Mətbuat Şurasının İdarə Heyətində yenilik olmalıdır



Aqil Camal: "Bu dəyişiklik onun funksionallığının artmasına da müsbət təsir göstərə bilər"

  "Bütövlükdə Mətbuat Şurasının fəaliyyəti ilə bağlı təzadlı fikirlər səsləndirilsə də, mən ayrıca olaraq Şuranın sədri Əflatun Amaşovun ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirirəm". Bu sözləri "Şərq"ə açıqlamasında “Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal deyib. 

Baş redaktor bildirib ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatın təbəddülatlarla dolu dövrlərində dövlət-mətbuat münasibətlərinin tənzimlənməsində, ziddiyətli tərəflər arasında ünsiyyətin qurulmasında, jurnalistlərin həbsdən çıxmasında, sosial və sağlıq məsələlərinin həllində bacardığı qədər fəaliyyət göstərib: 

"Mətbuat Şurasının tərkibinin yenilənməsi haqda fikirlərə normal yanaşmaq lazımdır. Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, mediada da təbii bir yenilənmə, nəsil dəyişməsi baş verib. Medianın 5-10 il əvvəlki “vitrini” ilə bugünkü mənzərəyə baxanda bunu aydın görmək olur. Ona görə də bu yenilik Mətbuat Şurasının İdarə Heyətində də özünü göstərməlidir. Fikrimcə, Mətbuat Şurasının yenilənməsi onun funksionallığının artmasına da müsbət təsir göstərə bilər". 

  A.Camal vurğulayıb ki, son dövrlər təəssüfedici bir tendensiya müşahidə olunur: 

"Medianın günlük fəaliyyəti, informasiya siyasəti ilə bağlı hüquq-mühafizə orqanlarının xəbərdarlıqlarının sayı artıb. Bu isə istər-istəməz jurnalist yaradıcılığına mənfi təsirini göstərir. Belə deyək ki, jurnalistləri “özünəsenzura”ya məruz qoyur. Hesab edirəm ki, bu kimi məsələlər MEDİA-nın, Mətbuat Şurasının tənzimləməli olduğu məsələlər olmalıdır. Bu baxımdan Mətbuat Şurasının yenilənmiş şəkildə daha effektiv fəaliyyətinə ümid edirəm. Bu prosesə dəstək üçün mənim də İdarə Heyəti üzvlüyünə bir çox media qurumları tərəfindən namizədliyim irəli sürülüb". 

İsmayıl Qocayev