"Mətbuat tarixi: Sənədlər, faktlar"  - Akif Aşırlının növbəti kitabı çap olunub


Tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlının növbəti kitabı çap olunub.

"Mətbuat tarixi: Sənədlər, faktlar" adlı yeni kitab müəllifin müxtəlif illərdə qələmə aldığı məqalələr toplusudur. Kitabın elmi redaktoru BDU-nun Jurnalistika fakültəsinin Milli Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğludur.

 Elmi-publisistik üslubda yazılan məqalələr Azərbaycan jurnalistika tarixində tədqiqatdan kənarda qalan nəşrlərin öyrənilməsini əhatə edir. Kitabda "Açıq söz" qəzetinin ilk və son sayları, "Övraqi-nəfisə", "El həyatı" dərgiləri, "Gələcək", "Jurnalist", "Yeni həyat", "Müdafiəi-millət", "Qardaş qayğısı" qəzetləri barədə geniş araşdırmalar oxuculara çatdırılır. Həmçinin, kitabda, Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi və övladı Səffət Zərdabi, indiyədək tədqiq olunmayan dövrün görkəmli publisisti Xəlil İbrahim barədə də geniş tarixi araşdırmalar, sənədlər və faktlar elmi-ictimaiyyətə təqdim edilir".