Baş yazardan sərt açıqlama: “"Sputnik" Azərbaycanda mövcud olmamalıdır”

"Yeni Musavat" media qrupunun rəhbəri Rauf Arifoğlu "Facebook" hesabında Avropa Komissiyasının "Sputnik"lə bağlı qərarından yazıb.  R.Arifoğlu qeyd edib: “Ölkəmizin düşməni Marqarita Simonyanın “Russia Today” və “Sputnik” quruluşları Aİ ərazisində yayınlanmayacaq. Bu qərara Azərbaycan da qoşulmalı!”.

Qeyd edək ki, “Sputnik” Rusiyanın dövlət xəbər agentliyidir.  Bu media quruluşu 10 noyabr 2014-cü ildə Rusiya hökumətinə məxsus “Rossiya Seqodnya” xəbər agentliyi tərəfindən təsis edilib. "Sputnik"in Azərbaycanda regional redaksiyaları fəaliyyət göstərir.

Mövzu ilə bağlı daha ətraflı "Sherg.az"a danışan R.Arifoğlu bildirib ki, erməni xislətini gizlədə bilməyən şəxsin Azərbəycanda media quruluşunun olmasını düzgün hesab etmir:

“Marqarita Simonyanın rəhbərlik etdiyi mətbuat orqanı Azərbaycanda mövcud olmamalıdır. Onlar ölkəmizdə nəinki yayım edir, hətta geniş redaksiyaları var. Düzdü, orada bizim azərbaycanlı həmkarlarımız çalışır. Yenə də, bu yolverilməzdir. Çünki həmin quruluş Kremlin propaqandistidir. Həmçinin rəhbəri M.Simonyan Azərbaycana düşmən kəsilən adamdır. Pezidentlə debatda özünü necə tərbiyəsiz, düşməncəsinə, qeyri-obyektiv apardığını hər kəs müşahidə etdi. "Sputnik"in Azərbaycanda hələ də fəaliyyət göstərməsi prezident İlham Əliyevin demokrat insan olmasından və tolerantlığından irəli gəlir”.

Xanlar ƏLİBƏY