9 azərbaycanlı jurnalistə ədalət tələb edirik

Azər Həsrət: "Bir toplu hazırlanmalı və beynəlxalq tədbirlərdə təqdim edilməlidir"

  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalistə görə ədalət tələb edirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son” Beynəlxalq günü münasibətilə "Twitter" hesabındakı paylaşımında bildirilib. “Bu gün “Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son” Beynəlxalq günündə biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalisti xatırlayır və ədalət tələb edirik”, - paylaşımda qeyd olunur.

  Nazirliyin məlum paylaşımının əhəmiyyətli olduğunu vurğulayan Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət “Şərq”ə açıqlamasında bu istiqamətdə ardıcıl iş aparılmasının vacibliyini önə çəkdi: 

- Mən uzun illər beynəlxalq platformalarda çıxışlar etmişəm, sənədlər hazırlayıb göndərmişəm və bu sənədlərin beynəlxalq hesabatlarda yer almasına çalışmışam. Beynəlxalq insan haqları platformalarında çıxışlarım zamanı Qarabağ müharibəsi gedişində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı jurnalistlərin, vəzifələrini icra edərkən öldürüldüyünü faktlara söykənərək bildirmişəm. 

Ermənilər də cəhd edirdilər beynəlxalq təşkilatları aldatsınlar ki, guya, erməni jurnalistləri də Azərbaycan tərəfindən öldürülüb, lakin əllərində heç bir fakt olmadığından buna nail ola bilmədilər. Mənsə faktlarla danışırdım, həlak olmuş jurnalistləri adbaad sadalayırdım. Dəqiqləşdirdim ki, ümumilikdə Qarabağ münaqişəsi və Qarabağ müharibəsi zamanı 11 jurnalist həlak olub. Onlardan 9-u azərbaycanlı, 2-si isə rusiyalıdır. Bu istiqamətdə uzun illər həyəcan təbili çalmışam, Ermənistanın hərbi təcavüzü və işğalı nəticəsində həlak olan jurnalistlərə görə ədalət tələb etmişəm. Amma bu məsələdə dövlət orqanları da fəal olmalıdır. Düzdür,  müəyyən işlər aparılıb, lakin görünür, yetərincə iş görülməyib ki, indiyədək biz həlak olan jurnalistlərlə bağlı beynəlxalq səviyyədə qınamanın şahidi olmuruq. 

  A.Həsrət qeyd etdi ki, həlak olmuş jurnalistlərlə bağlı faktlara söykənən bir toplu hazırlanmalı və beynəlxalq tədbirlərdə təqdim edilməlidir: 

- Dövlət qurumları bu kimi məsələlərdə aktiv olmalıdırlar. Jurnalistlərlə bağlı toplunun hazırlanması çətin məsələ deyil. Hesab edirəm ki, aidiyyətli qurumlar bu məsələyə xüsusi diqqət yetirməlidir. Bu, Ermənistan siyasi hakimiyyətinin müharibə cinayətlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından vacibdir.