləntiləri informasiya, əyləncə, estetik zövqdür".

Xanlar ƏLİBƏY