Çətin həyat şəraitində yaşayan uşaqlara dəstək lazımdır


Qarşıda duran əsas vəzifə ailə dəyərlərinin qorunması, ailənin cəmiyyətdə rolunun yüksəldilməsidir

İstər qadınlara qarşı zorakılıq olsun, istərsə uşaqlara, yaxud kişilərə, zorakılığın  dayandırılması üçün əhalinin anlaya və davranışını dəyişə biləcək taktiki üsullar vacibdir

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

  Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi” mövzusunda regional konfrans keçirilib. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə təşkil edilən konfransda zorakılığa məruz qalmış uşaqların hüquq və mənafelərinin qorunması, məişət zorakılığı baş vermiş ailələrdə uşaqların hüquqlarının müdafiəsi, qanunvericilikdə nəzərdə tutulmuş yardım və xidmətlərlə təmin edilməsi, bu sahədə qurumlararası əlaqələndirmənin gücləndirilməsi, zorakılıq törədənlərlə işin təşkili və mövcud boşluqların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov konfransı açaraq bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O qeyd edib ki, ölkəmizdə dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır. Bütün sahələrdə qadınların, qızların və uşaqların hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranıb. N.Bayramov əlavə edib ki, Dövlət Komitəsinin qarşısında duran ən mühüm vəzifələr ailə dəyərlərinin qorunması, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılmasıdır: “Bu isə bir daha möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ailələrə olan diqqət və qayğısının bariz nümunəsidir” deyə o, əlavə edib.
  Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə insan hüquqları sahəsində ən dinamik inkişaf edən istiqamətlərdən birinin məhz uşaq hüquqları olduğunu diqqətə çatdırıb. Bu məsələlərin çox sayda dövlət orqanlarının səlahiyyət dairəsinə daxil olduğunu qeyd edən sədr, komitənin də öz növbəsində bu sahədə fəaliyyəti əlaqələndirən qurum olaraq, qanunvericiliyin təkmilləşdirilməsi, effektiv mexanizmlərin formalaşdırılması, sahə mütəxəssislərinin peşəkarlığının artırılması istiqamətində gördüyü işləri, eyni zamanda uşaq hüquqlarının müxtəlif aspektləri ilə bağlı araşdırma və təhlillər aparıldığını vurğulayıb: “Bunlar uşaqlara qarşı zorakılıq, uşaq nikahları, uşaqlar arasında narkotik və psixotrop maddələrdən istifadə, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektləri, mövcud ailə münasibətləri, uşaqlar arasında internetdən istifadə, küçə həyatına məruz qalan uşaqlar, intiharlar kimi mövzulara həsr edilib”. Dövlət uşaq siyasətinin hüquqi əsaslarından bəhs edən B.Muradova “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın əsas istiqamətlərindən birinin çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial müdafiəsi və reabilitasiyası olduğunu söyləyib. Həyata keçirilən tədbirlərdən, yaradılan reabilitasiya mərkəzləri, sığınacaqlar, qaynar xətt və dəstək xidmətlərindən bəhs edən sədr, mövcud uşaq müdafiə mexanizmlərinin daha təkmil və müasir tələblərə uyğun formalaşdırılması, hər bir uşağın maraq və ehtiyaclarının nəzərə alınması üçün qarşıda yeni çağırışların, vəzifələrin durduğunu bildirib. B.Muradova məsələyə daha operativ və çevik reaksiya vermək üçün qurumlararası əlaqələndirmənin, eləcə də media və ictimai təbəqələrlə işin daha səmərəli təşkilinin, xüsusilə də işğaldan azad olmuş ərazilərdə fəaliyyəti intensivləşdirməyin və bu sahədə sosial-psixoloji xidmət işini təşkil etməyin əhəmiyyətindən danışıb. Ölkəmizdə uşaqların rifahı üçün həyata keçirilən tədbirlərə kölgə sala biləcək boşluqların aradan qaldırılmasında səyləri birləşdirməyi, daha əzmlə çalışmağı arzu edib.
  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, bir çox ölkələrdə olduğu kimi respublikamızda da dövlətin sosial-iqtisadi inkişafının əsas istiqamətini sosial problemlərin həll olunması təşkil edir. Xüsusilə vurğulamaq lazımdır ki, uşaqlarla bağlı icra olunan bir sıra layihələrdə zorakılığa məruz qalan uşaqların problemlərinə həssas yanaşılır, onlara psixoloqlar və sosial işçilər lazımi dəstəyi göstərir". H.Abdullayev baxımsız və kimsəsiz yetkinlik yaşına çatmayanların sosial müdafiəsi istiqamətində nazirlik tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumatları qeyd edib. Cari ildən “Qayğı" Çağrı Mərkəzinin (116 123) fəaliyyətə başladığını diqqətə çatdıran nazir müavini Çağrı Mərkəzi vasitəsilə Agentliyin təqdim etdiyi sosial xidmətlər, o cümlədən məişət zorakılığı halları və çətin həyat şəraitində olan uşaqlarla bağlı, habelə onlayn psixoloji dəstəyin göstərilməsi ilə əlaqədar müraciətlərin cavablandırılmasının təmin olunduğunu bildirib. O əlavə edib ki, sosial rifah dövlətinin qurulması İlham Əliyevin yeni islahatlar kursunun strateji xəttini təşkil edir.
  Elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan addımlar həm maarifləndirici tədbirlərin keçirilməsini, həm tədris proqramlarına müvafiq mövzuların daxil edilməsini, həm də yeniyetmə və gənclərə müvafiq praktiki bacarıqların aşılanmasını əhatə edir. Tədbirin əhəmiyyətini vurğulayan Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev uşaq hüquqlarının müdafiəsi, onların hərtərəfli qayğı ilə əhatə olunması, zorakılığa şərait yaradan halların aradan qaldırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşaq hüquqlarının təmin olunması, onların təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi ilə kompleks tədbirlər həyata keçirildiyini bildirib. Nazirlik tərəfindən uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, zorakılığa və qeyri-insani rəftara məruz qalması, qanunsuz fəaliyyət göstərən icmalara cəlb edilməsinin qarşısının alınması, eləcə də internet təhlükəsizliyi ilə bağlı tədbirlərin daim diqqət mərkəzində saxlandığı diqqətə çatdırılıb. Müzakirələrdə iştirak edənlər uşaqların təhlükəsizliyi və müdafiəsi, məişət zorakılığı ilə mübarizə, bu istiqamətdə qurumlararası koordinasiyanın və operativ əlaqələndirmənin gücləndirilməsi, çevik reaksiya tədbirlərinin görülməsi istiqamətində fikir və təkliflərini səsləndiriblər.
  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında istənilən müzakirənin problemlərin həllinə kömək etdiyini bildirdi: 
- Müzakirələrin aparılması dövlət qurumlarının mövcud problemlərə yanaşmada konstruktiv mövqe tutduğunu göstərir. Bir halda ki, uşaqlara, qadınlara qarşı zorakılıq halları, təəssüf ki, baş verir, deməli, hardasa boşluq var. Problem həllini tapmalıdır. Keçirilən konfransda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vacib bir məsələyə toxundu. Bildirdi ki, çətin həyat şəraitinə düşmüş bəzi qadın və uşaqlar haqqında şəxsi məlumatların mediada yayımlanması xoşagəlməzdir, təəssüf ki, bəzən çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar haqqında şəxsi və eləcə də dəqiq olmayan məlumatlar yayılır. Təbii ki, bəzi hallarda məsələnin dəqiqləşdirilmədən yayılmasına səbəb isə medianın rəsmi məlumat ala bilməməsidir. Ona görə də düşünürəm ki, media ilə birgə işləməklə bu kimi xoşagəlməz halların qarşısını da birlikdə almaq olar. Mən də bu fikirlə razıyam. Fərdi məlumatların yayılması ilk növbədə Azərbaycan ailə dəyərlərinə ziddir. Bu məlumatların yayılmasıyla o insanların həyat şəraiti yüngülləşmir, əksinə, ağırlaşır. Cəmiyyət olaraq çalışmalıyıq ki, çətin həyat şəraitində yaşayan, hansısa ehtiyac üzündən, yaxud bilmədiyimiz hansısa səbəblərdən ailəsindən ayrılan qadınlara, eləcə də uşaqlara dəstək olaq, onların normal yaşayışını təmin edək, ailə dəyərlərinin qorunmasına xidmət edək. Bu, sosial sahədə fəaliyyət göstərən rəsmi qurumların da, vətəndaş cəmiyyəti institutlarının da ümdə vəzifəsi olmalıdır.      
  M.Zeynalova qeyd etdi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan "Labirintdən çıxış 2- Kişilər zorakılığa qarşı!" layihəsinə təşkilatın töhfəsi olaraq mahnı və klip hazırlayıblar. 
- Ümumiyyətlə, istənilən layihəyə yaradıcı yanaşma, onu quru məzmunda saxlamamaq, ona daha çox uğur əlavə etmək bizim ənənəvi bir seçimimizdir. İstənilən layihəni cəmiyyətə daha çox tanıtmaq, daha çox inandırmaq, daha uğurlu düşündürmə mexanizmini seçmək həmişə qarşımızda duran bir vəzifədir. İstər qadınlara qarşı zorakılıq olsun, istərsə uşaqlara, yaxud kişilərə, zorakılığın  dayandırılması üçün əhalinin anlaya və davranışını dəyişə biləcək taktiki üsullar vacibdir. Əlaqədar qurumlar da fəaliyyətlərini həm də bu istiqamətdə qurmalıdır.