Azərbaycan BMT-yə çətin günlərdə üzv qəbul olunub

Rəsmi Bakı beynəlxalq təşkilatla əməkdaşlıq istəyini bu gün də təsdiqləyir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

   
   Martın 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olmasının 30 illiyini qeyd etdi. 1992-ci ilin 2 mart tarixində Azərbaycanı və digər səkkiz keçmiş sovet respublikası BMT-yə yeni üzv kimi qəbul olunub. O zaman yeni müstəqil dövlət olaraq Azərbaycan 1990-cı illərin əvvəllərində baş verən münaqişə üzündən ağır çətinliklərlə üzləşmişdi. Məhz bu səbəbdən BMT ilə Azərbaycan arasında tərəfdaşlığın ilk illərində BMT-nin yardımı əsasən qaçqınların və məcburi köçkünlərin təcili ehtiyaclarını qarşılamaqdan ibarət idi. BMT-nin ixtisaslaşmış agentlikləri 600 000-dən çox məcburi köçkünü və 200 000 qaçqını qida, səhiyyə xidmətləri, sığınacaq və digər qeyri-ərzaq məhsulları ilə təmin etmişdi. 

Hökumətin, yerli icmaların və beynəlxalq tərəfdaşların birgə səyləri genişmiqyaslı yerdəyişmənin kütləvi aclıq və epidemiyalar kimi ən faciəvi nəticələrinin qarşısının alınmasında mühüm rol oynayıb. Növbəti illərdə isə BMT-nin dəstəyi münaqişədən sonrakı bərpa prosesləri və uzunmüddətli inkişaf ehtiyacları istiqamətində olub. Nisbətən qısa müddət ərzində Azərbaycan keçid iqtisadiyyatından yüksək insan inkişafı indeksinə malik yüksək orta gəlirli ölkəyə çevrilib. Son 30 ildə Azərbaycan iqtisadi artım və insan inkişafı baxımından nəzərəçarpacaq irəliləyiş əldə edib. BMT-Azərbaycan münasibətləri isə yardıma əsaslanan əməkdaşlıqdan tərəfdaşlığa əsaslanan əməkdaşlığa çevrilib. BMT-yə üzv olduqdan sonra Azərbaycan dayanıqlı inkişafa dair müştərək öhdəliyimizə öz töhfəsini verməklə bərabər, BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə uyğun olaraq hərtərəfli və geniş əhatəli gündəlikdə fəal iştirakını davam etdirib. Bu səylər qlobal səviyyədə də tanınıb və qəbul olunub – 155 üzv dövlət Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə səs verib. 

COVID-19 pandemiyası dövründə Azərbaycan bir daha çoxtərəfliliyə sadiqliyini nümayiş etdirərək, məsuliyyətli tərəfdaş qismində pandemiya ilə mübarizə üzrə regional və qlobal səylərə töhfə verib. Qoşulmama Hərəkatının sədri kimi, Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməklə bərabər, COVID-19-a qarşı qlobal təşəbbüslərə maliyyə dəstəyini ayırıb. Bundan əlavə, zəngin multikulturalizm və dini tolerantlıq ənənələrinə malik Azərbaycan son illərdə bir sıra yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməklə müxtəlif millətlər və xalqlar arasında mədəniyyətlərarası dialoqun və anlaşmanın genişləndirilməsi rolunu öz üzərinə götürüb. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, münaqişədən sonra bərpa prosesi çərçivəsində səylərini dəstəkləməyə davam etməkdədir. 

2021-ci ildə BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan Hökuməti 2021-2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF) sənədini imzalayıblar. Çərçivə sənədi tərəfdaşlıq üçün dörd prioritet sahəni müəyyən edir: həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım; dövlət və sosial xidmətlərin daha yaxşı göstərilməsi üçün daha güclü institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə və qadın və qızların səlahiyyətlərini artıran və gender bərabərliyinə əsaslanan cəmiyyət. Bunların hər biri çox iddialı hədəfdir və onlara çatmaq üçün daha qətiyyətli tədbirlər və cəmiyyətin bütün təbəqələrinin səfərbərliyi tələb olunur. 

Bu günlərdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif Ağdam Şəhidlər Xiyabanını ziyarət edib. BMT nümayəndəsi və onunla birgə olan şəxslər Ağdam “Cümə” məscidində, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov icraçı direktoruna Ağdamda Azərbaycan hökumətinin şəhərsalma üzrə aparıldığı yenidənqurma işləri ilə bağlı məlumat verib. Qeyd edək ki, Maimuna Mohd Şərif ölkədə inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhər inkişafını təşviq etmək, habelə təmsil etdiyi BMT agentliyi ilə əlaqələri möhkəmləndirmək üçün Azərbaycana səfər edib. Onun səfəri ənənəvi idman növlərinin dirçəldilməsinə həsr olunmuş 5-ci Etnosport Forumuna təsadüf edir. 

Politoloq Sədrəddin Soltan deyib ki, nizamnaməsinə və üzvlərinin sayına görə BMT dünyanın ən böyük təşkilatıdır. Hazırda təşkilatın 193 üzvü var. Onun əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Onun sözlərinə görə, BMT-yə “dünya hökuməti” də deyirlər. Bu təşkilat nizamnamə və qəbul etdiyi sənədlərə əsasən həm də beynəlxalq hüququn qorunmasına yardım edir:

 “Azərbaycan müstəqilliyini bərpa etdikdən təxminən üç ay sonra, 1992-ci il martın 2-də bu nüfuzlu təşkilata üzv qəbul olunub. BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilat yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Azərbaycan BMT-yə çox çətin günlərində üzv qəbul olunub. Ermənistanın təcavüzünün qarşısının bu təşkilatın yardımı ilə alınacağına ümid çox idi. 1993-cü ilin aprel, iyul, oktyabr və noyabr aylarında təşkilatın Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına dair 4 qətnamə qəbul etmişdi. Ancaq bu sənədlərə Ermənistan 27 il əhəmiyyətsiz bir sənəd kimi yanaşdı. BMT Azərbaycana münasibətdə 27 il nizamnaməsinin əsas prinsiplərindən birini - dövlətlərin ərazi bütövlüyünü gerçəkləşdirə bilmədi. Təcavüzkar Ermənistana qarşı bir cümləlik sanksiya belə tətbiq edilmədi. Bundan şirniklənən işğalçı yeni ərazilər ələ keçirmək iddiasına düşdü. Ermənistan davamlı olaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutdu, dövlət sərhədini pozdu. 

BMT və başqa beynəlxalq təşkilatların fəaliyyətsizliyi Azərbaycanı öz ərazi bütövlüyünü əks-həmlə əməliyyatı ilə bərpa etməsinə şərait yaratdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarını işğalçı Ermənistandan azad etməsi istiqamətində əməliyyat keçirməyə başladı. 44 gün sürən müharibə Azərbaycan torpaqlarının Ermənistanın işğalından təmizlənməsi ilə başa çatdı. Bundan sonra Cənubi Qafqazda yeni şərait yarandı. Azərbaycanın apardığı ədalətli müharibə BMT-nin 27 il məhəl qoyulmayan qətnamələrinin tələblərini həyata keçirdi. 30 ilə yaxın tapdanan beynəlxalq hüquqa hörməti Azərbaycan yada saldı”. 

Ekspert xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: 

ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya: “Bu dövlətlər 27 il məlum qətnamələrin dinc yolla reallaşmasına cəhd belə etməməklə özlərinə olan etibarın azalmasına rəvac verdilər. Şura üzvlərinin BMT nizamnaməsinə və qəbul etdikləri qətnamələrə hörmətsizliyi sonrakı illərdə keçmiş sovet respublikaları ərazisində yeni fəsadlara yol açdı. 2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş, 2014-cü ildə başlayıb və 2022-ci ilin fevralında bərpa olunan Ukrayna müharibəsi buna sübutdur. 

Azərbaycan torpaqlarını işğaldan azad etməklə BMT-nin itən və gözdən düşən nüfuzunu qaldıra bildi. 

Azərbaycan 30 il ərzində təşkilatın sülhməramlı, humanitar layihələrinə qatılır. Bu, rəsmi Bakının BMT ilə əməkdaşlıq etmək istəyini bir daha təsdiqləyir”.