“E-tebib” sisteminin tətbiqinə başlanılır  

İcbari Tibbi Sığorta üzrə vətəndaş məmnunluğu getdikcə artır

“Vətəndaşlar növbələrdə vaxt itirməyəcək, onlayn qaydada müraciət edərək növbə götürə biləcək, təyin olunan vaxtda da müayinə üçün tibb müəssisəsinə gələcəklər”

İctimai və dövlət maraqlarının müdafiəsi

  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "1542" Çağrı mərkəzində media və qeyri-hökumət nümayəndələri üçün "Açıq qapı" günü təşkil edilib. "Açıq qapı" gününün keçirilməsində məqsəd iştirakçıları qurumun Çağrı mərkəzinin fəaliyyəti ilə əyani tanış etmək, zənglərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdır. Ötən ilin sonunda Çağrı mərkəzinin fəaliyyəti müasir tələblərə uyğunlaşdırılıb. Bu sahəyə məsul əməkdaşların sayı artırılıb, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb

Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova bildirib ki, görülən tədbirlər mərkəzə müraciətlərin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılmasına istiqamətlənib: "2022-ci ilin noyabr ayından etibarən "1542" Çağrı mərkəzinin işini tam avtomatlaşdırmağa imkan verən yeni proqram təminatı qurulub. Proqram təminatı müraciətçilərlə əlaqələrin idarəedilməsi, qəbul edilən zənglərin qeydiyyatının, məlumat bazasının, ümumilikdə hesabatlılığın təmin edilməsinə, işin keyfiyyətinin canlı izlənilməsinə imkan verir". N.Ramazanova Çağrı mərkəzinin fəaliyyəti ilə bağlı digər yenilikləri də diqqətə çatdırıb: 

"Noyabr ayından etibarən icbari tibbi sığorta ilə bağlı yeni xətt - göndərişlərin verilməsi xətti (1542-3) istifadəyə verilib. Bu xəttə zəng etməklə vətəndaşlar sığorta çərçivəsində dövlət və özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası ilə bağlı suallarına cavab ala bilərlər. Artıq bu günədək bu mövzuda 3926 müraciət cavablandırılıb. Bundan əlavə, Çağrı mərkəzi Azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Noyabrdan bugünədək rus dilində ümumilikdə 1171 müraciət cavablandırılıb". Agentliyin Çağrı mərkəzində ümumilikdə 42 əməkdaş xidmət göstərir. Yanvar ayına olan göstəriciyə görə, mərkəzə gün ərzində ortalama 814 zəng daxil olub. Müraciət zamanı gözləmə müddəti orta hesabla 22 saniyə, vətəndaşlarla danışıq müddəti isə orta hesabla 1 dəqiqə 09 saniyə olub. 2022-ci il ərzində isə "1542" Çağrı mərkəzinə ümumilikdə 216 252 müraciət daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42 694, əlillik məsələləri ilə bağlı xəttinə 12 489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154 598 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar. Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərirlər. Üstünlüklərdən biri də budur ki, respublikanın istənilən regionundan stasionar və mobil telefonlardan "1542" Çağrı mərkəzini ödənişsiz yığmaq mümkündür. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova isə daha bir yenilik barədə məlumat verib. A.Əhmədova bildirib ki, icbari tibbi sığorta üzrə E-tebib mobil tətbiqi fəaliyyətə başlayır. Bundan sonra E-tebib mobil tətbiqi vasitəsilə tibb müəssisələrində onlayn növbə götürmək mümkün olacaq artıq. O bildirib ki, bu proses tibb müəssisələrində icbari tibbi sığortadan istifadə edənlər üçün növbə prosesinin asanlaşdırılması məqsədi daşıyır: "Bilirsiniz ki, icbari tibbi sığortadan istifadə edənlərin sayı artdığından xəstəxanalarda və digər tibb müəssisələrində növbələr yaranır. Bu problemi həll etmək üçün "e-tebib" tətbiqində tibb müəssisələrində onlayn növbə götürülməsi üçün bölmə yaradılır. Həmin bölmə yaxın vaxtlarda istifadəyə veriləcək və xəstəxanalarda növbə problemi aradan qalxacaq".

  Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında icbari tibbi sığorta imkanlarının genişlənməsinin əhalinin tibbi xidmətlərə əlçatanlığını getdikcə artırdığını bildirdi: 

- Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) yaradıldı.  Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin bir çoxu TƏBİB-in tabeliyinə verildi. 

Məqsəd vətəndaşların səhiyyə xidmətlərinə ödənişsiz əsaslarla əlçatanlığının təmini üçün icbari tibbi sığortanın tətbiqi idi. Bunun üçün də tibb müəssisələrinin fəaliyyətinin icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılmasına, səhiyyədə idarəetmənin təkmilləşdirilməsinə başlanıldı.  

Bilirsiniz ki, icbari tibbi sığorta əvvəlcə bir neçə rayonda pilot layihə olaraq icra edilib, 2021-ci ildən etibarənsə icbari tibbi sığorta bütün ölkəni əhatə edir. Getdikcə daha çox xəstəliklər, müalicələr icbari tibbi sığortanın əhatə etdiyi xəstəliklər siyahısına daxil edilir. Bu barədə bir neçə dəfə Milli Məclisdə də məsələ qaldırılıb, müalicəsi, əməliyyatı böyük vəsait tələb edən xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması vacib sayılıb. Ümid edək ki, yaxın zamanda vətəndaşları narahat edən bu məsələlər də həllini tapar. 

İcbari tibbi sığortadan daha çox vətəndaş istifadə etməyə can atdığından, təbii ki, burada bir sıra problemlər də yaranır. Tibb müəssisəsində çalışdığım üçün əhalinin, xüsusən də müayinə olunmaq üçün uzun növbələrdə dayandığından xəbərdaram. Çox yaxşı haldır ki, bundan sonra E-tebib sistemi tətbiq olunacaq. Vətəndaşlar növbələrdə vaxt itirməyəcək, onlayn qaydada müraciət edərək növbə götürə biləcək, təyin olunan vaxtda da müayinə üçün tibb müəssisəsinə gələcəklər. Bu sistemin tətbiqi vətəndaşları bir xeyli rahatladacaq. 

Səhiyyə xidmətlərinin yüksəlməsinin də daxil olduğu sosial islahat paketləri ilk növbədə vətəndaş məmnunluğunu nəzərdə tutur. İnanıram ki, E-tebib mobil tətbiqindən də vətəndaşlarımız, pasiyentlər razı qalacaq.