İsmət Səttarov: “Media haqqında” Qanunun qəbulu bu sahədə olan boşluqları doldurub”

“Audiovizual Şura audiovizual yayımla bağlı problemləri öyrənmək üçün araşdırmalara başlayıb. Bu məqsədlə beş istiqamət üzrə görüşlər təşkil edilib. Görüşlərdə hər bir istiqamət üzrə problemlər və onlardan çıxış yolları müzakirə olunub. Görüşlərdə səsləndirilən bir sıra problemlər konkret istiqamətlər üzrə, bəziləri isə ümumi audiovizual yayıma aid olub. Ümumi problemlərdən ən başlıcası isə teleradio yayımı sahəsini tənzimləyən qanunvericiliyə əməl olunmaması, günün xəbərlərinə çox vaxt verilməməsi müəyyən edilib”.

Trend-in məlumatına görə, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda keçirilən dəyirmi masada deyib.

“Qeyd etmək lazımdır ki, o vaxt bu sahə üç - “Kütləvi informasiya vasitələri”, “Televiziya və radio yayımı haqqında” və “Reklam haqqında” - qanunla tənzimlənirdi. Bu qanunlardan ikisi 1994 və 2000-ci illərdə qəbul olunub. Sözügedən qanunların qəbulundan sonra bu sahədə bir çox dəyişikliklər olub.

Keçirilən müzakirələrdən sonra Şuranın daxilində yeni qanunvericilik təklifləri irəli sürəcək işçi qrupu yaradılıb, bir neçə ay ərzində “Televiziya və radio yayımı haqqında” Qanunun vəziyyəti, audiovizual yayım haqqında yeni qanun layihəsi işlənib hazırlanıb, müxtəlif media ekspertləri ilə müzakirə edilib. Bu qanun layihəsinin qəbul edilməsi “Kütləvi informasiya vasitələri haqqında” Qanuna və digər qanunverici aktlara dəyişiklik edilməsi zərurəti yaradıb. Məsələ müvafiq qurumlar qarşısında qaldırılıb, bu sahədə xarici ölkə təcrübələri araşdırılıb. Nəticədə ən doğru və optimal yol kimi “Media haqqında” Qanunun qəbul edilməsi qərara alınıb”, - deyə İ.Səttarov bildirib.

Şura sədri bildirib ki, sözügedən qanunun qəbulu bu sahədə əvvəlki qanunlarda olan boşluqları doldurub. Köhnə qanunlarda fiziki və praktiki cəhətdən bir sıra problemlər var idi. Yeni qanunla bu problemlər aradan qaldırılıb.