Müzakirə mövzusu sosial mediada hökm sürən xaosdur

İnsan münasibətlərinin, birgəyaşayış qaydalarının estetikasını pozmaq olmaz!

  “Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən konfransdan sonra aparılan müzakirələrin mahiyyətindən tamamilə məlumatsız olan bir qrup “klassik” və “yeni” media falçılarının yuxuyozmaları yenə dünyanı başına götürüb”. Bu sözləri “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Baş redaktor bildirib ki, Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən konfransda fərqli baxışlara sahib peşəkar media subyektlərinin təmsilçilərinin iştirakı ilə açıq, səmimi və bütövlükdə söz və ifadə azadlığının qorunmasına xidmət edən, çoxsaylı faydalı təkliflərin səsləndirildiyi müzakirələr aparılıb: 

“Konfransda iştirak edənlər müzakirə olunan məsələlər və səsləndirilən fikirlərlə bağlı məlumatlıdırlar. Hər halda bəzi iştirakçıların gerçəklikdən uzaq mülahizələri, subyektiv qiymətləndirmələri ilə tanış olanadək belə düşünürdüm. Amma görünür, yön və mövqe dəyişməyə alışmış bəziləri bunu həyatlarının və peşə fəaliyyətlərinin bütün istiqamətlərinə elə tətbiq ediblər ki, Məşədi İbad demişkən, bir növ adətkərdə olublar. Hətta ehtiyac duyulmadığı təqdirdə belə, bir neçə saat ərzində bir neçə dəfə "yer" və yön dəyişirlər. Hər halda yaddaşlarında qısaqapanma baş verməyən konfrans iştirakçıları müzakirələrin hansı istiqamətdə getdiyini, hətta Baş Prokurorluq rəsmilərinin sosial mediaya münasibətdə bəzi peşəkar media subyektlərinin rəhbərlərindən dəfələrlə dözümlü bir yanaşma sərgilədiklərini unutmayıblar. Təfərrüatına varmayacağam. Mənə görə, media mənsubu olmaq, heç də "ağzının horrasını" harada və necə gəldi "boşaltmaq" deyil. Son nəticədə hər kəs öz vicdanı qarşısında cavabdehdir. Konfransın təməl qayəsi cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasında peşəkar media subyektlərinin rolunun artırılmasından ibarət olub”.
  E.Mirzəbəyli vurğulayıb ki, sosial mediada hökm sürən xaos barədə fikir mübadiləsi aparılıb: “Beynəlxalq təcrübədən nümunələr gətirilib, ictimai və hüquqi tənzimləmə mexanizmlərinin paralel tətbiqinin mümkünlüyü barədə danışılıb. Durum hər kəsə bəllidir. Ola bilsin, kimlərsə sosial mediada hökm sürən özbaşınalıqdan, təhqir, söyüş, böhtan, qarayaxma və linç kampaniyalarından, hüquqa, əxlaqa, birgəyaşayış qaydalarına və bütün bəşəri dəyərlərə zidd davranışlardan narahat deyil. 

Əksinə, bütün bunları virtual və real həyatlarında yaşamayanda əndişələnirlər. Yaxud vaxtilə özünü mediada peşəkarlığın ölçü vahidləri hesab edənlər, artıq nəinki milli, heç mikrometr də olmadıqlarını başa düşürlər və bununla hesablaşa bilmirlər. Amma sözügedən konfransda aparılan müzakirələrin, bütün bunlara heç bir aidiyyəti yox idi. Ümumiyyətlə, ön və arxa məqsədsiz, yaxına, yaxud uzağa hesablanmış strategiyasız-filansız fikir mübadiləsi aparılırdı. 

Vəssalam! İndi bütün bunlardan kimlərinsə "qarnına ağrı düşübsə", səbəbsiz ağrılarını sosial şəbəkələrin "divar"larında klassik primitivizmin eybəcər nümunələrinə çevirmədən öncə ciddi düşünmələrini tövsiyə edərdim. İnsan münasibətlərinin, birgəyaşayış qaydalarının estetikasını pozmaq olmaz! Bunun alternativi cəmiyyəti ictimai ayaqyoluna çevirməkdir. Və bu məsələdə seçim sizin deyil”.