KOBİA sahibkarlar üçün çox rahat platformadır

Fuad İbrahimov: "Məsələ ondadır ki, bəzi sahibkarlarımız yerində oturaraq problemlərinin həllini gözləyirlər"

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Son illərdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində və həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amilləri sadalamaq mümkündür. Onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq lazımdır. Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırıb. 

Özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır. Müasir infrastrukturun yaradılması respublikamızda iqtisadi aktivliyin artmasına, o cümlədən də sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına hədəflənən tədbirlərin yalnız bir istiqamətidir. Milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması, biznes mühitinin getdikcə daha da optimallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin əhatə dairəsi daha genişdir. Hazırda Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99 faizini mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. KOB subyektləri əsasən ticarət, kənd təsərrüfatı, xidmət, tikinti, emal sənayesi, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərirlər. 

Bu gün ölkəmizdə bir sıra qurumlar, o cümlədən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlara, xüsusilə KOB subyektlərinə müxtəlif dəstək və xidmətlər təqdim olunur, güzəştlər və dövlət dəstəyi həyata keçirilir, bir sıra institusional mexanizmlər fəaliyyət göstərir. Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi vergidən azaddır. Eyni zamanda mikro sahibkarlıq subyektləri əmlak vergisindən də azaddır. Hazırda KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinin reallaşdırılmasına maliyyə dəstəyi göstərilir. Bu gün də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarların məlumatlandırılması üçün görüşlərini davam etdirir. Agentliyin növbəti belə görüşü aprelin 7-də Ağstafa rayonunda təşkil olunub. KOBİA və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş görüşdə Ağstafa və ətraf bölgələrdən olan sahibkarlar, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Görüş çərçivəsində KOBİA-nın Ağstafa rayonu üzrə Kiçik və Orta Biznes qurumu rayonun biznes ictimaiyyətinə təqdim olunub. 

Bu, Qazax-Tovuz iqtisadi rayonu üzrə sayca 2-ci KOB dostudur. Hazırda KOB-lar ölkənin 31 şəhər və rayonunda fəaliyyət göstərir. Regional qurumlar rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini təmin edəcək. Bu məqsədlə KOB-lar sahibkarların maraqlarının müdafiəsi, investisiya təşəbbüslərinin reallaşdırılması, biznes məsələlərinə dair məlumatlandırma, sahibkarların qarşılaşdıqları çətinliklərin həlli istiqamətlərində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər həyata keçirəcək. Dəstək və xidmətlər göstərəcək. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib. Effektiv dəstək mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun iqtisadi potensialının geniş olduğunu və rayonda sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb. O, KOB dostunun sahibkarlara dəstək olacağına əminliyini vurğulayıb. Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

İqtisadçı Fuad İbrahimov “Şərq”ə bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ASAN Xidmətdən sonra ikinci uğurlu layihədir. Ekspertin sözlərinə görə, Agentlik rəhbərliyinin məsələlərə yanaşmasında müsbət fərqlilik var:

 “Agentlik maksimum şəkildə çalışır ki, sahibkarlar maarifləndirilsin, öz hüquqlarını bilsinlər. Dövlətin və müvafiq qurumların iş adamları, biznesmenlərlə işləməsində, onlara maliyyə və digər sahələrdə dəstək verməsində ciddi problemlər, çatışmazlıqlar yoxdur. Məsələ ondadır ki, bəzi sahibkarlarımız yerində oturaraq problemlərinin həllini gözləyirlər. Əsas problem budur. Əgər sahibkar hansısa çətinliyini aradan qaldırmaq istəyirsə, kreslodan aralanmalı, müvafiq təşkilatın qapısını döyməlidir. Əfsuslar olsun ki, xeyli iş adamlarımız elektron daşıyıcılarla “dostluq” etmirlər. Bir-iki adama üzləşdiyi çətinliyi deyir və həllinə nail olmayanda narazılıq etməyə başlayır. Əsasən, regionlarda bu sahədə ciddi problemlər var və maariflənməyə ehtiyac duyulur. O baxımdan KOBİA-nın müxtəlif rayonlarda keçirdiyi tədbirlər maarifləndirmə yönündə çox önəmlidir. KOBİA elektron xidmətlər vasitəsi ilə sahibkarlara əlverişli kapital dəstəyi və iş imkanı təklif edir. Sadəcə, bundan xəbərdar olmaq lazımdır. Özümüz bu qurumların operativ və şəffaf fəaliyyətinə dəfələrlə şahid olmuşuq. Çox rahat platformaları var”.