Kim İdarə Heyətinə düşmək istəyirsə, namizədliyini verə bilər

Mətbuat Şurasının qurultayında kifayət qədər yeniliklər gözlənilir

"Mediamızda qadınlar kəmiyyət baxımından çox olsa da, strukturlarda iştirakla bağlı müəyyən çatışmazlıqlar var. Arzu ediləndir ki, bu dəfə xanım jurnalistlərin də təmsilçiliyi çox olsun"

  Mətbuat Şurasının növbəti qurultayı sentyabrın 24-nə təyin olunub. İdarə Heyətinin iclasında çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Şuranın Nizamnaməsinə əsasən hər dörd ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməli, İdarə Heyəti yenidən seçilməlidir. Bundan başqa MŞ-nin Nəzarət-Təftiş Komissiyasının tərkibi də yenilənməlidir. Prosedur qaydalara müvafiq olaraq ali məclisin düzənlənməsi üçün qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmalıdır: “İndiyədək Azərbaycan jurnalistlərinin yeddi qurultayı keçirilib. 

Axırıncısı 2018-ci ildə baş tutub. Artıq vaxtdır. Bu, sayca səkkizinci ali məclisimiz olacaq. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq deyə bilərəm ki, qurultaya hazırlıq üçün formalaşdırılacaq Təşkilat Komitəsinin üzvləri bir qayda olaraq İdarə Heyətinin üzvlərindən təşkil edilir. Başqa təklif yoxdursa, yenə həmin qaydada olsun. Fikrimcə, birlikdə prosesə effektiv hazırlığı reallaşdıra biləcəyik”. 

Amaşov onu da vurğulayıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının təşkili məqsədilə Mətbuat Şurasına üzv təşkilatlarla müvafiq iş aparılmalıdır. İdarə Heyətinin üzvləri də çıxışlarında Azərbaycan jurnalistlərinin indiyədək keçirilmiş qurultaylarının ölkənin ictimai həyatında mühüm əlamətdar hadisələr kimi yadda qaldığını vurğulayıblar. Onlar bu ənənənin davamlılığı üçün səkkizinci ali məclisə hazırlıq işlərinin də yüksək səviyyədə görülməsinin vacibliyini önə çəkiblər. İclasda həmçinin qurultayın keçirilmə yeri, iştirak qaydası ilə bağlı bir sıra məsələlər müzakirə olunub, yekdil fikrə gəlinib. 

  Mətbuat Şurasının qurultay qərarı ilə bağlı "Şərq"ə danışan MŞ-nin sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, qurultay nizamnaməyə uyğun olaraq dörd ildən bir keçirilir. Budəfəki qurultay da vaxtı çatmış növbəti qurultaydır. Onun sözlərinə görə, qurultayda təşkilati məsələlərə baxılacaq, İdarə Heyətinin üzvlərinin heyəti yenidən seçiləcək: 

"O cümlədən sədr seçkisi keçiriləcək. Mətbuat Şurasının nizamnaməsində və digər sənədlərdə də dəyişiklik olması gözlənilir. Dəyişikliyin səbəbi odur ki, Mətbuat Şurasının fəaliyyətini müasir dövrün tələblərinə, çağırışlarına uyğunlaşdıraq. Sonuncu qurultaydan sonra kifayət qədər vaxt keçib. Dörd il ərzində Azərbaycan mediasında kifayət qədər dəyişiklik və inkişaf olub. Mətbuat Şurası da bu yeniliklərə uyğunlaşdırılacaq. 

Qurultayda kifayət qədər yeniliklər gözlənilir. Mətbuat Şurasının saytında iki anket forması yerləşdirilib. Anketlərin üzv təşkilatların qurultaya nümayəndə verməsi ilə bağlıdır. İkincisi isə insanlar kimi Mətbuat Şurasının İdarə Heyətində görmək istəyirlərsə, onunla bağlı öz təkliflərini verəcəklər.

 Adları həmin siyahıda çıxan şəxslər qurultayda müzakirəyə çıxarılacaq və onların arasından İdarə Heyətinin yeni üzvləri seçiləcəklər. Kim İdarə Heyətinə düşmək istəyirsə, namizədliyini irəli sürə bilər. Təbii ki, qurultayda iştirak səlahiyyəti olan şəxslərdən söhbət gedir. Əlbəttə, əlavə təşəbbüslər də göstərilə bilər. Misal üçün deyirəm, mən namizəd olub-olmayacağımı hələlik müəyyən etməmişəm. Amma ola bilər ki, hansı KİV redaksiyaları mənim namizədliyimi irəli sürə bilərlər. Şübhəsiz, burada yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də ola bilər. Bunların hamısı qurultay iştirakçılarının, KİV subyektlərinin fikirlərindən asılıdır". 

  M.Ələsgərli gənclərin iştirakçılığının da yaxşı hal olduğunu vurğulayıb: 

"Biz də bunu gözləyirik. Hətta gender balansının da təmin olunması yaxşı olar. Mediamızda qadınlar kəmiyyət baxımından çox olsa da, strukturlarda iştirakla bağlı müəyyən çatışmazlıqlar var. Arzu ediləndir ki, bu dəfə xanım jurnalistlərin də təmsilçiliyi çox olsun. Eyni zamanda gənclərin də sayı çoxalsın. Yenə deyirəm, bunlar arzuolunandır və qurultay iştirakçılarının rəyindən asılıdır. Təbii ki, qurultay iştirakçıları kimə rəy verəcəklərsə, onlar da Mətbuat Şurasının İdarə Heyətinə düşəcəklər".