İKT-nin təsir dairəsi genişlənir

Yeni Mərkəzin yaradılması vətəndaş müraciətlərinə daha operativ baxılmasına imkan yaradacaq

"Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi var"

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;


   İnformasiya və kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biridir. İKT-nin təsir dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Əksər ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstərici sayılır. Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində mühüm addımlar atılıb. Bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. 

Dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən dəstək bu sahənin yaxın illərdə daha da sürətlə inkişaf edəcəyini təqdir edir. Məlum olduğu kimi Bakıda Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışı olub. Açılışda Prezident İlham Əliyev də iştirak edib. Administrasiya rəhbəri Samir Nuriyev dövlət başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün zəruri şərait yaradılıb. Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır. 

Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan önəmli yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşların müraciətləri operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcək. Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar. 

Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır. Bir məqamı da diqqətə çatdıraq ki, ötən il Prezident Administrasiyasına daxil olan müraciətlərin 60 faizi ərizələrdən, 39 faizi şikayətlərdən və təkliflərdən ibarət olub. Müraciətlər əsasən sosial müdafiə, İkinci Qarabağ müharibəsi və onun nəticələri, hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, əfv məsələləri, səhiyyə xidmətləri, torpaq məsələləri və işğaldan azad edilmiş ərazilərlə bağlı olub. Müraciətlərə operativ baxılaraq müvafiq kömək göstərildiyinə görə dövlət başçısı İlham Əliyevin ünvanına 30 minə yaxın minnətdarlıq məktubu daxil olub.

Mühüm yeniliklə bağlı “Şərq”ə danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, yeni mərkəz dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına xidmət göstərəcək. Ekspertin sözlərinə görə, vətəndaşların birbaşa Prezident Administrasiyası ilə kommunikasiya yaratmaq imkanı olduqca mühümdür:

“Əvvəllər bu fəaliyyəti genişmiqyaslı şəkildə həyata keçirmək mümkün deyildi. İndi isə yeni, innovativ alətlər tətbiq olunur. Bu, operativliyi və əks-əlaqə sistemini daha da gücləndirəcək. Daxil olan müraciətlər, şikayətlər sürətli şəkildə müvafiq strukturlara ötürüləcək. Eyni zamanda vətəndaşların müraciətlərlə bağlı konstitusion hüquqlarının reallaşdırılmasına daha geniş təminatlar verəcək. Vətəndaşlar müxtəlif alternativlər vasitəsilə öz  problemlərini çatdırmaq imkanına malik olacaqlar. Bu həm də dövlət orqanlarının işləməsinin göstəricilərini müəyyənləşdirən parametr olacaq. Çünki vətəndaş müraciətləri adətən hər hansı dövlət orqanının işinin təkmilləşdirilməsi və ya pozulmuş hüququn bərpası ilə bağlı olur”. Ə.Nuriyev qeyd edib ki, ölkədə vəziyyətin dinamikasını birbaşa vətəndaşdan məlumat almaqla müəyyənləşdirmək mümkün olacaq: “Daxil olan məlumatlar emal olunacaq və bütövlükdə problemlərin nədən ibarət olması ilə bağlı təhlillərə gətirib çıxaracaq. Bu sayədə böyük data bazası yaranacaq. Həmin məlumat bazası hökumət tərəfindən mühüm qərarların qəbul olunması prosesinə təsir göstərəcək. Hansı sektorda və ya hansı rayonlarda problem varsa, bu barədə elektron xəritə yaradıla bilər”. 

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də Prezident Administrasiyasında Vətəndaş Qəbulu Mərkəzinin yaradılmasının müsbət addım olduğunu vurğulayıb:

 “Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Mərkəzdə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanı da yaradılıb. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi var. Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Həmçinin, vətəndaşların qəbulunda şəffaflığın artırılmasına kömək edəcək. Onu da xatırladım ki, vətəndaşlar birbaşa qəbulla yanaşı, “president.az” rəsmi səhifəsi vasitəsilə elektron formada da müraciətlərini göndərə biləcəklər”.