Azərbaycan mətbuatı kifayət qədər peşəkardır


Seymur Verdizadə: "Çox yaxşı olar ki, ciddi media ilə sosial şəbəkə arasında sərhədlər dəqiq müəyyənləşdirilsin"

  “Mən sözün buxovlanmasının, fikrin, düşüncənin çərçivəyə salınmasının birmənalı əleyhinəyəm”. Bu sözləri “Şərq”ə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. Baş redaktor bildirib ki, Azərbaycan mətbuatı kifayət qədər peşəkardır və əksər jurnalist söz azadlığının sərhədini müəyyənləşdirməyə qadirdir: “Amma sosial şəbəkələrdə bəzi hallarda söz azadlığından sui-istifadə halları olur. 

Bununla bağlı tədbirlər görülə bilər. İstənilən halda görülən tədbirlər jurnalistlərin yaradıcılıq imkanlarının məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Hər halda Baş Prokurorluq öz vəzifəsinin icrası ilə məşğuldur. Qanunlardan irəli gələn tələbləri icra etmək Prokurorluğun vəzifə borcudur. Çox yaxşı olar ki, ciddi media ilə sosial şəbəkə arasında sərhədlər dəqiq müəyyənləşdirilsin. Sosial şəbəkələrdəki neqativ hallar peşəkar mətbuatın ayağına yazılmamalıdır. Sui-istifadə hallarına yol verən bir neçə şəxsin bədnam əməlləri bütövlükdə Azərbaycan mətbuatının müsbət imicinə xələl gətirməməlidir”. 

 S.Verdizadə vurğulayıb ki, hər birimiz jurnalist olmazdan öncə Azərbaycan vətəndaşıyıq: 

“Dövlətimizin, millətimizin maraqları bizim üçün peşə maraqlarından öndə gəlir. Bu mənada jurnalist həmkarlarımız milli maraqları peşə maraqlarına qurban verməməlidir. Peşəkar jurnalistlərin Azərbaycanın dövlət maraqlarını hər zaman üstün tutduğunun şahidi olmuşam. Öz təcrübəmdə də bunu dəfələrlə tətbiq etmişəm. Ölkə mətbuatı kifayət qədər peşəkar fəaliyyət göstərir. Mediamız zəngin inkişaf yolu keçib və xeyli püxtələşib. Milli maraqlarımızla peşə maraqlarını uzlaşdıra bilsək, Azərbaycan mətbuatı üçün heç bir problem yaranmayacaq”.