Xəbər bolluğu var: Dövlət çevik informasiya siyasəti aparır

Nə media, nə də sosial şəbəkə istifadəçiləri düşmən tərəfindən ictimai dövriyyəyə buraxılmış yalan xəbərlərə aludə olmamalıdır

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Müasir dövrü özündən əvvəlkilərdən fərqləndirən əsas dəyişikliklərdən biri sosial mediadır. "Facebook", "Twitter", "Youtube", "İnstagram", "TikTok" kimi sosial şəbəkələrin sayəsində yaranmış bu yeni platforma insanların ətrafda baş verənlərdən xəbərtutma vərdişlərində ciddi dəyişikliklər edib. Artıq insanların böyük əksəriyyəti informasiya ehtiyaclarını ictimai rəyə güclü təsir imkanları olan sosial şəbəkələr vasitəsi ilə ödəyir. Bu tip informasiyalardan biri və ən vacibi ordu, müharibə, hərbi əməliyyatlarla bağlı olan xəbərlər, bir çox hallarda isə məxfi informasiyalardır. Şübhəsiz, insanlarda ən çox maraq doğuran məhz bu tip informasiyalardır. Bundan istifadə etməyə çalışan bəzi saytlar və sosial media istifadəçiləri sırf “like” toplamaq və izləyici sayını artırmaq üçün vətəndaşlar arasında əsassız narahatlıq yaradır, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salaraq həqiqətə uyğun olmayan informasiyalar yayırlar. Onlar anlamırlar ki, dezinformasiya çox təhlükəli bir silahdır. Biz bunun fəsadlarını istər Aprel döyüşlərində, istər Tovuz hadisələrində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı görmüşük. Aprel döyüşləri zamanı sosial şəbəkələrdə müharibənin başlaması, çoxlu itki verdiyimiz barədə məlumatlar yayılmağa başlamışdı. Sonra məlum oldu ki, "sosial şəbəkə təhqiqatçıları" bu informasiyaları erməni mətbuatından götürüb. Xəbərlər bir neçə saat ərzində rəsmi şəkildə təkzib olunsa da, artıq cəmiyyət arasında ajiotaja səbəb olmuşdu. Bənzər hallar Tovuz hadisələri zamanı da baş vermişdi.


  Əfsuslar olsun ki, eyni arzuolunmaz halla sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat zamanı da üzləşdik. Dövlət qurumlarının, müvafiq orqanların rəsmi açıqlamalarını gözləməyən sosial şəbəkə istifadəçiləri və bir sıra saytlar "canfəşanlığını" bu dəfə də əsirgəmədi. Anlamaq lazımdır ki, 44 günlük müharibəni zəfərlə başa vurmuş olsaq da, mübarizəmiz, xüsusən Ermənistanla informasiya savaşımız davam etməkdədir. O baxımdan ara-sıra baş verən lokal hərbi əməliyyatlarda, düşmənin təxribat cəhdlərinin qarşısının alınmasında informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. 

  Sosial şəbəkələr bütün dünyada müasir jurnalistikaya ciddi təsir göstərir. Müşahidələr də göstərir ki, sosial şəbəkələrdə yayılan informasiyalar həmin andaca xəbər saytlarında özünə yer tapır. Bəzi bloqerlər, tiktokerlər, vloqerlər həm ucuz İP dalınca qaçmaq, həm də qısa zamanda populyarlıq əldə etmək, səhifələrini məhşurlaşdırmaq məqsədilə dezinformasiyalara əl atırlar. Xəbər paylaşmaq üçün əlində kiçicik imkanı olan özünü “xəbər yayımçısı” elan edir və ağına-bozuna baxmadan cəmiyyətə informasiya ötürür. Dezinformasiyaların paylaşılması əhali arasında təşviş yaradır. İnsanlar yenidən müharibənin başladığını hesab edib, narahatlıq hissi keçirirlər. Çünki savaş, döyüş vətəndaşların həssas yeridir. Ona görə də belə məqamlarda diqqətli olmalı, yalnız rəsmi informasiyalara inanmalıyıq. Bunu nəzərə alan Müdafiə Nazirliyi ötən gün yenidən xəbər saytlarına və sosial şəbəkə istifadəçilərinə müraciət edib: "Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın! Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir". 

Bunun ardınca Baş Prokurorluq da media nümayəndələrinə və sosial media istifadəçilərinə müraciət edib: "Ermənistanın təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları məqsədilə Azərbaycanın Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülür. Media nümayəndələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur". Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası da məsələyə reaksiya verib və dövlət qurumlarının çağırışlarına ciddi yanaşılmasını tövsiyə ediblər. Mətbuat Şurasının yaydığı bəyanatda vurğulanıb ki, Müdafiə Nazirliyi öz növbəsində cəmiyyətin məlumatlandırılmasını kifayət qədər operativ həyata keçirməkdədir: "Qurum Ermənistan KİV-ləri və sosial media seqmenti tərəfindən dövriyyəyə buraxılan dezinformasiyalara dərhal reaksiya verir. Bu, cəmiyyətimizin yanlış  məlumatlandırılmasının qarşısının alınması baxımından son dərəcə mühüm hərəkətlilikdir. Müdafiə Nazirliyi ölkə KİV-lərinə və sosial şəbəkə istifadəçilərinə də müraciət ünvanlayaraq rəsmi mənbələrə istinadın mütləq zəruriliyini diqqətə çatdırıb. İnformasiya bolluğu şəraitində Azərbaycan mediası üçün işləmək də asan olacaq. Hər bir halda ehtiyatı əldən verməmək, düşmənin məkrli planlarına bilməyərəkdən olsa belə alət olmamaq şərtdir. Hesab edirik ki, Azərbaycan jurnalistləri bunu yetərincə ciddi dərk edir. Bir daha həmkarlarımızı həssas davranmağa, yalnız rəsmi mənbələrə istinad etməyə, habelə əldə olunmuş bilgilərin informasiya dəyərini yoxlamağa çağırırıq. Unutmayaq ki, ölkə və xalq üçün müstəsna əhəmiyyət kəsb edən vəziyyətlərdə hər kəsin öz işinə məsuliyyətlə yanaşması ümumi maraqlara ən ali xidmət nümunəsidir". 

  Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli "Şərq"ə deyib ki, 30 il ərzində Ermənistan dövləti, erməni şəbəkəsi eyni hərəkətləri təkrar edir. Yəni davamlı təxribatlara əl atır, ərazilərimizə təcavüz edir, sonra beynəlxalq ictimaiyyətə yalan məlumat verir ki, guya, Azərbaycan "təxribat" törədib:

 "Ermənilər 30 il müddətində həm dünya ictimaiyyətini, həm də erməniləri çaşdıran yalan, uydurma informasiyaları tirajlayıblar. Bu gün də eyni siyasəti davam etdirirlər. Bu, Ermənistanın dövlət siyasətidir və ən yüksək səviyyədə həyata keçirilən təxribat əməlləridir. Məncə, 30 illik təcrübə imkan verir ki, Azərbaycan mətbuatı, eyni zamanda xəbər istehsalçıları ermənilərin bu metodologiyasından məlumatlı olsunlar, təxribatları görsünlər. Bununla paralel olaraq müvafiq dövlət qurumları, Medianın İnkişaf Agentliyi, Mətbuat Şurası, media ekspertləri dəfələrlə xəbərdarlıqlar ediblər. Bəyan edilib ki, rəsmi şəkildə təsdiqini tapmamış informasiyalar tirajlanmasın. Xüsusən, düşmən tərəfindən ictimai dövriyyəyə buraxılmış yalan xəbərlərə aludə olmasınlar. Çünki belə informasiyalar cəmiyyətdə çaşqınlıq və ajiotaj yaradır. Bundan ötrü indiyədək kifayət qədər maarifləndirmə işləri aparılıb. Əgər buna rəğmən, kimlərsə sosial şəbəkələrdə, hansısa media qurumlarında təxribat xarakterli əsassız məlumatları yayırsa, deməli bu, təsadüfi deyil. Belə çıxır ki, kimlərsə qərəzli və məqsədli şəkildə düşmənin maraqlarına xidmət edirlər. Bundan çəkinmək lazımdır".

  M.Ələsgərli qeyd edib ki, Azərbaycanın müvafiq dövlət qurumları və informasiya siyasətinə cavabdeh şəxslər kifayət qədər operativ işləyirlər: 

"Müdafiə Nazirliyi də ictimaiyyətlə əlaqədə intensiv şəkildə işləyir, brifinqlər, mətbuat konfransları keçirir. Məqsəd baş vermiş hadisə barədə informasiya bolluğu yaratmaqdır. Kimsə deyə bilməz ki, informasiya qıtlığı var. Belə bəhanələr artıq əldən çıxıb. Hadisələr haqqında detallı məlumatlar yayılır. Dövlətimiz çevik informasiya siyasəti aparır. Ona görə də hər kəs rəsmi təsdiqini tapmış xəbərləri paylaşmalıdır. İnformasiya dövriyyəsinin monitorinqi aparılır. Bir müddət sonra bunlar təhlil olunacaq və müvafiq ölçülər götürüləcək".