"Bu işin açarı səmimiyyətdir. Əgər, sən o səmimiyyəti ötürə bilirsənsə, həqiqətən də təsir qüvvəsinə malik olursan"


Getdikcə daha da inkişaf edən yeni media ənənəsi, bir sıra sahələrə fərqli formada təsir edir.
Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində təhsil almış, 3 il radio sahəsində fəaliyyət göstərmiş və hazırda müxbir kimi çalışan 25 yaşlı Mətin Oğuzla hazırda Azərbaycandakı səsləndirmə işinin mövcud vəziyyəti və gənclərin bu sahədəki yeri barədə danışdıq.


- Son illərdə yeni medianın inkişafı tələbatın azaldığı print mediasını daha da sıradan çıxartdı. Bu həm televiziya, həm radio, həm də internet mediasının inkişafını sürətləndirdi. Sizcə, yeni medianın inkişafı səsləndirmə sahəsində hansı dəyişikliklərə səbəb olub?

-Yeni media anlayışının ortaya çıxması bütün dünyanı dəyişdi, o cümlədən də səsləndirmə sahəsini. Çünki böyük bir bazar meydana gəldi və bu bazarda avtomatik olaraq iştirak etmək imkanı çoxaldı. Şərtlər daha da sadələşdi və bir çox şirkətlərin, eyni zamanda, internet televiziyaların ortaya çıxması mediaya olan tələbatı artırdı. Tələbat artdığı üçün səsləndirmə işində yaxşı olanlara ehtiyac yarandı. Burada tələb-təklif məsələsini nümunə çəkmək olar. Yeni medianın ortaya çıxması peşəkarların üzə çıxmasını sürətləndirdi. Yeni medianın inkişafı səsləndirmə sahəsindəki kadrların müstəqil imkanlarını genişləndirdi.

- Səsləndirmə sahəsində kadr sayı yetəri qədərdirmi, bu sahəyə daha çox şəxslərin cəlb olunması üçün hansısa təlimlər və ya dərslər təşkil olunurmu?

- Səsləndirmə sahəsində kadr sayı yetəri qədər deyil, eyni zamanda burada başqa problemlər də var. Biz çox vaxt eyni səslərin təkrarlandığını müşahidə edirik. Ya həmin insanların reklamları güclü olur, ya da başqa səbəblər var. Amma burada ciddi bir məsələ var. Artıq dinləyici, ümumi mənada isə auditoriya təkrar səsləri dinləməkdən sıxılır. Hər bir kontentə ona uyğun səslər seçilməlidir. Lakin biz bunun tam əksini görürük. Səsləndirmə işində bu gün populyarlıq ön plandadır. Baxırsan tanınmış simadır, onun səsindən istifadə olunur, amma o səs həmin kontentə uyğun deyil.

Bəli, təlimlər və dərslər təşkil olunur. Belə təlimlərin olması müsbətdir. Amma effektivlik məsələsi bir az sual doğurur. Bu məsələdə effektivliyin hansı səviyyədə olduğunu öyrənmək üçün hesabatlıq da olmalıdır.

Gənclər arasında çox yaxşı səsə sahib istedadlar var. Hətta, populyar olan simalardan daha yaxşı olan və səsini düzgün idarə edən gənclər var. Amma biz onlara yol açıldığını görmürük. Sanki burada hansısa bir şəkildə monopoliya yaradılıb.


- Reklam sahəsindəki səsləndirmə işlərində iştirak etmək üçün kadrın hansı peşəkar keyfiyyətlərə sahib olması şərtdir?

- Bir çox sahələrdə olduğu kimi səsləndirmə işində də bir sıra qaydalar var. Onları bilmək lazımdır. Amma bəzi məqamlar var ki, onlar həmişə qaydalardan asılı olmur. Bu mənim şəxsi fikrimdir. Elə məqamlar var ki, onu kiməsə baxaraq, müşahidə edərək, təkrarlayaraq öyrənmək düzgün deyil. Hansı mətnə hansı yanaşma uyğundursa, bu seçilməlidir. Səsləndirmə işində önəmli olan məsələlərdən biri də öz tərzini qəbul etdirməkdir. Bunu zorla edə bilməzsən, ən uyğun üslubu tapmalısan. Hər şey məşqdən ibarət deyil, hər şeyin vahid qaydası yoxdur. Bunları özün təcrübə edərək öyrənib, daha sonra tətbiq etməlisən.

- Səsləndirmə işləri üçün hansı istiqamətlər üzrə ixtisaslaşmalar mövcuddur?

- Səsləndirmə üzrə bir çox istiqamətlər var. Amma burada əsas istiqamətlərdən bir neçəsi sənədli filmlərin və kommersiya məqsədli reklamların səsləndirilməsidir.

- Beynəlxalq şirkətlərlə səsləndirmə işləri görürsünüzmü, bu işdə frilans olaraq ölkə xaricində fəaliyyət göstərmək üçün nələrə sahib olmaq lazımdır?

- Bunun üçün ən əsas xarici dil və düzgün diksiya şərtdir. Hələ ki, bunun üzərində çalışıram və daha da inkişaf etdirəcəyimə inanıram. Hazırda müasir dövr səsini müxtəlif platformalarda satışa qoymağa imkan yaradır. Sən həqiqətən peşəkarsansa, beynəlxalq platformalarda inkişaf etmək asan olur.


- Bir dinləyici reklam çarxlarındakı mətnlərin səsləndirilməsində daha çox nələri və necə eşitmək istəyər? Ümumiyyətlə, mətnlər və onların səsləndirilməsi ölkəmizdə hansı səviyyədədir?

- Buna ilk cavabım səmimiyyətdir. Səsləndirmə işinin açarı səmimiyyətdir. Əgər, sən o səmimiyyəti ötürə bilirsənsə, həqiqətən də təsir qüvvəsinə malik olursan. Əlavə olaraq özünə inamı da deyə bilərik. Özünə inamlı səs qarşıdakı insanı da inandıra bilir. Xüsusən də reklam sahəsində bu vacibdir. Qızıl ortanı tutdurmalısan. Bir məsələ də var ki, bir insanın etdiyini digəri təkrar edəndə əvvəlkində olduğu kimi işə yaramaya bilər. Buna da xüsusi diqqət edilməlidir. Reklam sahəsində mənim də bəyəndiyim səslər var. Lakin biz bu sahəyə yeni daxil olanların özlərini kimə isə bənzətməyə çalışdıqlarını görürük. Burada həm də özünü tapmaq və formalaşdırmaq məsələsi var. Mən istərdim ki, səsləndirmə işində fərqli səsləri eşidək.

- Bu sahədə hansı ölkələrin təcrübələrindən faydalanılır? Nümunə götürdüyümüz ölkələr varmı?

- Bu elə bir sahədir ki, xaricdəki təcrübəni götürüb, eynisini etmək mümkün deyil. Çünki burada dil faktoru var. Hər bir dilin öz qaydaları var. Ancaq bəzi texnikalar var ki, onlar hər bir yerdə eynidir. İngilis dilli səsləndirmələrdən zövq aldığımı deyə bilərəm. Türkiyə də bu sahədə çox yaxşı şəkildə ixtisaslaşıb. Biz orada çox proffessional kadrların olduğunu görürük. Buraya həm gənclər, həm də illərlə bu işlə məşğul olan ustadları misal çəkə bilərik. Təbii ki, onları da dinləyib nələr isə öyrənmək mümkündür.

- Radionun yeni modeli kimi podkast yayımları deyilən anlayış inkişaf etməkdədir. Yaxın zamanlarda ölkədəki tanınmış supermarketlər şəbəkəsinin podkast yayımı oldu, orada endirimdə olan məhsullar və kampaniyalar barədə məlumat verilmişdi. Sizcə, bu təcrübə uğurludurmu, digər kommersiya qurumlarının eyni ənənəyə sadiq qalması marketinq sahəsində hansı müsbət dəyişiklikləri gətirə bilər?

- Podkast yayımları yeni anlayışdır. Bu yenilik sayəsində təkcə səsləndirmə işi yox, eyni zamanda, şəxslərin səsli formada fikirlərini bölüşdüyü materialların da inkişaf etdiyini müşahidə edirik. Podkast yayımını radionun yeni və sehrli gücü adlandırmaq olar. Səs həmişə insanlara maraqlı olub.

- Səsləndirmə sahəsinə yönəlmək istəyənlərdən hansı istiqamət üzrə təhsil tələb olunur. Eyni zamanda onlar hansı ədəbiyyat barədə məlumatlı olmalıdırlar?

- Səsi yaxşı olan, onu doğru şəkildə idarə edən və özünə inanan şəxslər səsləndirmə işində irəliləyə bilirlər. Düzdür, bu sahədə gənclərə qarşı baxışlar birmənalı deyil. Çünki qəribə bir kompleks var. İnsanlar özlərini digərlərindən üstün göstərməyə çalışırlar. Gənclərin potensiallarını inkişaf etdirmələrinə şərait yaratmaq yerinə, onları axsadırlar. Bunun dəfələrlə şahidi olmuşam. Gənclərin önünü açmaq lazımdır. Universitetlərdə və digər təhsil ocaqlarında müəyyən dərslər keçirilir, amma gənclər inkişaf etmək istəyirlərsə, bunlarla kifayətlənməməlidirlər. Müəyyən elektron mənbələrlə dərs vəsaitləri, materiallar taparaq faydalana bilərlər.

- Son olaraq bir sual da vermək istəyirəm. Həmkarlarınız arasında kimləri işlərində peşəkar kimi görürsünüz? Eyni zamanda bu istiqamət üzrə xarici ölkələrdən daim izlədiyiniz səs aktyorları varsa, kimlərdir və hansı keyfiyyətlərinə görə sizi cəlb edirlər?

-Təbii ki, bu sahə üzrə peşəkar olan simalar var. Mənim xüsusi olaraq bəyəndiyim Vüsal Murtuzəliyevdir. Düşünürəm ki, o səsindən necə istifadə edə biləcəyini yaxşı bilir. Bayaq dediyim duyum məsələsini onda müşahidə etmək mümkündür. Səs aktyorlarından isə Umut Tabakı bəyənirəm. Hətta, mən filmləri izlədikdən sonra həmin obrazlarda onun olduğunu öyrənəndə təəccüblənmişəm. O fərqli-fərqli obrazlarda səsləndirmələr edə bilir.

Söhbətləşdi: Lətif İsmayılov