Elmi jurnalistika üçün ayrıca fakültəyə ehtiyac yoxdur

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Jurnalistikanın işıqlandırdığı məsələlərdən biri də elmi problemlərdir 

Səhiyyə, idman və başqa sahələrdən yazanlar olduğu kimi, elmdən yazan jurnalistlər də ixtisaslaşmalıdır



  Elm adamları tərəfindən yazılan araşdırma materiallarında çətin anlaşılan terminlərdən geniş istifadə olunur.
  Həmin termin və anlayışları elmi-publisistik məqalə və sənədli filmlərin, xəbərlərin dili ilə ictimaiyyət üçün daha anlaşılan etmək, düzgün informasiya körpüsü yaratmaq isə jurnalistikanın  vəzifəsidir. Hansı ölkələrdə ki jurnalistikanın bu qolu formalaşmayıb, həmin ölkələrdə ənənəvi informasiya kəsiri davamlı bir model kimi qalmaqdadır. Bu da elm adamları və ictimaiyyət arasında açıq dialoqu məhdudlaşdırır və məlumatların birbaşa ünsiyyət prosesinə keçməsinə mane olur.
Buna rəğmən elmi jurnalistikanın inkişafı çox ləngiyib. Dünya miqyasında bu sahədə qəzet və jurnalların sayının da ildən-ilə azaldığı müşahidə olunmaqdadır. 
  Əvvəllər  Azərbaycanda bu sahədə ixtisaslaşan elmi jurnallar çıxardı, qəzet səhifələrində tez-tez elmi məqalələrə rast gəlinərdi. Amma indi müasir informasiya banklarında belə milli məzmunda bu sahəyə aid məlumat əldə etmək müşkül məsələyə çevrilib. Ali təhsil ocaqlarının Jurnalistika fakültələrində bir fənn kimi də tədris olunmayan “elmi jurnalistika” elm və onun populyarlaşması yolunda bəlkə də, ən böyük əngəllərdən biridir.
  Qeyd edək ki, bir müdət əvvəl akademik Akif Əlizadə AMEA-nın Rəyasət heyətinin iclasında bu barədə ölkə ictimaiyyətinə çağırış etmişdi ki, elmi jurnalistika anlayışına sahib çox az insan var. Universitetlərdə elmi jurnalistika ixtisasının yaradılmasına ehtiyac var. O qeyd edib ki, tədrisdə jurnalistika istiqaməti canlanmalıdır.

  Akademikin tələbi əsassız deyil. Elmi jurnalistika Azərbaycanda mövcud deyil, universitetlərdə də tədris olunmur. Ən maraqlı, önəmli, böyük auditoriya toplayan, çox məsuliyyət tələb edən, vaxt aparan, qonorar qazandıran məqalə və ya sənədli filmlər məhz elm əsasında hazırlananlardır. Məsələn, ən böyük auditoriya toplayan dedikdə etiraf etməliyik ki, "National Geographic", "Discovery", "Animal Planet" və digər jurnallar, həmçinin televiziya kanallarında izlədiklərimiz ictimaiyyətin hər təbəqəsinin diqqətini çəkir. Siyasət, iqtisadiyyat, idman, kriminal və şou-biznes mövzularından birini bəyənməyən ola bilər, amma elmi əsaslı təqdimatlar hər kəsin marağını cəlb edir. Yəni müasir cəmiyyətin iki güclü sütunu olan elm və jurnalistika elmi jurnalistikanın əsas dominləridir. Onun obyekti elmdir və sosial mediada elm haqqında ictimai rəyi bərqərar edir. Elm ilə ictimaiyyətin əlaqələnməsində, elmi dünyagörüşün inkişafında model olan elmi jurnalistika alim və jurnalistlər arasında əməkdaşlığı bir normaya çevirir və yeni media sahəsini formalaşdırır. Elm aləmi ilə media arasında rabitə yaradaraq ictimai düşüncədə elmi populyarlaşdırır.
  Ümumi anlamda populyar elm, akademik çalışmaların ictimaiyyət üçün anlaşılan hala gətirilməsinə xidmət edir. Elmi populyarlaşdırmaq əhəmiyyəti daşıyan elmi jurnalistikanın da məqsədi yeni elmi tədqiqatları ictimaiyyətə çatdırmaqdır. O, elmi laboratoriyadan çıxarıb ictimaiyyətə təqdim edir. Elmlə ictimaiyyət ararsında ünsiyyət yaradır, açıq dialoq formalaşdırır. Elmi jurnalistikanın məqsədi elmi ictimaiyyət üçün ətraflı və sadə anladmaq, qəliz informasiya vərdişini aradan qaldırmaqdır. Elmi jurnalistika məhsulu o dərəcədə sadə olmalıdır ki, təkcə elm cəmiyyəti üçün təqdimat xarakteri daşımamalı, elmin və ya kütlənin həqiqətən maraqlarına cavab verməlidir. Sadə baxımdan jurnalistikanın bu sahəsi elmdəki son hadisələri araşdırır və onları ümumi auditoriyaya uzun və ya qısa məqalələr şəklində çatdırır.
 
  Media eksperti, professor Zeynal Məmmədli də "Şərq”ə açıqlamasında elmi jurnalistika sahəsinin çox lazımlı olduğunu deyib. Onun sözlərinə görə, elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir: “Elmi jurnalistika xüsusi sahə deyil. Bu, ixtisaslaşma tələb edir. Bunun üçün ayrıca fakültəyə ehtiyac yoxdu. Jurnalistikanın işıqlandırdığı məsələlərdən biri də elmi problemlərdir. Səhiyyə, idman və başqa sahələrdən yazanlar olduğu kimi, elmdən yazan jurnalistlər də ixtisaslaşmalıdır.
  Xarici ölkələrdə elmi jurnalistika müxtəlif sahələrdən mediaya gələn insanlar vasitəsilə formalaşıb, inkişaf edib. Bir peşənin ən yaxşı bilicisi həmin sahə üzrə təhsil almış, müəyyən müddət məşğul olmuş şəxs ola bilər. Elmi yazılar cəmiyyət üçün maraq kəsb etməlidir, insanlar ondan nəsə öyrənməlidir. Bizdə hələ ki belə bir mühit formalaşmayıb. Bu məsələyə heç vaxt diqqət yetirilməyib. Əslində bu sahə birmənalı olaraq jurnalistlərin missiyası deyil. Elmi populyarlaşdırmaq üçün alim elmi məqalələr yazmaqda, dərgilər, jurnallar nəşr etməkdə maraqlı olmalıdır. Daha doğrusu, bu sahədə alimlərlə ixtisaslaşmış jurnalistlərin işbirliyi çox vacibdir. Dövlət qurumları isə bu şəxslərə dəstək verməlidir.
Bizdə ümumiyyətlə ixtisaslaşma problemi var. Sadəcə elmi deyil, jurnalistikanın digər sahələrində də ixtisaslı kadrlar çox azdır. İqtisadiyyatdan, hərbdən, insan hüquqlarından, konfliktlərdən yazan jurnalistləri hansı universitet hazırlayır? Bu sahədə peşəkarlaşan insanların ixtisaslaşması məhz öz bacarıqlarıdır. Həm də sadəcə müəyyən təlimlərdə, beynəlxalq layihələrdə iştirak etməklə”. A.Əlizadənin dediklərində çox böyük həqiqət payı olduğunu vurğulayan Z.Məmmədli deyib ki, ölkəmiz üçün aktual mövzudur. Amma indiki halda reallaşması sual doğurur. Bu sahənin inkişafı üçün hansı ölkənin təcrübəsi əsas götürüləcək. Cəmiyyətdə tələbat olacaqmı!? Ölkədə print medianın, jurnalların belə durumu ürəkaçan deyil”.
  Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə  isə təəssüflə qeyd edib ki, Azərbaycanda elm adamları mətbuatla əməkdaşlığa bir o qədər də maraq göstərmirlər:  "Bunun müxtəlif səbəbləri var. Əsas səbəb odur ki, dövrü mətbuatda yazılarının çap olunması elm adamlarına heç bir dividend gətirmir. Alimlərimizdən öz əsərlərini elmi jurnallarda çap etdirmək tələb olunur. Buna görə də onlar elmi jurnallarda çap olunmağa can atırlar. Həmin jurnallar isə konkret elm sahəsindən bəhs edir, auditoriyası məhduddur. Nəticədə elm adamları ilə geniş oxucu kütləsi arasında rabitə itir. Bizim ölkəmizdə elm adamlarının bir o qədər də yaxşı tanınmamasının bir səbəbi də onların kütləvi fəaliyyətdən uzaq qalmalarıdır. Bu üzdən biz alimlərimizin yazdıqları dəyərli əsərlərdən bəzən çox gec xəbər tuturuq. Hesab edirəm ki, alimlərimiz, xüsusilə humanitar sahədə çalışan elm adamlarımız mətbuatla əməkdaşlığa daha həssas yanaşmalıdırlar".

  JAM sədri bildirib ki, elm adamlarının mətbuatda az görünməsinin digər səbəbi isə müasir qəzetlərin və xəbər portallarının irihəcmli məqalələrə maraq göstərməməsi ilə bağlıdır:  "Biz informasiya əsrində yaşayırıq. Adından da göründüyü kimi, xəbər portalının vəzifəsi oxucunu operativ informasiya ilə təmin etməkdir. Oxucu saytda 500 səhifəlik monoqrafiya oxumaz. Elmi əsərləri oxumaq istəyənlər kitabxanalara üz tuturlar. Üstəlik, qəzetlərin həmin əsərləri çap eləmək imkanı da yoxdur. Başqa bir səbəb isə KİV-in maddi-texniki bazasının zəif olmasıdır. Hazırda redaksiyaların elm adamlarına qonorar ödəməyə maddi imkanı yoxdur. Qəzet, sayt kommersiya qurumudur. KİV rəhbəri çalışır ki, ona oxucu gətirən materialları yaysın. Elmi məqalələr isə bu kateqoriyaya aid deyil. Yuxarıda da qeyd etdiyim kimi, nəticədə alimlə oxucu arasında rabitə itir. Amma bu, o demək deyil ki, mətbuat, ümumiyyətlə, elm adamlarımızdan yazmır. Biz alimlərimizin elmi nailiyyətlərinin mətbuatda işıqlandırılmasının tez-tez şahidi oluruq".
  Ekspert Azərbaycanda elmi jurnalistikanın mühüm problemlərindən danışaraq bildirib ki, elmi problemlərin arxa planda qalmasının səbəblərindən biri və ən əsası kommersiya faktorunun önə keçməsidir: “Ən ciddi məsələlərdən biri də bazar münasibətləridir ki, bu, elmə də, biliyə də, maarifçiliyə də istər-istəməz zərər yetirir, arxa planda saxlayır”.