"Görüşdən çox razı qaldıq"

Xanhüseyn Əliyev: "Çap mediasının yayımı ilə bağlı bütün problemlərimizi, təkliflərimizi səsləndirdik

"Qəzetləri insanlar arasında yaymaq, oxuculara çatdırmaq üçün yayım şirkətlərinin fəaliyyəti zəruridir. Agentlik bunu gözəl başa düşür"

   Mart ayının 3-də Medianın İnkişafı Agentliyində  çap mediası məhsullarının yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib. Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, görüşün əsas məqsədi çap mediası məhsullarının yayım sahəsindəki mövcud vəziyyətinin təhlili, yayım prosesinin səmərəliliyinin artırılmasıdır. Həmçinin, bu sahəyə dair mövcud normativ hüquqi aktların müddəalarının şərh edilməsidir. Görüşdə Bakı şəhəri ilə yanaşı rayonlarda da yayım işinin təkmilləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Sonda görüş iştirakçılarının çap mediası məhsullarının abunə və satışının daha səmərəli təşkili istiqamətində təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. 

Görüşlə bağlı “Şərq”ə danışan “Qaya” mətbuat yayımı firmasının sədri Xanhüseyn Əliyev deyib ki, bu, MEDİA ilə yayım şirkətlərinin rəhbərləri arasında ilk görüş idi. Onun sözlərinə görə, müzakirələr səmərəli keçib: 

“Görüş yüksək səviyyədə təşkil olunmuşdu. Təxminən 2,5 saat ərzində müzakirələr apardıq. Halbuki, görüş 1 saat planlaşdırılmışdı. Yayımla bağlı bütün problemləri, çatışmazlıqları dilə gətirdik, təkliflərimiz dinlənildi. Yayım firması mətbuatın önəmli tərkib hissəsidir, bir-biri ilə bağlı sahələrdir. Biri olmasa, digəri də olmayacaq. Nəşr olunan qəzetləri insanlar arasında yaymaq, oxuculara çatdırmaq üçün yayım şirkətlərinin fəaliyyəti zəruridir. Agentlik bunu gözəl başa düşür. Əsas problemlərimizdən biri daşınma xərclərinin artmasıdır. Bu, bizim üçün çətinlik yaradır. Həm də yeganə gəlir mənbəyimiz yerli qəzetlərdəndir. Xarici qəzetlərin ƏDV-si yüksəkdir. Qəzetlərin regionlara çatdırılması təkcə Bakıda deyil, digər şəhərlərə daşınması məsələsini də gündəmə gətirdik. Daşınması baha başa gəldiyi üçün rayonlara qəzet apara bilmirik. Agentliyin rəhbəri Əhməd İsmayılov daşınma və digər problemlərlə bağlı müvafiq qurumlarla müzakirə aparacağını dedi. Yayım firmalarını narahat edən bir çox məsələ barədə ətraflı danışdıq. Əhməd müəllimdən çox razı qaldıq”. 

X.Əliyev vurğulayıb ki, Bakıda qəzet köşklərinin sayı azdır: 

“Köşklərin sayını artırmağa ehtiyac var. Təzə köşklərin sayı 240-dır. Bizim isə paytaxtda 13 köşkümüz var. Müzakirə olundu ki, köşklərlə bağlı monitorinq aparılsın və qəzetlərin həmin məntəqələrdə satışı ilə bağlı nəzarət gücləndirilsin. 

Görüşlərin davam edəcəyini, hətta növbəti toplantının baş redaktorlar və yayım firmalarının rəhbərləri ilə birlikdə olacağını söylədilər”.