Rusiya kanalları çirkin təbliğatla məşğuldur

Orta Asiya ölkələri rus televiziyalarının yayımını birdəfəlik dayandırmalıdır

Qırğızıstanda Rusiyanın “Rossiya 24”, “Rossiya Kultura” və “Zvezda” telekanallarının yayımı dayandırılıb. Bu barədə istifadəçilərə yerli “Aknet” televiziya provayderi məlumat verib. Buna səbəb kimi provayder “bir sıra ölkələrdə ümumrusiya telekanallarının yayımına qanunvericilik məhdudiyyətlərinin” tətbiq edilməsini göstərib. 

Buna görə də telekanalların yayımı birtərəfli qaydada beynəlxalq peyklərdə bloklanıb. Öz növbəsində, Türkmənistanın ən böyük operatoru olan “Aşxabadskaya qorodskaya telefonnaya set” (Aşqabad Şəhər Telefon Şəbəkəsi) ölkədə “Rossiya 1” və “Zvezda”nın bağlandığını bildirib. 
Siyasi şərhçi, media eksperti Azər Həsrət “Şərq”ə deyib ki, Orta Asiya ölkələri rus kanallarının yayımlarını lap çoxdan dayandırmalı idilər. Ekspert bildirib ki, bununla bağlı illərdir həyəcan təbili çalınır: “Orta Asiyanın türk respublikalarında, o cümlədən Azərbaycanda rus televiziya kanalları birtərəfli, çirkin təbliğatla məşğuldurlar. Bu təbliğat nəticəsində də həmin bölgənin insanları yanlış informasiya və mövqeyə sahib olurlar. 

Ümumiyyətlə, Rusiyanın davranışı ilə bağlı Orta Asiya ölkələrinin mövqeyi yanlışdır. Səbəbi odur ki, rus kanalları uzun müddət həmin ölkələrdə rahat-rahat yayımlanıb. Yerüstü yayımlarda da bu tendensiya mühaşidə olunur. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Qazaxıstan kimi bir türk ölkəsində insanların böyük əksəriyyəti Moskvaya haqq qazandırırdı. Təsəvvür edin, işğalı, ilhaqı müdafiə edirdilər. Elə indi də rusların Ukrayna ərazisinə təcavüzünə haqq qazandıranların sayı az deyil. Bütün bunlar Rusiya təbliğat maşınının əldə etdiyi nəticələrdir. Rusiya dövləti mümkün çərçivədə Orta Asiya insanlarının beynini yumaqla məşğuldur”. 

A.Həsrət xatırladıb ki, Azərbaycanda yerüstü yayımda rus kanallarının yayımı dayandırılıb. Amma təəssüflər olsun ki, kabel televiziya kanallarımız öz paketlərində demək olar ki, 50 faiz rus kanallarını təqdim edirlər: 

“Xeyli sayda insan kabel televiziyasından istifadə edir. Əlbəttə, seçim imkanı var, bir tərəfdə rus kanallarıdırsa, digər yanda türk televiziyalarıdır. Ancaq düzgün seçimi siyasi proseslərdən başı çıxan adamlar edə bilərlər. Sadəlövh, siyasətdən uzaq insanlar hansı kanala olsa baxırlar. Rus dilini bilən vətəndaşlarımız isə daha çox rus efirlərini izləyir və zamanla beyinləri yuyulur. Azərbaycanda da Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyənlər var. Ona görə də rus kanallarının istər Orta Asiya ölkələri, istərsə də Azərbaycanda yayımı ilə bağlı çox sərt tədbirlər görülməlidir. Kabel kanallarına birbaşa göstəriş verilməlidir ki, ümumiyyətlə, Rusiya televiziyalarını paketdən çıxarsınlar”. 

Ekspert vurğulayıb ki, rus kanallarının xeyli hissəsi ermənilərə aiddir: “Ya da ermənilərin təsiri altındadır. Hamısı anti-Azərbaycan, anti-türk təbliğatı ilə məşğuldur. Azərbaycan tamaşaçısı könüllü pul verərək evinin içinə zəhərli təbliğatı soxur. Kabel televiziya kanallarının yayımını həyata keçirənlər isə bundan pul qazanır. Bəsdir, hər şeyi pula satmaq olmaz. Vətəndaşlarımız kabel yayımlarından imtina etməlidir. Məsələn, mən evimdə peyk yayımdan istifadə edirəm, ya da internet üzərindən kanallar izləyirəm. Kifayət qədər alternativlərimiz var”.