“Rüşvətxorlar jurnalistikada reketçiləri yaradırlar”

Son dövrlər ölkədə “reket jurnalistika”sına qarşı mübarizə güclənib. Reketçiliklə məşğul olan qəzet, sayt, media “outletləri”, ayrı –ayrı şəxslər, hətta QHT-lər ifşa edilir. İnsanlara “reketçilik” anlayışının nə olduğu zəruri olaraq aşılanır və mübarizə yolları göstərilir. Hətta bununla bağlı Baş prokuror Kamran Əliyev kanalların birinə müsahibə də verib. 
O, qeyd edib ki,  “reket jurnalistika”  şərti termindir:

“Burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bu, bəzən jurnalist fəaliyyətindən istifadə etməkdir və ya jurnalistlərin öz fəaliyyətidir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən elə sosial media istifadəçiləri tərəfindən də yol verilir. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmədir. 

Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, tək jurnalistikada deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik və bu kimi faktlarları aşkarlayıb şəxsləri məsuliyyətə cəlb edirik”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna.az” saytının təsisçisi Elçin Şıxlı  da reketçiliyə öz münasibətini bildirib. O, “Sherg.az”a açıqlmasında qeyd edib ki, jurnalist reketçiliklə məşğul olursa, deməli o, jurnalist deyil:

“O, cinayətkardır. Cinayətkarla da Cinayət Məcəlləsinə, yaxud İnzibati Məcəlləyə uyğun şəkildə davranmaq lazımdır. 
Müşahidə etməyə heç bir ehtiyac yoxdur. Yəni, kimsə reketçiliklə məğul olursa, o şəxs jurnalistlər sırasından çıxır. 

Bununla da Kamran Əliyev məşğul olmalıdır.  Əlində dəlil varsa, tutsun və ifşa etsin.
Nə qədər ki, rüşvət alan məmurlar var, onlar hər zaman rüşvət verməyə hazır olacaqlar. 

Çünki özləri rüşvətxordurlar. Bu səbəbdən də üstlərinə gələn adamlara pul verirlər ki, sirləri açılmasın. 
Bir sözlə, bu qarşılıqlı prosesdir. Rüşvətxorlar jurnalistikada reketçiləri yaradırlar. Mənim üstümə kimsə gəlsə, heç kimə pul verəsi deyiləm. 

Çünki mənim korrupsiya ilə bağlı heç bir problemim yoxdur. Korrupsiya ilə problem olanlar rüşvət verməyə hazırdırlar. Ona görə də jurnalistlər və digərləri arasında reketçilər əmələ gəlir”.