"Qazaxıstanlı jurnalistlərlə kommunikasiya problemimiz yoxdur"

Azər Həsrət: "Bütün sahələrdə əməkdaşlıq edən iki qardaş dövlət arasında media sahəsində də sıx əlaqələrin olması labüddür"

  Avqustun 24-də Prezident İlham Əliyevlə Qazaxıstan rəhbəri Qasım-Jomart Tokayevin iştirakı ilə iki ölkə arasında 20-yə yaxın mühüm sənədlər imzalanıb. İmza atılan önəmli sənədlərdən biri də Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu olub. Qeyd edək ki, Azərbaycanla Orta Asiyanın türk dövlətləri arasında media sahəsində əməkdaşlıq mütəmadi gündəmə gətirilir. Bu sahədə ciddi problemlərin olduğu və daha sıx əlaqələrə ehtiyac duyulduğu bildirilir. Ekspertlərə görə, müvafiq qurumlar arasında imzalanmış memorandumlar çərçivəsində türk ölkələrinin media və kommunikasiya sahəsindəki əməkdaşlığını inkişaf etdirmək şansları yaranacaq. 
Media eksperti Azər Həsrət “Sherg.az"a açıqlamasında deyib ki, Medianın İnkişafı Agentliyi ilə Qazaxıstanın müvafiq strukturu arasında anlaşma təqdirəlayiqdir. Onun sözlərinə görə, Qazaxıstan ərazisinə, iqtisadi imkanlarına görə Orta Asiyanın ən böyük dövlətidir:









“Qazaxıstan dil və etnik mənsubiyyət baxımından Azərbaycana qardaş ölkədir. Fikir verdinizsə, dövlət başçısı İlham Əliyev Qazaxıstan prezidenti ilə mətbuat önündə çıxış edərkən xüsusi vurğuladı ki, Qazaxıstan müstəqillik dönəmində, xüsusən beynəlxalq platformalarda Azərbaycana lazımi dəstəyi verib. Azərbaycan bundan çox məmnundur. Hər iki ölkə bir-birini kifayət qədər ciddi dövlət kimi görürlər. Şübhəsiz, bütün sahələrdə əməkdaşlıq edən iki qardaş dövlət arasında media sahəsində də sıx əlaqələrin olması labüddür. Məsələnin sevindirici tərəfi odur ki, Azərbaycan-Qazaxıstan jurnalistləri arasında kommunikasiya problemi yoxdur. İstər indiki intensiv münasibətlər dönəmində, istərsə də öncəki dövrlərdə qazax jurnalistlərlə çox yaxından işləmişik. Şəxsən özüm qazaxıstanlı həmkarlarla daim əlaqədə olmuşam. Qazaxıstan mediasında yazılarım çap olunub, biz onların məqalələrini çap etmişik və s. Eyni zamanda ekspert rəyləri də qarşılıqlı dərc edilib”. 
A.Həsrət vurğulayıb ki, təxminən 20 il bundan qabaq tanış olduğu və illərdir dostluq münasibətini qoruyub-saxladığı şəxs - Askar Umarov hazırda Qazaxıstanın informasiya naziridir: “Onun Azərbaycan və digər türk dövlətlərinə münasibəti birmənalıdır. Öz dövlətinə bağlı adamdır. O baxımdan Azərbaycanın Media Agentliyi ilə Qazaxıstanın müvafiq qurumu arasında memorandumun imzalanması çox yerinə düşdü. Media sahəsində əməkdaşlığı mümkün qədər irəli daşımalıyıq. Bir məqamı qeyd edim ki, hazırda Türkiyədə səfir olan Rəşad Məmmədov Qazaxıstanda fəaliyyət göstərərkən Azərbaycan-Qazaxıstan media münasibətləri çox inkişaf etmişdi. İndi də həmin münasibətlər davam etməkdədir. Biz də bu istiqamətdə öz töhfəmizi verəcəyik”.