“Venesiya Komissiyasının “rəyi”siyasi və hüquqi riyakarlıq nümunəsidir”


Elçin Mirzəbəyli:“Venesiya Komissiyasının iddiaları o qədər bəsit və qərəzlidir ki, doğrusu, komissiya üzvlərinin “Media haqqında” qanunu oxuduqlarına şübhə edirəm”

Vasif Həsənli:“Qanunun qəbulundan sonra verilən “rəy” Azərbaycanın mənfi imicinin formalaşdırılması siyasətinin tərkib hissəsidir və illərdir aparılan bu siyasətin arxasında da həmin anti-Azərbaycan şəbəkəsi dayanır”


Ötən gün Avropa Şurası nəzdində Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan “Media haqqında” qanun barədə yekun rəyi açıqlanıb. Sənəddə bildirilir ki, qanundakı bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Venesiya Komissiyası Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanunun tətbiq edilməməli olduğu qənaətində olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi  tərəfindən rəydə qeyd olunan məsələlərlə bağlı rəsmi mövqe yazılı şəkildə Venesiya Komissiyasına təqdim edilmiş və bu arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapmışdır. Qanun layihəsi heç də rəydə qeyd olunduğu kimi “seçilmiş qruplarla” yox, cəmiyyətin müxtəlif seqmentlərindən olan media nümayəndələri və ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunmuşdur.
Keçmiş müvafiq qanundan fərqli olaraq “Media haqqında” Qanun “jurnalist” anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edərək bu fəaliyyətə daha geniş prizmadan yanaşmış, yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində Azərbaycan jurnalistlərinin peşəkar fəaliyyətinin məhdudiyyətlərdən qorunmasına yönəlmişdir.

Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Sherg.az"a açıqlamasında bu rəyin nəinki Azərbaycan qanunvericiliyinə, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq hüquqi-normativ aktlara zidd iddialar toplusundan başqa bir şey olmadığını bildirib:

“Venesiya Komissiyasının Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn, həmçinin əksər Avropa ölkəsində tətbiq olunan məhdudlaşdırıcı halların, hüquqi çərçivə və standartların, lisenziyalaşdırılma ilə bağlı prosedur qaydalarının “Media haqqında” Azərbaycan Respublikası Qanunundan çıxarılması barədə mülahizə yürütməsi ən yaxşı halda siyasi və hüquqi riyakarlıq nümunəsidir.

Belə ki, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur”.

Göründüyü kimi, sözügedən konvensiyada söz, fikir və ifadə azadlığının lisenziyalaşdırma tələbi üçün mane olmadığı bildirilsə də, Venesiya Komissiyası Azərbaycana münasibətdə bunun əksini düşünür və hesab edir ki, bizim ölkəmizdə “platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməlidir”. Niyə? Nə üçün? Səbəbi bilinmir. Çünki əlahəzrət simasız Avropa Şurasının nəzdində Venesiya Komissiyası belə istəyir və təbii ki, başından böyük qələt edir!”

E.Mirzəbəylinin sözlərinə görə, Venesiya Komissiyası, eyni zamanda hesab edir ki, “Media haqqında” qanunda yer alan məzmunla bağlı məhdudiyyətlər Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırılmalıdır:

“Halbuki sözügedən qanunda məzmunla bağlı hüquqi çərçivələr elə Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə uyğun və bəlkə də daha yumşaq şəkildə tərtib olunub. Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndi haqqında yuxarıda söz açdığım üçün təkrarlamağa ehtiyac duymuram. 10-cu maddənin 2-ci bəndində isə bildirilir ki, 1-ci bənddə yer alan “azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.

“Media haqqında” qanunu dəfələrlə oxuduğuma baxmayaraq, Venesiya Komissiyasının təqdim etdiyi əsaslandırılmamış və arqumentləşdirilməmiş müddəalara yenidən nəzər saldım və bir daha əmin oldum ki, sözgedən qanunda Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan məhdudlaşdırıcı hallardan kənar heç nə yoxdur.
Bu baxımdan, maraqlıdır, görəsən Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı yekun rəy hazırlayan ekspertləri istinad etdikləri Konvensiyanı oxuyublar, yaxud elə gözlərini yumub qərəzin kök saldığı qafalarından keçən nə varsa kompüterin yaddaşına köçürüblər? Adını da qoyublar “Yekun rəy”.

Əslində, Venesiya Komissiyasının “Yekun rəy”ində yer alan ilk iddiadan da VK başbilənlərinin “qarın ağrısı”nın nədən ibarət olduğu açıq-aşkar nəzərə çarpır”.

Baş yazar qeyd edib ki, Venesiya Komssiyasının əsas dərdi, “Media haqqında” qanunun 26-cı maddəsidir:

“Yəni “Media subyektinə dair tələblər” və əsasən də bu tələblərin xarici ölkə vətəndaşları ilə bağlı hissəsi.
Venesiya Komissiyası hesab edir ki, “Media haqqında” qanunda yer alan xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair məhdudiyyətlər ləğv edilməlidir. Maraqlıdır, o zaman Venesiya Komissiyası hansı səbəblərdən Rusiyaya məxsus informasiya resurslarının fəaliyyətinə və yayımına qadağaların tətbiq edilməsi ilə bağlı Avropa Komissiyasının, eləcə də Avropa İttifaqına üzv olan ölkələrin hökumətlərinə etirazlarını bildirmir? Avropa Komissiyası, Aİ üzvü olan ölkələr, ABŞ, Kanada və digərləri hansı səbəblərdən öz informasiya təhlükəsizliklərinin qayğısına qalırlarsa, Azərbaycan da həmin səbəblərdən qalır. Bir çox Avropa ölkələrində media resurslarının xaricdən maliyyələşməsinə məhdudiyyətlərin tətbiq edildiyi halda, Azərbaycandan informasiya məkanını xarici agentlərin ayaqları altına döşəməyi tələb etmək, bağışlayın, amma siyasi əxlaqsızlığın nümunəsidir.

Venesiya Komissiyasının iddiaları o qədər bəsit və qərəzlidir ki, doğrusu, komissiya üzvlərinin “Media haqqında” qanunu oxuduqlarına şübhə edirəm. Əgər oxusaydılar, başa düşərdilər ki, qanun çap, onlayn media məhsullarının nəşri, yayılması üçün heç bir məhdudiyyət yaratmır. Bunun üçün daha əvvəllər olduğu üçün müvafiq icra orqanlarının məlumatlandırılması yetərlidir. Media Reyestrinin isə media resursunun qeydiyyata alınması, nəşri, yayımı ilə heç bir əlaqəsi yoxdur.
Bu qədər... Venesiya Komissiyasının “Yekun rəy”i ilə tanış olduqdan sonra gəldiyim yekun qənaət ondan ibarətdir ki, sözügedən komissiyanın ekspertlərinin iddiaları onlara təqdim olunan “donosvari” şikayətlər əsasında yazılıb və qanun üzərində heç bir ekspertiza işi aparılmayıb. “Donosyazanlar” isə narahat olmasınlar. “Qrant”larını bundan öncə hansı üsul və vasitələrlə alırdılarsa, yenə də eyni üsul və vasitələrlə alacaqlar. Kəsəsi, “yorğana” böhtan atmasınlar. Çünki başları da, ayaqları da başqa yerlərdə “isinir”“
 .
Demokrat.az saytının baş redaktoru Vasif Həsənli bildirib ki, hətta bu rəyi oxumadan belə komissiyasının mənfi münasibət sərgilədiyini deyə bilərik:

“Ona görə yox ki, “Media haqqında” qanunda problemlər var. Ona görə ki, Venesiya Komissiyasının rəylərində indiyə qədər Azərbaycanla bağlı heç vaxt kiçik də olsa müsbət qeydlərə yer verilməyib və bu, reallığın qiymətləndirilməsi yox, Azərbaycana qarşı şəbəkələrin sifarişinə əsaslanıb. Komissiyanın rəyinə baxdıqdan sonra da bu fikir dəyişmir.

“Media haqqında” qanunun qəbul olunmasından aylar keçir və Venesiya Komissiyası “rəy”ni indi bildirir. Əgər doğrudan da Komissiyanın məqsədi Azərbaycanda medianın fəaliyyətini tənzimləyən qanunun mükəmməlliyi olsaydı, “iradlarını” vaxtında bildirər və bunun nəzərə alınmasına çalışardı. Qanunun qəbulundan sonra verilən “rəy” Azərbaycanın mənfi imicinin formalaşdırılması siyasətinin tərkib hissəsidir və illərdir aparılan bu siyasətin arxasında da həmin anti-Azərbaycan şəbəkəsi dayanır”.

V.Həsənli deyib ki, komissiyanın “rəy”ində iddia olunan məsələlər “Media haqqında” qanunun qəbul olunmasından öncə ictimai müzakirəyə çıxarılıb və geniş müzakirə nəticəsində ortaq məxrəcə əsasən qanun qəbul olunub:

“Yəni, Komissiyanın “rəyçiləri”nin özlərini xoşbilmiş kimi göstərmək istədikləri aydın görünür.“Media haqqında” qanunun qəbul olunmasından öncə aparılan ictimai müzakirələr uzaq tarix deyil. Cəmi bir neçə ay öncə ölkənin əsas gündəmindən biri bu qanun idi və irəli sürülən iradlar nəzərə alındı, təkliflər qəbul olundu. Nəticə etibarilə, bu qanun ictimai konsensusla qəbul olunub və Venesiya Komissiyasının “rəy”i “arxadan atılan daşın topuğa” dəyməsindən başqa bir şey deyil.
İctimai konsensusla qəbul olunan “Media haqqında” qanunun mütərəqqiliyini təkcə Azərbaycandakı jurnalist-ekspert cameəsi yox, beynəlxalq mütəxəssislər də təsdiqləyirlər. Xüsusilə qanunda medianın fəaliyyətinə və inkişafına şəraitin yaradılmasına hesablanan müddəalar yüksək qiymətləndirilir. 

Bu qanunun qəbulunda məqsəd də məhz Azərbaycan mediasının dünyanın yeni çağırışlarına uyğunlaşması, peşəkar fəaliyyətin stimullaşdırılması kimi mütərəqqi istiqamətlərdir”.
Baş redaktor qeyd edib ki, qanunun qəbulundan öncə Azərbaycanın media cameəsinin rəyinin alındığı kimi, avropalı media ekspertlərinin də rəyi öyrənilib, təklif və iradlar nəzərə alınıb.