Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək

İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku turniri təşkil edəcək.
Yarış “Report” Agentliyinin informasiya dəstəyi ilə keçiriləcək.
Məqsəd İAM-ın yubileyini, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni, eləcə də turnir günlərinə təsadüf edəcək 9 May – Faşizm üzərində Qələbə Günü, 28 May – Müstəqillik Günü, mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun doğum gününü qeyd etmək, jurnalistlər arasında münasibətləri daha da yaxşılaşdırmaq, bu idman növünün təbliği, futbolun kütləvililiyinin artırılması, asudə vaxtlarının səmərəli təşkilinə mənəvi dəstək olmaqdır.

Yarışda yalnız jurnalistlər iştirak edəcək. Komandalar püşkatma yolu ilə “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Laçın”, “Kəlbəcər”, “Ağdam” və “Şuşa” adlanacaq və hər birinə təşkilatçı tərəfindən geyim forması (futbolka və şortik) veriləcək. 

İlk tur 4 may – İAM-ın yaradılmasının 10-cu ildönümü günündə açılış mərasimindən sonra start götürəcək. Zəfər Kubokuna 19 iyun – mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının ildönümü günündə yekun vurulacaq.

Turnirin mükafat fondu aşağıdakı kimi formalaşdırılıb:

1-ci yer – Zəfər Kuboku, 2 000 manat pul mükafatı (hər bir oyunçuya 250 manat), diplomlar

2-ci yer – 1200 manat pul mükafatı (hər bir oyunçuya 150 manat), diplomlar

Yarımfinalda uduzanlar: diplomlar.

Eyni zamanda, turnirin ən yaxşı oyunçusu və ən yaxşı bombardirinə xatirə plaketi veriləcək.

Bütün qarşılaşmalar Olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin (“Neftçi”nin keçmiş bazası) meydançalarında keçiriləcək.