Professor kanal rəhbərlərinə yol GÖSTƏRDİ:“Debatda üz-üzə oturub problemi çözmək...”

REAL TV-nin rəhbəri Mirşahin Ağayev də bəzi telekanalları, o cümlədən ATV və ARB-ni tənqid edib. O,  özünün "Mir Şahinin vaxtı" verilişində bu telekanalları ictimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərə zərbə vurmaqda günahlandırıb.

“Biz qalib Azərbaycana hələ ki layiq ola bilmirik. Son zamanlar Azərbaycan teleməkanında inkişaf meyilləri var. Təəssüf ki, yerdə qalan bir neçə kanalımız var. Onlar yerdə qalıblar. Ağır da olsa, deməliyəm. Heyif ki, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var. Ona görə də, hörmətli həmkarlar, hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərər, zərbə vurduğunuzun fərqində olun”, - deyə M.Ağayev bildirib.
M.Ağayevin açıqlaması ilə bağlı ATV və ARB telekanalları birgə bəyanat yayıb. Bəyanatda “Səni Axtarıram” və “Bizimləsən” verilişlərindən yığılan vəsaitlərin ədalətlə xərcləndiyi bildirilib.

“Biz keçmişdə telekanallarda, saytlar və sosial şəbəkələrdə əsl məqsədi biznes rəqiblərin gözdən salınması və sıradan çıxarılması olan məlum “media müharibələri” təcrübəsinin yenidən canlandırılması cəhdlərini səmərəsiz hesab edirik”-, bəyanatda qeyd olunub.  

Bununla yanaşı, digər diqqətçəkən məqam ATV-nin baş direktoru Azər Xəlilovun paylaşımı  olub. A. Xəlilov Mirşahin Ağayevin ATV-ni tənqid etməsinə özünün feysbuk səhifəsində cavab verib.

“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu! Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl tekekanal! Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı!

Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir”.

Teleməkanda baş verən bu son hadisələrə münasibət bildirən tanınmış jurnalist, teletənqidçi, BDU-nun professoru Qulu 
Məhərrəmli  “Sherg.az”a açıqlmasında bildirib ki, televiziya kanallarının bir-birləri ilə bu cür açıq çarpışması xoşagələn deyil:

“Problemlər ola bilər. Onları sakit, rahat şəkildə həll etmək mümkündür. Amma bu mübahisələrin müsbət  tərəfi də ondan ibarətdir ki, televiziyalarda gedən proseslər, narahat məqamlar aşkar görünür. Burada tərəf tutmaq çox çətindir. Çünki hər iki tərəf müəyyən arqumentlərlə danışır. Mən arzulayardım ki, bu konflikt tezliklə sona yetsin, televiziyalar əsas işləri ilə - tamaşaçıları məlumatlandırmaqla, maraqlı və keyfiyyətli verilişlər hazırlamaqla məşğul olsunlar.  Tamaşaçıların tələbatına cavab verən, yüksək səviyyəli, reytinqli verilişlərlə ekranlarda görüşək”.

Q.Məhərrəmlinin sözlərinə görə, indiki halda tərəflərdən kimin haqlı, kimin haqsız olduğunu söyləmək çətindir:

“Amma bu vəziyyətdən ən yaxşı çıxış yolu müəyyən debatda üz-üzə oturub bu problemi çözmək və tamaşaçıları da bununla bağlı məlumatlandırmaqdır. Hesab edirəm ki, bütün hallarda televiziyaların ictimai rəyə təsiri var və biz bunu dana bilmərik. Amma gözləntilər daha çoxdur. Bütün televiziya kanalları diqqətlərini həmin gözləntilərin reallaşdırılmasına yönəltməlidir”.