Xəzər dənizində suyun həcmi azalıb

Bu, müvəqqəti haldır və ciddi fəsadlar doğurmayacaq

Ekologiya və ətraf mühitin mühafizəsi;

  Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsi son illərdə alimlər tərəfindən ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan bu dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir. Bəzi ekspertlər bunu yağıntıların azlığı, dənizə axan çaylarda suyun qıtlığı ilə əlaqələndirir. Bu problem Xəzərin təkcə Azərbaycana aid hissəsində deyil, bütövlükdə dənizdə müşahidə olunur. Qazaxıstan mediası yazır ki, bu barədə müəssisədən məlumat verilib.

Qeyd edək ki, 2 il öncə Xəzərdə suyun geri çəkilməsi səbəbindən Sumqayıtda elektrik stansiyasının soyutma sistemində problem yaranmışdı və bu qurğu 500 metrədək dənizin içinə doğru yenidən quruldu. Alimlərin sözlərinə görə, iqlim dəyişikliklərinin təsirindən Xəzər dənizinin hövzəsi 9-18 metr aşağı düşəcək. Bu da ilk növbədə su anbarının ekosistemi, eləcə də milyonlarla insanın həyatı üçün geridönməz nəticələrə səbəb olacaq. Alman alimlərinin iki il əvvəl açıqladığı proqnozlara əsasən, iqlim dəyişikliyi səbəbindən qlobal dəniz səviyyəsi daim yüksəlir. Lakin Xəzər dənizinin ətrafındakı ölkələr əks problemlə - suyun səviyyəsinin aşağı düşməsi ilə üzləşirlər. Söhbət ən yaxşı halda Xəzər dənizində 9 metr azalmadan gedir.

 Ən pis halda isə suyun səviyyəsi 18 metr aşağı düşəcək ki, bu da Xəzər dənizinin üçdə bir hissəsinin yoxa çıxmasına səbəb olacaq. Hazırda alimlər tərəfindən əsrin sonunadək Xəzərin səviyyəsinin fəlakətli dərəcədə aşağı düşəcəyi haqda bədbin proqnozlar verilir. Xəzər dənizində suyun qalxıb-enmə məsələsi təbii prosesdir. Səviyyənin artıb-azalması hövzəyə daxil olan və oradan gedən su balansından asılıdır. Daxil olanlar əsasən çayların gətirdiyi sulardır, bir də dəniz səthinə tökülən yağıntılardır. Gedən sular isə buxarlanma nəticəsində yaranır. O da var ki, zəlzələdən sonra dənizə daxil olan yeraltı suların həcmi çoxalır. Bu amillər arasında nisbət dəyişəndə suyun səviyyəsində enmə-qalxma baş verir. Ümumiyyətlə, son 20-30 ildə Xəzərin səviyyəsində enmə müşahidə olunur. Bu prosesin də əsasını qlobal iqlim dəyişmələri nəticəsində Xəzərə tökülən çayların suyunun azalması təşkil edir. 1995-ci ildən bu günə qədər Xəzərin səviyyəsi təxminən 190 santimetr azalıb. Bu prosesin davam edəcəyi proqnozlaşdırılır. Belə ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi dörd min il ərzində dövri xarakter daşıyır. Müşahidələr göstərir ki, təxminən 200-250 il ərzində səviyyə aşağı düşür və bir müddət sonra yenidən yüksəlir. Sonuncu ən yüksək səviyyə 1830-cu illərdə müşahidə olunub. Prosesin 200-250 il uzanacağı təqdirdə dəniz səviyyəsinin bugünkü səviyyəsindən 3 metr aşağı düşə biləcəyi təxmin edilir. Başqa sözlə, təxminən 2050-ci ilə qədər Xəzərin səviyyəsinin düşməsi gözlənilir. Azərbaycanda Xəzər dənizinin səviyyəsi hər gün iki yerdə ölçülür - Neft Daşları və Bakı buxtasında. Nəticələr göstərir ki, Xəzərin səviyyəsində enmələr davam edir. Bu ölçmələr təxminən 1837-ci ildən başlayıb. Hər 35 ildən bir Xəzərin səviyyəsi bir qədər qalxır. Əgər dəniz səviyyəsində sonuncu dəfə artım 1995-ci ildə baş veribsə, deməli, 2032-2033-ci illərdə 0,5 m-ə qədər artım mümkündür. Xəzər dənizinin səviyyəsini tənzimləmək mümkün deyil. Xəzərdə suyun azalması həmçinin bioresursların, xüsusilə dənizin spesifik balıqlarının - kütüm, nərə və s. - azalmasına, kütləvi məhvinə gətirib çıxara bilər. Avropa ilə Asiya qitələri arasında yerləşən Xəzər dünya okeanı ilə birbaşa əlaqəsi olmasa da, böyük ölçülərinə və dib qabığının quruluşunun okean tipinə görə dəniz adlandırılan göldür. Dünyadakı göl sularının 40 faizdən böyük hissəsi Xəzərdə cəmləşib. Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığından Xəzərin səviyyəsi daim tərəddüdlərə məruz qalıb. Son minillikdə Xəzərin ən aşağı səviyyəsi X əsrdə olub ki, həmin zaman onun səviyyəsi okean səviyyəsindən 35 metr aşağı imiş. Ən yuxarı səviyyə isə XIV və XVIII əsrlərdə qeydə alınıb. Sonrakı yüzilliklərdə də Xəzər dənizi səviyyəsinin enmə və qalxma dövrləri olub və əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 metr diapazonunda dəyişib. 
  Alman və holland alimlərin Xəzər dənizində gözlənilən səviyyə dəyişmələri haqda verdikləri proqnozun nə dərəcədə özünü doğruldacağı sual altındadır. Burada dəniz səviyyəsinə təsir edən əsas amil kimi yalnız qlobal istiləşmə götürülür. Hazırda Coğrafiya İnstitutunda İsveçrənin Cenevrə Universiteti ilə birlikdə bu istiqamətdə geniş tədqiqat işləri aparılır və ilkin nəticələrə görə, ən azı 2040-cı ilə qədər Xəzər dənizinin səviyyəsindəki azalma davam edəcək. Proqnozların özünü doğruldub-doğrultmayacağından asılı olmayaraq, dəniz ekosisteminin və biomüxtəlifliyinin qorunub saxlanılması və Xəzər regionunun ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Xəzəryanı ölkələrin üzərinə böyük məsuliyyət düşür. 

  Məsələyə münasibət bildirən ekoloq Xosrov Musayev "Şərq"ə açıqlamasında deyib ki, hələ sovet vaxtında Xəzər dənizinin suyunun çəkilməsi-qabarması ilə bağlı araşdırma üçün bir ermənini gətirmişdilər. Xeyli də vəsait ayırmışdılar. Ancaq bir müddət araşdırma getsə də, axırı bir yerə çıxmadı: 

"Qlobal istiləşmə öz təsirini göstərdiyi üçün Xəzər dənizində suyun həcmi azalıb. Xəzər dənizinə tökülən Volqa çayının da suyu azalıb. Xəzər dənizini qidalandıran çayların da suyu azalıb. Maraqlı orasıdır ki, həm də dənizdə buxarlanma çoxalıb. Yağıntı az düşür və buxarlanma çox olur. Amma Xəzərin suyunun qabarıb-çəkilməsi periodikdir. Yəni bir müddət çəkilmə baş verirsə, müəyyən zaman sonra qabarma olur. Uzun illərdir bu, belədir. Bunu iqlimlə, yağıntının miqdarı ilə əlaqələndirirlər, ayrı səbəb göstərə bilmirlər. Səbəblər məntiqə, ağıla söykənməlidir. Dünyada ciddi qlobal istiləşmə gedir. Bakıda neçə gündür, havanı görürsüz. İndi belə temperatur olmamalıdır axı. Bu hava qış üçün xarakterik deyil. Ona görə də güclü buxarlanma müşahidə olunur. Məsələn, şəhərin girəcəyində dəniz suyunun xeyli çəkildiyi görünür. Əvvəllər Xəzərin suyu yola yaxın idisə, indi xeyli aralanıb. Ancaq yenə deyirəm, bu, müvəqqəti haldır və ciddi fəsadlar doğurmayacaq. Xəzərin suyu bərpa olunacaq. Elə sahil ölkələri var ki, orada okean suyunun qalxması müşahidə olunur. Şimal Buzlu okeanda buzlaqların əriməsi suyun səviyyəsini qaldırıb. Amma Xəzərin çıxışı olmadığı üçün suyu əksinə, azalıb".