Səsimizi dünyaya çatdırmalıyıq

Bunun üçün xaricidilli jurnalistlər koordinasiya olunmalıdır

   İngilis dilində yazan jurnalistlərin Qərb KİV-lərində dərci üçün müqavilə bağlaması təklif olunub. Bu barədə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Sosial Tədqiqatlar Mərkəzinin (STM) hazırladığı “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində Azərbaycanda ingilis dilində yazan jurnalistlərin “Vaşinqton Post”, “Nyu-York Tayms” kimi Qərbin məşhur qəzet və digər KİV-lərində təcrübəyə göndərilməsi, onların məqalələrinin dərc edilməsi ilə bağlı müqavilələr imzalanmasının lazım olduğunu qeyd edib.  

Təklif barədə fikirlərini "Şərq"ə bildirən BDU-nun professoru, tanınmış jurnalist, media mütəxəssisi Qulu Məhərrəmli sözügedən təşəbbüsü yüksək qiymətləndirib: "Jurnalistika dünyanın hər yeri ilə kommunikasiyadadır. Bu gün ölkə daxilində yazıb, eşitməyimizlə yanaşı layihə olaraq Azərbaycan haqqında gerçəklərin, materialların dünya mediasına çıxmağı çox önəmlidir. ADA Universitetinin bu təşəbbüsü çox təqdirəlayiqdir. Artıq orada Kommunikasiya və Rəqəmsal media ixtisası tədris olunur. Bu, bəlli bir səviyyə, müəyyən ənənələrin davamıdır. Orada kifayət qədər yaxşı mütəxəssislər var. Bu təşəbbüsün ortaya çıxmağı da onun bir əlamətidir".

Professor əlavə edib ki, Azərbaycanda fransızdilli, ərəbdilli jurnalistlərin birliyi var: 

"Amma onların koordinasiyası olmalıdır ki, xarici ölkə mətbuatında yazılarımız, materiallarımız dərc olunsun. Onların əlaqələndirilməsi çox önəmlidir. Bildiyimiz kimi, media dünyanın hər yerində normativdir. O, gerçəyə söykənən yazılar verir, diskussiya şəraiti yarada bilir. Qarşı tərəfə mövqeyini bildirmək üçün imkanlara yol açır. Bu cür şəraitdə dünya mediasının öz dilində danışa bilən mütəxəssislərimizin olmağı çox vacibdir. Bunun üçün kadrlar yetişdirilməli, fundamental təhsil verilməli, dünya mediasının qaydaları öyrədilməlidir. Təbii ki, dil bilgiləri də yüksək səviyyədə olmalıdır. Şəxsi, ictimai, dünya haqqında təsəvvürləri, demokratik dəyərlər barədə bilgilərə sahib olmalıdır. Bütün bunlar kompleks şəkildə yazarların formalaşmasına təsir etməlidir. Yoxsa birtərəfli düşüncə ilə heç nəyə nail ola bilmərik".