Dövlətimiz qeyri-hökumət təşkilatlarının layihələrini dəstəkləyir

Cəsarət Hüseynzadə: “QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsi vətəndaş cəmiyyətinin əsas prioritetlərindəndir” 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

  ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Xarici İşlər Nazirliyinin, ADA Universitetinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsul şəxsləri, QHT rəhbərləri və media mənsubları iştirak ediblər. Əvvəlcə konfransda qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra konfransa açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru A.Əliyeva bildirib ki, Agentlik QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində müxtəlif fəaliyyətlər icra edir və ənənəvi qrant müsabiqələri çərçivəsində, eyni zamanda səfər qrantı müsabiqəsi çərçivəsində QHT-nin beynəlxalq istiqamətdə layihələri dəstəklənir, onların beynəlxalq təşkilatların müxtəlif tədbirlərində iştirakı təmin edilir. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, keçirilən tədbirin Azərbaycan QHT-sinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin dəyərləndirilməsi və gələcək hədəflərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə beynəlxalq çıxışı olan əksər QHT hər zaman milli maraqlarımızın qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi və digər istiqamətlərdə ciddi səylər göstərib, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldiblər. 44 günlük Vətən müharibəsindən sonra yaranmış mövcud reallıqlar QHT-miz qarşısında yeni vəzifələr qoyur. Bu xüsusda Azərbaycan QHT-si beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini daha da təkmilləşdirməli, beynəlxalq platformaların işində yaxından iştirak etməli, müxtəlif sahələrdə müsbət təcrübələrin mübadiləsi və s. təşəbbüslərlə çıxış etməlidirlər. V.Quliyev son illər Azərbaycan QHT-sinin BMT-nin İqtsadi və Sosial Şurasında (ECOSOC), habelə ayrı-ayrı ixtisaslaşmış beynəlxalq şəbəkələrdə QHT-mizin təmsilçiliyindəki keyfiyyət artımını da müsbət dəyərləndirib, davamlılığının qorunub saxlanmasının vacibliyini bildirib. Sonra çıxış edən digər natiqlər - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Yalçın Rəfiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrail İsgəndərov, Günel Səfərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev QHT-nin ixtisaslaşdığı müxtəlif sahələr üzrə (insan hüquqları, təhsil, mədəniyyət, ətraf mühit, sağlamlıq və s.) beynəlxalq təşkilat və QHT ilə, habelə xarici ölkələrin QHT-si ilə əməkdaşlıq qurulmasının perspektivləri (o cümlədən mövcud əməkdaşlıqların gücləndirilməsi, beynəlxalq QHT platformalarında Azərbaycan QHT-sinin təmsilçiliyi və fəallığının təmin olunması və digər mövzulara toxunaraq bugünkü konfransın əhəmiyyətli olacağını bildiriblər. Çıxışlardan sonra konfrans QHT-nin müzakirəsi əsasında davam edib və təkliflər səsləndirilib. 

  Konfrans barədə fikirlərini “Şərq”lə bölüşən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd etdi ki, QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsi bu gün vətəndaş cəmiyyəti ilə bağlı əsas prioritetlərdəndir: 
- Konfransda Xarici İşlər Nazirliyinin, ADA Universitetinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsul şəxsləri, QHT rəhbərləri və media mənsubları iştirak edirdi. Hesab edirəm ki, çox vacib görüş idi və geniş müzakirələr aparıldı. Yerli QHT ilə beynəlxalq QHT sektorunun əməkdaşlığının gücləndirilməsi, əlbəttə, vacibdir. Lakin bu sahədə müsbət nəticələr əldə etmək üçün davamlı fəaliyyət vacibdir. Müvafiq dövlət qurumları da bu ehtiyacları hiss edir. Hesab edirəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi bu konfrans QHT-nin bu istiqamətdə inkişafına dövlətin də maraqlı olduğunu təsdiq edir. Prezident  Administrasiyası, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi digər dövlət qurumları ilə birgə QHT-nin bu sahədə potensialının artırılmasına dəstək vermək niyyətindədirlər. Bu dəstək əsasən təlimlərin təşkili, informasiyaya çıxışın yaxşılaşdırılması  və s. ola bilər. Müzakirələr açıq və konstruktiv keçdi. Hər bir QHT ümummilli məsələdə  dövlətimizin haqq işinə dəstək vermək niyyətindədir. Hesab edirəm ki, güclərin birləşdirilməsi vacibdir. Fikrimcə, QHT-nin beynəlxalq təmsilçiliyinin artırılması üçün ümumilikdə QHT qanunvericiliyinə və xarici maliyyə çıxışına da yenidən baxmaq lazımdır. Əlbəttə, bu siyasətin formalaşmasında dövlətin təhlükəsizliyi  əsasdır. Amma hesab edirəm ki, yumşalma ilə bağlı addım atmaq imkanları mövcuddur. Rəhbəri olduğum təşkilat 2022-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasına üzv olub. Amma etiraf edim ki, təmsilçiliklə bağlı problemlərimiz mövcuddur.  Bu problem digər QHT-də də var. Bu məsələ üzərində də işləmək lazımdır. Hesab edirəm ki, bizim daha yaxşı beynəlxalq təmsilçiliyimiz üçün xarici QHT ilə birgə layihələrin işlənilməsi önəmlidir. Bu layihələr isə beynəlxalq donorlar vasitəsilə maliyyələşir. Bu çıxışın  əldə olunması üçün instutisional inkişaf, bilik və bacarıqların artırılması şərtdir.  Biz elə mühit yaratmalıyıq ki, bacarıqlı inşanlar, xüsusən savadlı gənclər  QHT sektoruna gəlsin. Bu nəticəni təmin edə bilsək, yaxın 5 il ərzində beynəlxalq platformalarda daha güclü təmsil oluna bilərik. Görüşdən müsbət təəssüratla ayrıldıq. Çünki dövlət rəsmiləri təkliflər üzərindən yeni görüşlərin keçiriləcəyini və bu istiqamətdə konkret addımlar atılacağını bildirdilər.