Evdar qadınların maddi təminatının yaxşılaşdırılması prioritetdir

Boşanmış və bu problemlə üzləşmə ehtimalı olan qadınlar üçün cəmiyyətdə daha yaxşı şərait yaradılmalıdır

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

  Azərbaycan dövlətinin sosial siyasətində təqaüdçülər, aztəminatlı ailələr, uşaqlar, həmçinin evdar qadınların maddi təminatının yaxşılaşdırılması daim prioritet olaraq qalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli sərəncamının bəndlər üzrə icrasını təmin etmək məqsədilə 2023-cü ilin yanvar ayında Fərman imzaladı. Fərmana uyğun olaraq həssas əhali qruplarının sosial müavinətləri artımla ödəniləcək.

Burada yaşa görə sosial müavinətlər də var, ailə başçısını itirməyə görə, bir yaşınadək uşağı olan aztəminatlı ailələrin sosial müavinətin məbləğinin artırılması da nəzərdə tutulub. Məlumdur ki, yaşa görə sosial müavinət alanlar arasında işsizlər də var. Evdar qadınlar da bu kateqoriyaya aiddir. Hər nə qədər gender bərabərliyinin təmin edilməsinə çalışılsa da, hər bir ölkənin əsrlərlə formalaşmış xüsusiyyətləri də diqqətə alınmalıdır. Azərbaycan qadını ictimai-siyasi həyatın fəal komponenti olsa da, ailə qurduqdan sonra bütünlüklə ailəsiylə məşğul olan, övladlar böyüdüb tərbiyə edən evdar xanımlarımız az deyil. Bu qadınlar hər hansı əmək stajına malik olmadıqlarından yaşa görə hesablanan müavinətin miqdarı da az olur. Ailə başçısını itirmiş, tənha qadınlar bu səbəbdən maddi sıxıntı yaşayırlar. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi və “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyinin Avropa İttifaqı və  BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) dəstəyi ilə icra etdiyi “Azərbaycanda uşaqların və həssas qadınların insan hüquqlarının monitorinqi və müdafiəsi” layihəsi bu problemin həllində beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Layihə ilə bağlı  “Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib. 

Layihə əlaqələndiricisi Zaur İbrahimli görülmüş işlərdən söz açıb. Layihə çərçivəsində qadınlara göstərilmiş hüquqi yardım barədə məlumat verib. “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İB-nin icraçı direktoru İlyas Səfərli “Şəkidə boşanmış qadınların üzləşdikləri çətinliklər” mövzusunda aparılmış mikrotədqiqatın nəticələrini təqdim edib.  Xülasə bundan ibarətdir ki, Azərbaycanda boşanma hələ də çox mübahisəli hesab olunur və cəmiyyətin bir çox üzvləri, xüsusilə də keçmiş ənənə ilə yaşayan və düşünən nəsillər və əsasən də, kənd yerlərində yaşayan insanlar tərəfindən anlayışla qəbul edilmir. Araşdırma boşanmış qadınların cəmiyyətdəki mövqeyinə cinsi həssas bir mövzu baxımından toxunub. Mərkəz  boşanmış qadınlarla bir sıra müsahibələr apararaq araşdırma həyata keçirib, məsələni daha geniş şəkildə anlamaq üçün isə ayrı-ayrı mənbələrdən statistik məlumat toplayıb. Araşdırma boşanma prosesində və sonrakı mərhələlərdə qadınların ümumi çətinlikləri, hüquqi mexanizmlərin mövcudluğu və qadınların qanunlar, eləcə də insan hüquqları haqqında nə dərəcədə yaxşı məlumatlı olduqları haqqındadır. Sosial stigma bütün prosesə necə təsir göstərir və bu çoxşaxəli problemi həll etmək üçün hansı yollar var? Bu gün boşanmış və gələcəkdə bu problemi yaşama potensialı ilə üzləşmə ehtimalı olan qadınlar üçün cəmiyyətdə daha yaxşı şərait yaratmaq, mövcud vəziyyəti dəyişdirmək üçün dəqiq hansı addımlar atıla bilər? Bu baxımdan da, ölkədə gender bərabərliyi məsələlərini həll etmək üçün hərtərəfli araşdırmaların aparılması günümüzün ən aktual məsələlərindən biridir. Azərbaycanda qadınlar rəsmi olaraq tam siyasi, iqtisadi və sosial iştirak hüququna malikdirlər, lakin cəmiyyətdəki, xüsusilə də, kənd yerlərindəki dərin köklü patriarxal münasibətlərə görə reallıq bir az fərqlidir. 

Ailə yüksək dəyərə malikdir, uşaq ailənin ən mühüm elementlərindən biridir, kişilər əsas qərar sahibləri və çörək pulu qazananlardır, qadınlar ana olduqlarına və eləcə də, əgər lazım gələrsə, maliyyə dəstəyini təmin etdiklərinə görə çox hörmət edilirlər. Həmçinin qeyri-rəsmi şəkildə kişi və qadın peşələrinə bölünən sahələrdə də problem var. Kişilər biznes sahəsi, idarəçilik, iqtisadiyyat, tikinti və neft sahəsində, qadınlar isə orta əməkhaqqı çox aşağı olan təhsil, səhiyyə, sosial xidmətlər, istirahət və əyləncə sahələrində çalışırlar. Bu cür bölgü nəhəng gender boşluğu yaradır və kişilərin çalışdığı müxtəlif sahələrdə qadınların ümumi qabiliyyətinin vacibliyini azaldır. Bu ənənəvi rollar qadınların kişilərdən iqtisadi, siyasi və psixoloji asılılığını göstərir.

  Tədbirdə iştirak edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İB-nin İdarə Heyəti üzvü Rəna Səfərəliyeva “Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusunda mövqe sənədini təqdim edib.

 QHT təmsilçiləri, müstəqil ekspertlər, dövlət orqanları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “Balakən rayonunda uşaqların üzləşdikləri zorakılıq halları”  adlı mikrotədqiqatın nəticələri də təqdim edilib. Bildirilib ki, layihənin dəstəyi ilə icra olunan tədqiqat yerli ictimai fəallar tərəfindən aparılıb. “Hüquqi Təhlil və Araşdırmalar” İB-nin sədri Ramil İsgəndərli isə layihə çərçivəsində hazırlanmış  “Uşaqlar üçün həssas ədliyyə yanaşması tətbiqinin inkişaf perspektivləri” adlı mövqe sənədini təqdim edib. Sənəddə yuvenal ədliyyə ilə bağlı Qərb ölkələrinin, Avropanın təcrübəsi ümumiləşmiş şəkildə analiz edilib və milli praktika ilə müqayisə edilib.  Bu sahədə Azərbaycan üçün aktual olan məsələlər vurğulanıb və tövsiyələr verilib. Müzakirələrdə Ədliyyə Nazirliyi, ƏƏSMN, Ombudsman Aparatının, Sosial Tədqiqatlar Mərkəzinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri öz rəylərini bildiriblər və gələcək planlarla bağlı fikirlərini açıqlayıblar. 

  “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İB-nin icraçı direktoru  Əliməmməd Nuriyev isə “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda evdar qadınların sosial müdafiəsi ilə əlaqədar siyasətə yenidən baxılmasına və mütərəqqi xarici təcrübənin tətbiqinə ciddi ehtiyac var: 

- Dəyirmi masada evdar qadınların sosial müdafiəsi və yuvenal ədliyyə ilə bağlı təkliflər təqdim edildi. Bu gün ömrünün məhsuldar dövrünü evdar qadın kimi keçirən, cəmiyyət üçün övladlar böyüdən qadınlar boşandıqda, yaxud fors-major hallar ilə üzləşdikdə sosial cəhətdən bəzən tamamilə müdafiəsiz vəziyyətdə qalır.

 Bir qayda olaraq ailənin mənzili, evi evlilik rəsmiləşənə qədər əldə edilir, yaxud kişinin valideynlərinin sərəncamında olur. Qadın əmlaka iddia edə bilmir, uzun illər evdar qadın kimi fəaliyyəti isə onun əlverişli iş tapmasını çətinləşdirir, pensiyaya çıxdıqda isə yalnız yaşa görə pensiyaya ümid edə bilir. 

 Nikah müqaviləsi bağlanması halları isə çox azdır. Hökumət bu real problemləri nəzərdən keçirməli və çıxış yolları tapmalıdır. Problemin həlli məqsədilə biz hər iki mövqe sənədini və mikrotədqiqatların nəticələrini “Şəfffalıq Azərbaycan”, Azərbaycan Açıq Platformasının saytlarında yerləşdirmişik. 

Bu sənədlər və tədqiqat nəticələri ilə əlaqədar müvafiq dövlət orqanları ilə müzakirələri də davam etdirəcəyik. Məqsəd budur ki, boşanma mərhələsində qadınların hüquqi sistemə çıxışı tam təmin edilsin. İşin və vəziyyətin mürəkkəbliyindən asılı olaraq boşanma qadın üçün emosional və psixoloji baxımdan çox yorucu bir prosesdir. Çalışmaq lazımdır ki, boşanmalar zamanı qadınların sosial təminatı üçün uğurlu nəticə əldə edilsin. Qadının hüquqları pozulmasın və sarsılmasın. 

Çünki qadınlar bu mərhələdə xeyli çətinliklərlə qarşılaşırlar. Bu kimi halların baş verməsinin bir səbəbi də qadınların öz huquqları barədə kifayət qədər məlumatlı olmamasıdır. Bu məsələdə qadınların hüquqi maariflənməsinə ehtiyac var.