Türkiyə və Azərbaycanın media əməkdaşlığı - VİDEO

Türkiyə və Azərbaycan qardaşlığı media sahəsində də günü-gündən möhkəmlənir. Vətən müharibəsi və sonrasında da iki ölkənin jurnalistləri arasında həmrəylik daha da genişlənib. “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əsas mövzusu da buna həsr olunub.
““Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Forumu həm “Şuşa ili”nə həsr olunub, həm də eyni zamanda media sahəsində ciddi iş birliyini, birgə arayışları ortaya qoymaq, Türkiyənin məşhur qəzetçiləri, jurnalistlərinin təcrübəsini Azərbaycan mediası ilə paylaşmaq məqsədi daşıyır, - deyə “Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib.

Azərbaycanla Türkiyə mediasının birgə fəaliyyəti və qarşılıqlı dəstəyi bu ölkələrə qarşı xarici qüvvələrin dezinformasiya kampaniyalarının qarşısının alınmasında mühüm rol oynayb. Bu baxımdan əməkdaşlığın digər türkdilli dövlətlərə də sirayət etməsi Türk Şurasına üzv ölkələrin vahid informasiya cəbhəsində birləşməsi zərurətini yaradıb.

Bu barədə danışan “İpək yolu” Strateji Araşdırmaları Mərkəzinin rəhbəri Seyfullah Türksoy bildirib ki, bu anlamda bu forum Türkiyə və Azərbaycan qardaşlıq ruhunun inkişaf etdirilməsi və yaşadılması ilə bağlı gözəl nümunədir.

“Qarabağ müharibəsində də Türkiyə və Azərbaycan qardaşlığı bütün dünyaya olduqca anlamlı bir mesaj verdi. Bu əslində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər türk ölkələrində də diqqət mərkəzində olan və müsbət yöndə öz təsirini göstərən bir məsələdir. Qarşıdakı zamanlarda bu istiqamətdə media infrastrukturunun da yaradılması önəmlidir”, - deyə o qeyd edib.